Əsas Səhifə > Hadisə, Manşet > Burada rüşvətin hesab-kitabı tutulur...

Burada rüşvətin hesab-kitabı tutulur...


16-10-2015, 09:26
Burada rüşvətin hesab-kitabı tutulur...
Bu gün ali məktəbə daxil olmayaq arzusunda olan şagirdlərin müxtəlif hazırlıq kurslarına və yaxud da fərdi şəkildə müəllim yanına getmələri artıq çoxdan adi bir hala çevrilib. Hətta mən deyərdim ki, bu prosedur bəlkə də ölkənin təhsil sisteminin əsas tərkib hissələrindən biri kimi çıxış edir. Əgər bir qədər dərindən fikirləşsək, belə bir qənatə gəlmək olar ki, hal-hazırda orta məktəblərdə 6-7-ci siniflərdən sonra uşaqların təhsil almaları sırf formal xarakter daşıyır. Etiraf edim ki, bir müddət əvvəl orta məktəblərin 12 illik struktura keçirilməsi məsələsi gündəmə gətiriləndə, ilk ağlıma gələn fikir bu ideyanın absurdluğu ilə bağlı oldu. Əksinə, bəlkə də bu gün resurs və vəsaitlərin düzgün paylaşdırılması məqsədilə orta məktəbləri yenidən 10 illik sistemə qaytarmaq barədə düşünmək daha məqsədəuyğun olardı. Axı söhbət sadəcə uşaqların və müəllimlərin məşğulluğunun təmin olunmasından gedirsə, onsuz da orta məktəblərin əksəriyyətində davamiyyət bərbad haldadır. Yox, əgər biz uşaqların elm və biliklərə yiyələnməsindən danışırıqsa, dediyim kimi, bu xüsusda orta məktəblərimizin rolu faktiki olaraq uşaqlara yazmaq, oxumaq və saymaq öyrətməklə məhdudlaşıb. Bundan sonrası isə, artıq hazırlıq kurslarının və repetitorların işidir. Yeri gəlmişkən, diqqətəlayiq haldır ki, Bakının bəzi orta məktəblərində artıq bu sahədə pilot təcrübələr də aparılmaqdadır. Düzdür, hələlik bu təcrübələr sistemsiz, pərakəndə halda aparılır. Amma necə deyərlər, çətini başlayana qədərdir. Məsələn, elə götürək paytaxtın Xətai rayonu, 9-cu Qara şəhər küçəsi 21 ünvanında yerləşən 55 saylı tam orta məktəbi. Redaksiyamıza daxil olan məlumata görə, bir müddət bundan əvvəl bu orta təhsil müəssisəsinə yeni təyin olunmuş direktor Alı Məmmədov, özü ilə birgə məktəbin həyatına “yeni nəfəs” də gətirmişdir. Bu yenilik isə, məktəb direktorunun məhz repetitor məşğələləri mövzusunda malik olduğu konkret baxış və prinsipləri əsasında ərsəyə gəlmişdir. Mənbə bildirir ki, Alı müəllim şagirdlərin dərslərdən və məktəbdən yayınaraq hazırlıq kurslarına getmələrinin qəti əleyhinədir. Həmçinin rəhbərlik məktəbin müəllimlərinin də öz elmi potensillarını başqa uşaqların bilik səviyyələrinin yüksəldilməsinə sərf etmələrini prinsipial olaraq qəbul etmir. Digər tərəfdən isə, şagirdlərə qiymətli elmi bilikləri ayrılmış dərs saatlarında aşılamaq və bunun müqabilində dövlətin verdiyi məvaciblə kifayətlənmək perspektivi də 55 saylı məktəbin nə direktorunu, nə də müəllimlərini razı salmır. Buna görə də, bütün bu məqamları ortaq məxrəcə gətirə bilmək üçün bu gün 55 saylı məktəbdə “yerli” hazırlıq kursları təşkil olunub. Hər şey dahiyanə sadədir. Dərs saatlarında uşaqlar məktəbdə olmaqla, kurslarda aldıqları tapşırıqları çalışırlar, dərsdən sonra hərə öz seçdiyi ixtisas üzrə müvafiq kurslara dağılışır, müəllimlər də özlərinin keçdikləri əlavə məşğələlərin “effektivliyini” təsdiqləmək üçün uşaqların qiymətləndirilməsində heç bir problem yaratmırlar. Valideynlərə isə, bütün bu ideal mühitin mövcudluğunu və fasiləsiz işləkliyini təmin etmək üçün ayda sadəcə 60 manat (əlbəttə ki, bir fənn üzrə) ödəmək qalır. Qeyd edək ki, aldığımız məlumatda Alı Məmmədovun pul bölgüsü məsələsində də eyni prinsipiallıq nümayiş etdirdiyi xüsusi vurğulanır. Belə ki, açıqlamaya görə valideynlərdən alınan 60 manat fənn müəllimi və direktor arasında 50/50-yə (hərçənd baxdığımız halda 30/30-a demək daha uyğun olardı) prinsipi əsasında bölünür...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.

Geri qayıt