Əsas Səhifə > Hadisə, Manşet > Nizami rayonunun növbəti icra başçısı kim ola bilər?

Nizami rayonunun növbəti icra başçısı kim ola bilər?


14-08-2015, 10:41
Nizami rayonunun növbəti icra başçısı kim ola bilər?
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərancama əsasən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən azad edilərək Dövlət Statistika Komitəsinin sədri təyin olundu. Çoxları üçün gözlənilməz olan bu təyinat ətrafında ciddi ictimai müzakirələr aparılmaqdadır. Əsasən də, sual doğuran məsələ Tahir Budaqovun yerinə yeni kadrın təyin olunmaması ilə bağlıdır. Adətən rayon icra başçılarının yerdəyişməsi rotasiya qaydasında baş tutduğundan, Tahir Budaqovun karyera nərdivanında irəliləyərək öz yerini boş buraxması Nizami rayonuna diqqəti bir qədər də artırıb. İndi hamının bir sual düşündürür – Tahir Budaqovun yerini kim tutacaq?

Qeyd edək ki, Nizami rayonu Bakının ən strateji rayonlarından biri sayılır. Həmin rayonun qeyri-formal olaraq ARDNŞ-ın şefi Rövnəq Abdullayevin kurasiyasında olduğu bildirilir və icra başçısı təyinatında onun rəyinə ciddi önəm verilir. Rövnəq Abdullayevin məhz Nizami rayonundan millət vəkili seçilməsi, Tahir Budaqov və ondan əvvəlki icra başçısı Mehbalı Əliyevin əslən Naxçıvandan olmaları və ARDNŞ şefi ilə yaxınlıqları bu təxminləri inandırıcı edir.
Nizami rayonunda icra başçısı olmağa can atanların kimliyilə bağlı məlumatlı mənbə Azinforum.az-a aşağıdakıları danışıb:“Hazırda Rövnəq Abdullayevə yaxınlığı ilə seçilən 3 şəxs həmin posta iddialıdır. Onların hamısı əslən Naxçıvan MR-dəndirlər və Rövnəq Abdullayevə yaxınlıqları ilə seçilirlər. İddialı şəxslərin ikisi hazırda icra başçısı postunu tutur. Digəri bir nəfər isə biznesmendi. Həmin biznesmenin Nizami rayon ərazisində Rövnəq Abdullayevlə şərik bəzi iri ticarət obyektləri var. Ancaq sözügedən biznesmenin dövlət idarəçiliyində təcrübəsinin olmaması onun namizədliyini arxa plana keçirmiş olur. Baxmayaraq ki, kommersant həmin vəzifəyə doğru iri addımlarla irəliləməkdə maraqlıdır”.

Mənbənin dediyinə görə, vəzifəyə ən real sayılan namizədlər isə, hazırda icra başçısı postunu tutan şəxslərdi: “Onların Nizami ilə müqayisədə nisbətən kiçik rayonlara rəhbərlik etmələri vakant qalan başçı kreslosuna maraqlarını cəlb etməsinə təbii baxmaq olar. Adı hallananlardan biri, Bakının 12-ci rayonu kimi yaradılan Pirallahının icra başçısı- Vasif Həsən oğlu İmanovdur. Digəri isə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğludur. Hazırda əsas rəqabət bu iki namizədin arasında gedir”.
Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. O, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub.
Vasif İmanov 2001-ci ilin sentyabrında Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif edilib.
Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olun. Bu rayonun inzibati ərazisində ümumilikdə 18.000 əhalinin yaşadığı bildirilir.
Yeri gəlmişkən, xatırlayırsızsa, rayonun yaradılması ilə bağlı hələ Milli Məclisdə müzakirələr gedərkən, deputatlar arasında fikir ayrılığına səbəb olmuşdu. Məsələn, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev iddia edirdi ki, bu tipli icra strukturların yaradılması xalqı yükləmək və məmurları çoxaltmaqdır: “Məmurları azaltmaq lazımdır. Bunların hamısına büdcədən maaş veriləcək. Bunlar nəyə gərəkdir? Onsuz da bizdə məmurlar gen-boldur. Belə getsə, Azərbaycanda hər kəndə, qəsəbəyə belə status veriləcək. Ölkədə məmur olmayan adamları barmaqla göstərəcəklər”.

Adı namizəd kimi hallanan digər şəxs – Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.
Təbiidir ki, son sözü Prezidentin imzası deyəcək.

Geri qayıt