Əsas Səhifə > Hadisə, Manşet > Gəncə səhiyyəsində qəssablar həkim cildində zühur edib...
Gəncə səhiyyəsində qəssablar həkim cildində zühur edib...27-10-2015, 09:31 |
Azərbaycan səhiyyəsində yaşanan problemlər, bəlkə də digər sahələrdə yaşanmır desək, yəqin ki, yanılmarıq. Belə bir səbəblər üzündəndir ki, bu gün tam əksəriyyət üz-üzə qaldığı problemlərin varlığından, daha çox vaxtı ötmüş dərman preparatlarının apteklərdə satışından, xəstələrə qoyulan diaqnozların qeyri müəyyənliyindən, resept oxumağı bacara bilməyən tibb bacılarının varlığından, rüşvət almadan əməliyyat etmək istəyi olmayan həkimlərimizin əməllərindən və.s, kimi olayların tüğyan etməsindən gileylənirlər. Sözün həqiqi mənasında sadaladıqlarımız, bu gün Azərbaycan səhiyyəsində yaşanan problemlərin görünən tərəfləridir. Bir neçə gün bundan əvvəl Gəncə şəhəri B.Sərdarov küçəsi ev-41 ünvanında yaşayan Rüstəmova Rəhilə Əmrah qızı, “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsində yazır ki, 09 sentyabr 2015-ci il tarixdə qızım Əhmədova Şəlalə Rasim qızı, ailələrində baş verən münaqişə zənində ağır yanıq xəsarəti alır. Baş verən hadisədən sonra, dərhal onu təcili tibbi yardımla Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Xəstəxanada ilk tibbi yardım göstərən və qızımı müalicə edən Məharət həkim bildirdi ki, “gedin lazımi iynə və dərman preparatlarını alıb gətirin”. Həkimin bu cür yanaşmasından sonra, imkanımız nəyə çatdısa, o həddə qədər də iynə və dərman aldıq. Qızım Şəlalə bu minvalla beş gün həmin xəstəxananın 2-ci palatasında müalicə alsa da, sonrakı günlər biz onu xəstəxanadan çıxartmağa məcbur olduq. Buna səbəb, sonrakı günlərdə Məharət həkimin qızımın müalicəsi ilə məşğul olmaması oldu. Elə ki, bəslənilən belə bir münasibətlə bağlı onunla mübahisə etdim və bildirdim ki, övladım dövlətin xəstəxanasında niyə müalicə olunmamalıdır? Axı, övladım ölür, bir insafınız olsun dedikdə, Məharət həkimin cavabı o oldu ki, “500 manat ver, övladını necə lazımdır, elə də müalicə edim” dedi. Ona bir daha çatdırdım ki, həkim mən imkansız ailəyəm, heç çörək almağa pulumuz da yoxdur dedikdə, Məharət həkimin təkrar cavabı o oldu ki, “imkanın yoxdursa, o halda qızını götür də get. Ölsə də, qalsa da daha mənlik deyil” dedi. O halda başa düşdüm ki, artıq bəzi həkimlərimizlə, o cümlədən Məharət həkimlə bacarmaq olduqca çətin işdir. Və çox keçmədi ki, qızım Şəlalə Əhmədovanı ağır yanıq xəsarətləri almasına baxmayaraq, çıxarıb evə apardım. Çünki, qızıma çatdırmışdılar ki, “sənə iynə vurub öldürəcəklər, çıxıb evinizə getsən daha yaxşı olar.” Maraqlı hal o olur ki, Rahilə Rüstəmova Məharət həkimə əməllərinlə bağlı “səndən şikayət edəcəyəm” dedikdə, o, hirsini belə cilovlaya bilmir. “Get xətrin kimə istəyirsə, məndən ona şikayət et. Bil ki, mənə heç kimin gücü çata bilməz” deməklə, hətta Rəhilə xanımın yaxasından tutub o yana bu yana da çəkir. “Elə etmə ki, səni şilküt edim. Sən də qızın kimi, 3 saylı xəstəxanalıq olasan” deyib, hirsini onun üstünə tökür. Baş verən olayla bağlı zərərçəkmişin valideynindən şikayət ərizəsi əldə edən həmkarımız, Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmlər namizədi Azad Quliyevə məlumat verdikdə, baş həkimin cavabı gözlənilməz olur. Yəni o bildirir ki, “məndən nə istəyirsiniz? Əlində şikayət ərizəsi varsa, apar prokurorluğa ver” deməklə, cavabdehlik daşıdığı problemin varlığından yayınmağa çalışır. Olmazın vəziyyətlə üz-üzə qalan Rəhilə Rüstəmovanın hal-hazırda istəyi odur ki, aidiyyatı dövlət qurumları, xüsusilə də Səhiyyə Nazirliyi, Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyi və digər qurum rəhbərləri, bir daha xəbərdar olsunlar ki, Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanasınada vətəndaşlar mütəmadi olaraq aldadılır, rüşvət verməyə təhrik edilir, xəstələrə keyfiyyətsiz səhiyyə xidməti göstərilir. Belə bir amillərin varlığı öz-özlüyündə Azərbaycan səhiyyəsinə utanc gətirən addılmlar olur ki, bu da eyni zamanda yaşadığımız dövlətə edilən xəyanətdən başqa bir şey deyil. Axı, əksər KİV, reklam lövhələrində, televiziya kanallarında və digər ünvanlarda daim təbliğ olunur ki, “Hippokrat” andına and içən hər bir həkimin əsas amalı, xəstələrə vicdanla xidmət göstərmək olduğu bildirilir. Bəs bu cür yanaşma, hansı səbəbdən Gəncə şəhər 3 saylı Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinə, həkim auditoriyasına yad olan yanaşma olur? Odur ki, sualı bizdən, cavabı isə aidiyyatı dövlət qurumlarından.... Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |