Əsas Səhifə > Hadisə, Manşet > "Tələbələrin az qala 30 faizi “aylığa” buraxılıb"...

"Tələbələrin az qala 30 faizi “aylığa” buraxılıb"...


10-12-2015, 09:08
"Tələbələrin az qala 30 faizi “aylığa” buraxılıb"...
Qərb bölgəsində adı saxtakarlıqda, qanun pozuntularında ən çox hallanan təhsil müəssisələrindən biri , bəlkə də, elə birincisi Qazax Dövlət Sosial-İqtisad Kollecidir.

Müasir təhsil sistemində nə qədər çatışmazlıqlar, neqativ hallar mövcuddursa, onların hamısına burada rast gəlmək mümkündür. Kollecə uzun illərdir ki, Elşad Quliyev rəhbərlik edir. Bu müddət ərzində onun “fəaliyyəti” ilə bağlı KİV-də dəfələrlə konkret faktlar əsasında yazılar dərc edilib. Lakin ona indiyə qədər “gözün üstə qaşın var” deyən tapılmayıb. Ara-sıra yoxlama məqsədilə gələn səlahiyyətli şəxslər də sonradan sakitcə çəkilib gediblər. Təbii ki, bütün bunlar Elşad Quliyevə havadarlıq edən yüksək vəzifə sahibinin sayəsində mümkün olub.

Kollecdəki real vəziyyət haqqında konkret təəssürat yaratmaq üçün bir neçə məqama diqqət yetirmək yerinə düşər. Hər şeydən əvvəl qeyd edək ki, kollecin maddi –texniki bazası çox bərbad vəziyyətdədir. Məsələ burasındadır ki, bərk və yumşaq inventarların, kompüter avadanlaqlarının alınması, eləcə də təmir-abadlıq işləri üçün ayrılan vəsaitin çox hissəsi direktor tərəfindən mənimsənilib və sənədlərdə şişirdilmiş qiymətlər öz əksini tapıb.

Kollecdə çox sayda “ölü canlar” saxlanılır və onların məvaciblərini Elşad Quliyev bilir ki, kim alır. Tələbələrin az qala 30%-i “aylığa” buraxılıb. Həmin tələbələr imtahanlara və “aylığa” görə, semestr ərzində 700-800 manat pul ödəyirlər. Dərsə gündəlik gəlib-gedənlər isə oxuyub-oxumamalarından asılı olmayaraq, hər semestr 250-300 manat xərcə düşməli olurlar. Adı kollecdə, özləri isə başqa yerlərdə olan müəllim və tələbələrin maaş və təqaüd kartları da özlərində deyil. Elşad Quliyevə baş ucalığı gətirməyən əməllərindən biri də domino, nərd “xəstəsi” olmasıdır. Belə ki, Elşad müəllim günün istənilən vaxtında fürsət tapan kimi özünü kollecin qarşısındakı çayxanaya çatdırır və burada dostları ilə saatlarla domino oynayır. Direktorun bu hərəkətini kollecin bütün müəllim və tələbə kollektivi demək olar ki, hər gün müşahidə edir. Belə olan təqdirdə kollecdə hansı nizam-intizamdan, qarşılıqlı hörmətdən və uğurdan danışmaq olar? Mövzunu davam etdirəcəyik.
Faktinfo.az

Geri qayıt