Əsas Səhifə > Hadisə, Manşet > Eldar Mahmudovun ilk hədəflərindən biri o olmuşdu...
Eldar Mahmudovun ilk hədəflərindən biri o olmuşdu...3-11-2015, 09:17 |
Milli Təhlükəsizlik Nazirliyində (MTN) kök salan cinayətkar dəstə ilə bağlı hər gün yeni faktlar ortaya çıxır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib. Bundan sonra prezidentin nəzarəti ilə bu nazirlikdə əməliyyat keçirilib, nazirliyin yüksək çinli əməkdaşları saxlanılıb. Onlar sahibkarları incitməkdə, ölkədə kiçik biznesin inkişafına mane törətməkdə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Hazırda MTN-nin 15 əməkdaşı həbs edilib, qeyri rəsmi məlumatlara görə, həbslər davam edəcək. Həbs edilənlər arasında yüksək çinli generallarda var. Bir neçə general isə tutduğu vəzifədən azad olunub. Yeri gəlmişkən, qeyd edək ki, həbs edilənlərin bəzilər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunu pozmaqda təqsirli bilinir. MTN ətrafında bu hadisələr baş verəndə mediada cinayətkar dəstənin Azərbaycanın ali hakimiyyət orqanlarının telefon danışıqlarına qeyri qanunu qulaq asması haqqında məlumatlarda dövriyəyə buraxılmışdı. Daha dəqiq desək bu cinayətkar qrupun iş adamlarından tutmuş yüksək çinli məmurlara qədər, hətta ölkə rəhbərliyinin telefon danışıqlarına qulaq asması kimi iddialar ortaya atılmışdı. Təbii ki, bütün ittihamlara məhkəmə prosesində aydınlıq gətiriləcək. Amma dövlətin bel sütunu, qulağı və gözü hesab olunan MTN-də baş verən bu olaylar bizə bir neçə il əvvəl baş verən olayı xatırladır. MTN-nin 2007-ci ildə AZAL-a özünə yaxın şəxsləri yerləşdirib Söhbət bir neçə il əvvəl, daha dəqiq desək 2007-ci ilin 6 sentyabrında həbs edilən “Azərbaycan Hava Yolları” (AzAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov və daha 4 nəfərin həbsindən gedir. Həmin dövrdə Emin Süleymanovla yanaşı idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə, idarənin mühəndis-proqramçısı Faiq Quliyev və MTN-nin əməkdaşı, Rafət Əliyevin həbs edilib. E. Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma), T. Mikayılova qarşı CM-in 228.1-ci, 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), T. Əsədzadəyə qarşı CM-in 228.1, 302.2 və 308.1-ci, F. Quliyev və R. Əliyevə qarşı isə CM-in 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 341.2.2-ci (eyni əməllər silah tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Emin Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib. Onunla birlikdə həbs edilən şəxslər isə 3-5 il müddətində həbsə göndərilib. E. Süleymanovun anası Zərifə Süleymanova hələ 2007-ci ildə mətbuata açıqlaması zamanı bəyan edirdi ki, oğluna MTN-də ciddi işgəncə verilib. Ondan saxta ittihamları boynuna almaq istənilib, əks təqdirdə isə bir neçə ay yaşayacağı deyilib. Hazırda isə Süleymanov və daha bir neçə şəxs sərt rejimli cəzaçəkmə müəssisələrində layiq olmadığı “cəzalarını” çəkirlər. Namiq Abbasov Emil Süleymanovun təcrübəsini nəzərə alaraq yaşıl işıq yandırıb Qeyd edək ki, Emil Süleyman məsələsinin indi gündəmə gəlməsi təsadüfi deyil. Çünki hələ bu şəxsin həbsindən bir neçə ay sonra ona məhz MTN tərəfindən “torba” tikilərək həbsə göndərildiyi haqqında söz-söhbət yayılmağa başlamışdı. Qeyd edək ki, E. Süleymanov əslən Ordubadın Dırnıs kəndindəndir. Sonralar atası işlə əlaqədar Bakıya gəlib və beləliklə Süleymanovlar ailəsi paytaxtda məskunlaşıb. Emin Süleymanov isə Prezident yanında Xüsusi İdarədə çalışıb. 1993-cü ildə Heydər Əliyev iqtidarına qarşı təşkil edilən çevrilişlərə qarşı aktiv fəaliyyət ortaya qoyan Süleymanov az sonra Xüsusi İdarədə şöbə rəisi vəzifəsinə irəli çəkilib. Bu idarə MTN-nin tərkibinə verildikdən bir müddət sonra E.Süleymanov təqaüdə göndərilib. Bundan sonra Süleymanov biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib, hətta bir dəfə ölkədən xaricə getmək istəyərkən bəlli olub ki, onun ölkəni tərk etməsinə stop qoyulub. Bunu bildikdən sonra o zamankı MTN şefi Namiq Abbasovla əlaqə saxlayıb, az sonra ona qoyulan stop aradan qaldırılıb. Təbii ki, təcrübəli çekist kimi ad çıxaran Namiq Abbasovun belə bir qərar verməsi də, təsadüfi olmayıb. O, Süleymanovun təcrübəli mütəxəssis olduğunu, ölkəyə heç zaman ziyan vurmayacağını nəzərə alaraq bu qərarı verdiyi şübhə doğurmur. Əks təqdirdə Süleymanova kiçik və lazımsız vəzifə iş təklif etməklə onu nəzarətində saxlamaq qərarına da gələ bilərdi... MTN-dəki cinayətkar qrupa baş əyməyən şəxslər Aviasiya Təhlükəsizliyi İdarəsindəki işlərini itirib Həmin ildə Emil Süleymanov bizneslə məşğul olmaq qərarını dəyişib. Buna səbəb isə ona yeni iş təklifi olub. 2004-cü ilin martında Süleymanov “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi təyin edilib. Bundan sonra Aviasiya Təhlükəsizliyi İdarəsində ciddi islahatlar həyata keçirilib, bu qurumun əməkdaşlarının rüşvət alması hallarının qarşısı kəsilib. 2004-2007-ci illərdə bu xidmətin istənilən əməkdaşlı rüşvət alan anda ərizə yazaraq işdən çıxarılıb. Həmin dövrdə işdən çıxarılanların ərizəsi ilə tanışlıq bu fikirlərin nə dərəcədə doğru olduğunu ortaya qoya bilər. Süleymanov xidməti saat mexanizmi kimi qurub, bu zaman H. Əliyev adına hava limanına daxil olan hər bir vətəndaş ciddi yoxlamadan keçirilib. Bu isə müəyyən söz-söhbətlərə əsas yaradıb. Həmin zaman MTN-nin aeroportda çalışan əməkdaşlarının, hətta rəisinin belə yoxlanmadan sonra içəri buraxılması bu qurumda ciddi narazılıq yaradıb. Məhz bundan sonra MTN-lə Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi arasında problemlər yaranmağa başlayıb. Lakin Süleymanov bu mövqeyindən geri çəkilməyib. Normalda hava limanında Azərbaycan prezidenti və onun ailə üzvləri, baş nazir və ailə üzvləri, Milli Məclisin sədri və ailə üzvləri hər hansı yoxlanışdan keçməyərək təyyarəyə əyləşə bilər. Süleymanovda bunu əsas götürərək hər kəsin yoxlanmasını, təlimatlara ciddi əməl olunmasını istəyib. Bu isə şübhəsiz ki, MTN kimi bir qurumun narahatlığına səbəb olub. Məhz Süleymanovun dövründə bu qurum kənardan Aviasiya Təhlükəsizliyi İdarəsinə nəzarət edib, lakin onun təşkil etdiyi yoxlama əməliyyatlarının heç biri baş tutmayıb. Yəni kimsə aeroporta partlayıcı və ya alışqan maddə, eləcədə narkotik daxil edə bilməyib. Bu da, şübhəsiz ki, AZAL-da Süleymanovun nüfuzunun artmasına səbəb olub. AZAL prezidenti C. Əsgərovda bu durumdan razı qalıb və dəfələrlə Süleymanova təşəkkür edərək onun arxasında durduğunu bildirib. Lakin 2007-ci ilin sentyabrın 6-da Süleymanov həbs edilib. Ona insan alverinə şərait yaratmaq ittihamı verilsə də, bunun qeyri ciddi olduğunu ittihamı hazırlayan nazirlik dərhal anlayıb. Və sonra Süleymanov Azərbaycan rəhbərliyini dinləmə kimi saxta bir “iddia” ilə həbs edilib, dövlətə xəyanətdə təqsirli bilinib. Onun həbsindən sonra Aviasiya Təhlükəsizliyi İdarəsində bir sıra kadr dəyişiklikləri baş verib, işini bilən mütəxəssislər yeni şəxslərlə əvəzlənib. Pulları ölkədən çıxarmaq üçün ləyaqətli şəxslər həbsə göndərilib MTN-dəki cinayətkar qrup Süleymanovu Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsindən götürməsi, ona saxta ittihamlar düzəltməsi və nəhayətdə həbsə göndərməyə nail olmasının xüsusi məqsədlə edib. Hazırda mediada bu qrupun ölkədən küllü miqdarda pul çıxardığına dair məlumatlar yayılır. Şübhəsiz ki, bu maliyyənin bir hissəsi də, məhz hava limanı vasitəsi ilə ölkədən çıxarılıb. Müşahidələr və faktların təhlili göstərir ki, Süleymanovun Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi olduğu müddətdə cinayətkar qrup imkanlarını reallaşdıra və hava limanı vasitəsi ilə xaricə pul çıxara bilməyəcəyini dəqiqləşdirib. Məhz bu səbəbdən də, idarə rəisini “ilişdirib”. Onunla yanaşı bir neçə şəxsdə “gedər-gəlməzə” göndərilib. Bundan sonra isə hava limanı müəyyən qədər bu cinayətkar qrupun nəzarətinə keçib, bu zaman qanunsuz yollarla əldə olunan vəsaitlərin xaricə çıxarılması da problem olmayıb. İndi ortaya çıxan bəzi məlumatlarda dediklərimizin nə dərəcədə doğru olduğunu ortaya qoyur. 8 il sonra Aviasiya Təhlükəsizlik Xidməti MTN əməkdaşlarından təmizlənir Dünən yayılan məlumata görə, Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin 40-a yaxın əməkdaşı işdən çıxarılıb. Xidmətdən verilən məlumata görə, çıxarılanlardan 9 nəfəri rəislərdir (növbə və şöbə rəisləri). Məlumata görə, Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Rasim Hüseynov əməkdaşlara Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov tərəfindən çağırıldıqlarını bildirib. E. Orucov isə yanına gələn əməkdaşlara işdən çıxmaları ilə bağlı ərizə yazmalarını tapşırıb. Səbəbini soruşan işçilərə isə əlavə izahat verilməyib. 30 əməkdaşdan məcburi şəkildə işdən azad olunmaları ilə bağlı ərizə alınıb və onların hava limanındakı işinə xitam verilib. Daha sonra isə 10 əməkdaş da eyni yolla işdən uzaqlaşdırılıb. Məlumata görə, əməkdaşların işdən çıxarılmasına səbəb Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olmasıdır. Daxil olan məlumatda bildirilir ki, işdən çıxarılanlardan bəzilərinin həqiqətən də MTN-lə əlaqəsi olub: “Lakin onların sayı 8-9 olardı, ya olmazdı. Qalanları 400 manata işləyən uşaqlar idi. MTN-lə heç bir əlaqəsi olmayan uşaqları da o birilərə görə işdən çıxardılar. Hələ də işdən çıxarmağa davam edirlər. Hava limanında 4 növbə təhlükəsizlik xidməti var. Hər növbədə də 140 işçi. Belə getsə hələ nə qədər əməkdaşı “MTN işi” nə görə çıxaracaqlar”. Cinayətkar qrupun həbsə atdığı şəxslər azad olunacaqmı? Sabiq MTN şefi Eldar Mahmudovun həbs etdirdiyi Emil Süleymanov və aylıq 300-400 manat əmək haqqına işləyən şəxslər guya prezidenti dinləyirmiş, hava limanında prezidentin əyləşdiyi otağa “jıçok” yerləşdiribmiş və hətta danışıqları sonradan Rusiya kəşfiyyatına “göndərirmiş”. Bu saxta işin üzərindən 8 il sonra Eldar Mahmudovun özünün prezidentə xəyanət etdiyi, ona etimad edilən böyük bir vəzifəni şəxsi məqsədləri üçün istifadə etdiyi bəlli olur. Hətta qeyri rəsmi iddialara görə, sabiq nazir dövlət başçısının, onun ailə üzvlərinin və ali hakimiyyət orqanlarında təmsil olunan yüksək ranqlı məmurların danışıqlarına qulaq asmaq kimi axmaq bir işlə məşğul imiş. Emil Süleymanovu isə əməkdaşları peşəkar xüsusi xidmət orqanının əməkdaşı, öz işçilərindən nizam-intizam tələb edən rəis kimi xatırlayır. Şübhəsiz ki, cinayətkar qrupun 8 il əvvəl Azərbaycanın ən peşəkar çekistinə tikdiyi saxta qurama işinin bu yaxınlarda açılacağı, daha bir cinayətin ortaya çıxacağına, suların bir qədər də durulacağına ümidlər hələdə qalır...\\GundemXeber\\ Geri qayıt |