Əsas Səhifə > Hadisə, Manşet > Eldar Əzizov ya işçisi ilə bacarmır, ya da elə...

Eldar Əzizov ya işçisi ilə bacarmır, ya da elə...


19-08-2015, 10:36
Eldar Əzizov ya işçisi ilə bacarmır, ya da elə...
Bir müddət əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda H.Z.Tağıyev qəsəbəsi sakinlərinin bu inzibati ərazi vahidi üzrə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının nümayəndəsi Nasir Rzayevin yarıtmaz fəaliyyətinə qarşı ciddi etirazları öz əksini tapmışdı. Məlumatlarda bildirilir ki, icra nümayəndəsi davamlı olaraq sakinlərin hüquqlarının pozulması hallarına yol verir. Nasir Rzayevin rəhbərlik etdiyi qurum isə qəsəbədə mövcud problemlərin həllinə yalnız rüşvət yığımı müstəvisində yanaşır. Digər tərəfdən də mənbələr qəsəbədə aparılan abadlıq-quruculuq işlərində bir sıra maxinasiyalara yol verildiyini iddia edirlər. Bu xüsusda aldığımız açıqlamalarda ilk növbədə Nasir Rzayevin qəsəbədə və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs edilir. Artıq qeyd olunduğu kimi, Tağıyev qəsəbəsi bir tərəfdən dənizlə, digər tərəfdən isə sənaye müəssisələriylə əhatə olunub. Dəniz sahilinə paralel, qəsəbədən hər iki istiqamətə isə, geniş torpaq sahələri uzanıb gedir. Mənbələr bildirirlər ki, icra nümayəndəsi məhz həmin bu ərazilərdən 100 hektardan artıq torpaq sahələrini uzun müddətə istifadəyə götürüb. Faktiki olaraq zəbt etdiyi həmin torpaqların bir hissəsində Nasir Rzayev mövsümdən asılı olaraq, bostan və tərəvəz bitkiləri, göyərti əkdirir, bir hissəsində balıqçılıq təsərrüfatı yaradıb, qalanını da icarəyə verib. Bütün bu fəaliyyətindən gələn gəlirdən isə təbii ki, nə dövlət büdcəsinə vergi ödənilmir, nə də qəsəbənin ehtiyaclarına bir qara qəpik olsun xərclənmir. Yerli sakinlər isə bu ərazidə öz ehtiyacları üçün torpaq sahəsi almaq istədiklərini bildirdikdə, onlara elə qiymət “oxunur” ki, vətəndaşlar öz istəklərini birdəfəlik unutmalı olurlar. Bununla belə, iddialara görə bu gün qəsəbə torpaqlarının kənar şəxslərə qanunsuz satışı və burada eynilə qanunsuz evlərin tikintisi geniş vüsət alıb. Halbuki, yerli sakinlər ailə-məişət şəraitlərini yaxşılaşdırmaq üçün özlərinə məxsus torpaq sahəsində ev tikmək istədikdə, onlardan 5-8 min manat civarında rüşvət tələb olunur. Tələbə əməl olunmadıqda isə, Nasir Rzayev həmin vətəndaşa qarşı “xüsusi tədbir” görür. Məsələ bundadır ki, bu xüsusda icra nümayəndəsinin özünəməxsus taktikası var. Belə ki, ev tikmək niyyətinə düşmüş qəsəbə sakininə qarşı əvvəlcədən heç bir tələb irəli sürülmür. Nasir Rzayev sözün əsil mənasında gözləmə mövqeyi tutur. Yalnız evin divarlarının çox hissəsi qaldırıldıqdan sonra, icra nümayəndəsi müəyyən etdiyi məbləği tələb edir. Bu zaman sakin iki seçim arasında qalır. Ya tələb olunan pul ödəniləcək, ya da evin inşa olunmuş divarları uçurulacaq. Təbii ki, bu zaman vətəndaşa külli-miqdarda ziyan dəyəcək. Amma bunun Nasir Rzayev heç bir əhəmiyyəti yoxdur. Həmçinin aldığımız məlumatlarda bu da bildirilir ki, torpaq maxinasiyalarından əldə edilən gəlirlər və qanunsuz tikilən evlərdən yığılan “rüsumlar”, heç də Nasir Rzayevin şəxsi büdcəsini formalaşdıran yeganə qaynaqlar deyil. Belə ki, iddialara görə, bu gün Sumqayıt ŞİH-nin Tağıyev qəsəbə nümayəndəliyində dövlət satınalmaları ilə bağlı da kifayət qədər maxinasiyalar həyata keçirilir. Bu vasitə ilə qəsəbədə görülən, daha doğrusu görülməli olan abadlıq-quruculuq işlərinə ayrılan dövlət vəsaitlərinin də böyük bir hissəsi icra nümayəndəsi tərəfindən mənimsənilir. Ümid edirik ki, bu materialın dərci ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun diqqətini Tağıyev qəsəbəsində yaranmış vəziyyətə cəlb edə biləcəyik. Ən azından, qəsəbə sakinləri Nasir Rzayevin yarıtmaz fəaliyyəti ilə bağlı üzləşdikləri çoxsaylı problemlərin məhz icra başçısının müdaxiləsi sayəsində öz həllərini tapacaqlarına inanırlar.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt