Əsas Səhifə > Hadisə, Manşet > Təhsil Nazirliyindəki “paket maaş”larının gizli qaynağı

Təhsil Nazirliyindəki “paket maaş”larının gizli qaynağı


12-11-2015, 08:55
Təhsil Nazirliyindəki “paket maaş”larının gizli qaynağı
Azərbaycanda son illər əksər iri infrastruktur layihələrinin icrasında qaranlıq məqamlar tenderlərin keçirilməsindən başlanır. Dövlət büdcəsi vəsaitlərinin talan edildiyi ünvanlardan biri icraçı şirkətdirsə, əsas tərəflər sifarişçi dövlət qurumu və Dövlət Satınalmalar Agentliyidir. Çünki büdcə vəsaitləri hesabına reallaşdırılacaq layihələri icra edəcək qaliblər Agentliyin keçirdiyi “açıq tender”lərdə müəyyənləşir.

Düzdür, rəsmi olaraq iddia olunur ki, keçiriləcək tenderlər barədə dövlət qəzetlərində əvvəlcədən elan verilir. Tenderlərdə qalib gələn şirkətlər barədə məlumatları isə təşkilatçıdan almaq olar, çünki Tender Komissiyası müvəqqəti - yalnız tenderin keçirilməsi üçün formalaşdırılır. Qanuna uyğun olaraq əsas meyarlar müəyyənləşdirilir və nəticələr də həmin şərtlərə uyğun dəyərləndirilir. Əgər hansısa tenderin keçirilməsindən narazılıq olarsa, şikayət edə bilərlər. Qurumda bütün şikayətlər araşdırılır.
Amma maraqlıdır ki, indiyə qədər Agentliyin təcrübəsində hansısa tenderin nəticələrinin ləğv edilməsi halı olmayıb. Həmçinin tenderlərdə hansı şirkətlərin hansı təkliflərlə iştirak etdiyi və qərarların hansı meyarlar əsasında verildiyi barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Nəticədə ilkin layihə dəyəri gizli saxlanılan layihələrin qiyməti tenderdən sonra müəmmalı şəkildə artır və digər şübhəli məqamlar ortaya çıxır.
“Unikal”ın əldə etdiyi məlumata görə, son vaxtlar Təhsil Nazirliyi ilə podratçı şirkətlərin əməkdaşlığında da kifayət qədər qaranlıq məqamlar var. Mikayıl Cabbarovun nazir təyin edilməsindən sonra nazirliyin sifarişlərinin icrası ilə bağlı şəffaflıq yaranacağı gözlənilsə də bu, baş verməyib. Əksinə, adıçəkilən qurum hər hansı tender elan edilmədən podratçı şirkətlərə sifariş vermək ənənəsini daha da genişləndirib.
Hazırda Təhsil Nazirliyində geniş yayılan “paket maaş” üsulu da bunu təsdiqləyir. Ehtimal etmək olar ki, nazirliyin mərkəzi aparatında çalışanlara qanuni maaşlarından əlavə gizli ödənişlərin edilməsi məhz podratçı şirkətlərlə tendersiz əməkdaşlığından əldə edilən vəsaitlər hesabına həyata keçirilir.
Bildirildiyinə görə, hazırda nazir müavinlərindən Ceyhun Bayramov maaşının 5, Firudin Qurbanov 20 faizi qədərində zərf üsulu ilə maaş alır. Nazirin müşavirlərindən Seymur İsmayılova 10 min manat, Hüseyn Əliyev və Orxan Nəzirliyə 5 min manat, Fariz Rzayev, Yaqub Piriyev və Camal Qasımova 3 min manat, aparat rəhbəri Mətin Eynullayevə isə 10 min manat zərf üsulu ilə maaş ödənilir.
Nazirliyin şöbə müdirlərinin “paket maaşı” isə aşağıdakı kimi tənzimlənib:

Fərzəli Qədirov - 3 min manat,
Faiq Şahbazlı - 3 min manat,
Rauf Orucov - 3 min manat,
İsmayıl Sadıqov - 3 min manat,
Samir Vəliyev - 3 min manat,
Elnur Əliyev - 5 min manat,
Sübhi Kazımov - 3 min manat,
Gültəkin Hüseynova - 2 min manat.

Bu qədər vəsaitin qaynağı əlbəttə, maraq doğurmaya bilməz. Ağla gələn isə ilk növbədə Təhsil Nazirliyinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərindən kənara çıxaraq podratçı şirkətlərlə işbirliyidir. Nazirliyin sifarişlərini dərindən təftiş etdikdə bir çox işlərin məhz tenderdən kənar yollarla görüldüyü ortaya çıxacaqdır.
Podratçı şirkətlərlə belə işbirliyi isə kifayət qədər ciddi gəlir mənbəyi deməkdir. Bu zaman iş icraçısı olan tərəfə ödəniləcək məbləğin önəmli hissəsini əvvəlcədən “şapka” kimi almaqdan tutmuş görüləcək işin maya dəyərini şişirtməyədək çoxsaylı maxinasiyalara yol vermək asanlaşır. Həmçinin sifariş edilən işin keyfiyyətlə görülməsi də ciddi şübhə altına düşür.
Qeyd edək ki, Azərbaycanda dərsliklərin səviyyəsi ilə bağlı mübahisə və müzakirələrin kökündə duran amillərdən biri kimi də məhz dərslik tenderlərinin şəffaflığı yönündə şübhələr dayanır. Mikayıl Cabbarov nazir təyin edildikdən sonra Misir Mərdanovun zamanından qalan bu problemin həlli yönündə ciddi addım atılacağı gözlənilsə də, bu baş verməyib. Əksinə, dərslik sifarişlərinin icrasındakı müəmmalı məqamlar ortaya çıxarılan dərsliklərlə bağlı daha ciddi səhvlərin yaranmasına səbəb olub.
Əldə etdiymiz məlumata görə, nazirliyin rayon şöbələrində də sifarişlərin icrası ilə bağlı kifayət qədər qaranlıq məqamlar var. Araşdırmalar bütün ölkə üzrə yerli təhsil şöbələrinin əsasən bir neçə podratçı şirkətlə əməkdaşlıq etdiyini göstərir ki, bu da suallar yaradır. Bu məsələnin də Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində həyata keçirildiyi deyilir.
Bir sözlə, Mikayıl Cabbarovun nazir təyinatından sonra Təhsil Nazirliyində şəffaflıq məsələsində nəinki müsbət irəliləyiş yaranıb, əksinə, müəmmalı məqamlar daha da çoxalıb.

Geri qayıt