Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısı ilə nazir arasında «DƏRMANPULU» məsələsi
İcra başçısı ilə nazir arasında «DƏRMANPULU» məsələsi18-11-2015, 09:43 |
İsmayıllı rayonunda məlum olaylardan sonra icra başçısı təyin olunan Mirdaməd Sadıqovun vergilər naziri Fazil Məmmədovun kadrı olması gizli məsələ deyil. JAM.AZ xəbər verir ki, icra başçısı ilə nazir arasındakı münasibətlər də bu səbəbdən fərqli müstəvidə qurulub. Əldə edilən məlumata görə, Fazil Məmmədovun nəzarətində olan rayonlara adətən külli miqdarda pullar ayrılır, abadlıq və quruculuq işləri həyata keçirilir və sair. Məsələn, Şəmkirin faktiki vəziyyəti və yenilikləri çoxdur. Elə Binəqdidə də bir xeyli işlər görülüb. Düzdür, bu zaman əhalidən toplanan pulların da böyük rolu olub. Lakin yenə də əksəriyyət belə düşünür ki, vergilər nazirinin kurasiyasında olan rayonlar digərlərindən xeyli fərqlənir. JAM.AZ xəbər verir ki, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov isə tamam fərqli adamdır. Rayona rəhbər təyin olunandan sonra hamıya «mənəvi ata» kimi müraciət edən Sadıqovun sonradan hansı işlərə qurşandığı isə bir müddət sonra üzə çıxdı. Məlum oldu ki, icra başçısı rayona ayrılmış pulların bir qismini ya təyinatından kənar xərcləyib, ya da heç xərcləməyib. Məsələn, rayonun mərkəzindəki parkın hovuzunun yerinə mərmər daş döşənməli olduğu halda, icra başçısı onu «linenium» plastik örtüklə bəzətdirib. Hərçənd sənədlərdə hovuzun içinin mərmərdən olduğu qeyd edilib. Fazil Məmmədovla münasibətlərə gəldikdə isə Mirdaməd Sadıqovun ona sadiq olmasına kimsənin şübhəsi yoxdur. Amma iki məmur arasındakı münasibətlərin ən ilginc tərəfi olan balaca bir detal var. JAM.AZ-ın əldə etdiyi məlumata görə, İsmayıllının icra başçısı idarə və müəssisələrdən hər ay tələb etdiklərini məhz vergilər naziri Fazil Məmmədov üçün yığdırırmış. İddialara görə, bu yığımın da özəl bir adı var: «DƏRMANPULU». JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Fazil Məmmədov xəstəlikdən əziyyət çəkir və onun mütəmadi müalicə alması lazımdır. Elə bu səbəbdən də müalicə xərcləri və dərmanların alınması bilavasitə Mirdaməd Sadıqova həvalə edilib. Yəni, İsmayıllının icra başçısı hər ay dərman pulu göndərməlidir. Bir başqa ilginc məqam odur ki, Mirdaməd Sadıqov rayonda kimsədən bir manat istəyirsə, bunu mütləq Fazil Məmmədova və onun çatacaq «dərmanpulu»na bağlayır. Elə bu səbəbdəndir ki, rayondakı bütün idarə və müəssisə rəhbərləri ayın bəlli günlərində bir birlərinə zəng edərək, dərmanpulunun hazır olub, olmadığını öyrənirlər. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |