Əsas Səhifə > Hadisə, Manşet > Deputat və qardaşına mənzil fırıldağı ittihamı

Deputat və qardaşına mənzil fırıldağı ittihamı


14-12-2015, 09:24
Deputat və qardaşına mənzil fırıldağı ittihamı
Ötən günlərdə deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun Bakıdakı lombardlardan birindən 165 min manat götürərək, indiyə qədər vermədikləri barədə yazmışdıq. Şikayətçi Məlahət Qurbanova JAM.AZ-a bildirmişdi ki, hadisə 2013-cü ildə baş verib və ona dəyəri 300 min manat olan mülk verilsə də, sonradan nə pulunu geri ala bilib, nə də həmin mülkü.

Amma gələn şikayətlərdən belə məlum olur ki, Cəbrayılov qardaşlarının «məharətləri» bununla bitmir. Onların daha bir sahədə «uğurları» varmış. JAM.AZ-a müraciət edən Bakı sakini Osman Hacıyev yazır ki, onun deputat və qardaşı ilə tanışlığı dostu Mirəhməd Abbasov vasitəsi ilə yaranıb. «Mirəhməd Abbasov işlədiyim lombarda gələrək pul götürüb, qaytarmışdı. Bu şəkildə onunla dostluq əlaqəmiz yaranmışdı. Günlərin birində mənə dedi ki, bəs, deputat Rəfael Cəbrayılovla şərikdir və onda ucuz qiymətə mənzillər var. Mən də ona olan etimadımdan dolayı 52 min manat verərək, mənzil aldım».

Şikayətçi bildirir ki, 52 min manat verib aldığı mənzil, Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan «Dərhal» MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşir. «Həmin kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili aldım. 14.09.2012-ci ildə müqavilə bağlanıldı və sənədlər də verildi. Bu yxanlarda eşitdim ki, ortaqların inşa etdiyi binalarda problemlər yaranıb. Hətta onlarla iş görən bir neçə ortaqlarını da aldadıblar».
Məsələdən şübhələnən Osman Hacıyev araşdırmalara başlayıb və əldə etdiyi nəticə onu şoka salıb. JAM.AZ-a verdiyi açıqlamasında vurğulayıb ki, araşdırmaları sonucunda ona satılan mənzilin əvvəlcədən başqasına da satıldığını öyrənib. Hətta həmin adam çıxarış alıb. «Məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etsəm də, hələ də bir nəticə hasil olmayıb. Ona görə də, Prezident Admnstrasiyasına müraciət edib, Fuad Ələsgərovla görüşməyə çalışdım. Cəhdlərim alındı və mənə bildirdilər ki, məsələ ilə Baş Prokurorluq məşğul olacaq. Lakin hələ də heç bir nəticə yoxdur».

Osman Hacıyev dövlət başçısına müraciət edərək, deputat Rəfael Cəbrayılov və qardaşının əməllərinlən zərər çəkdiyini və bu işdə ona yardımçı olmalarını istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt