Əsas Səhifə > Hadisə, Manşet > Oqtay Şirəliyevin bu biabırçılığa müdaxiləsi şərtdir...
Oqtay Şirəliyevin bu biabırçılığa müdaxiləsi şərtdir...7-08-2015, 10:50 |
Bu gün Qafqaz Xəbər Agentliyinə maraqlı bir şikayət daxil olub. Abşeron rayon sakini olan vətəndaş bildirir ki, bu gün səhər saatlarında ailə üzvlərindən birinin halı pisləşib və buna görə o Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng edib. Amma xəstəsi olan vətəndaş uzun müddət təcili tibbi yardım maşını gözləsə də təcili yardım gəlməyib. Vətəndaş zəng edəndə isə Abşeron rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, Abşeron Rayon Səhiyyə şöbəsinin balansında cəmi 3 ədəd Təcili Tibbi yardım briqadası var ki, onlar da ərazidədirlər və təcili tibbi yardım maşını yalnız onlar gəldikdən sonra göndərə bilərik. Vətəndaş da ailə üzvünün vəziyyətinin daha da ağırlaşdığını görüb təcili olaraq Bakı şəhər xəstəxanalarının birinə üz tutub. Vətəndaş bildirir ki, Abşeron rayonunda ümumilikdə 300 mindən çox əhali yaşayır və onun 200 min-dən çoxu rayonda qeydiyyatdadır. Rayon ərazisinə bir şəhər, 8 qəsəbə, 6 kənd daxildir. Və o sual verir ki, bu qədər böyük bir rayona 3 təcili tibbi yardım biriqadası necə yardım edə bilər?! Vətəndaş düzgün düşünür ki,deməli eyni vaxtda 10, 15, və ya daha çox ağır xəstənin təcili yardıma ehtiyacı olsa, yalnız 3 vətəndaşa köməklik edilə biləcək, qalanları isə ya ölüm ayağında həkimləri gözləyəcək, ya da tığaclı yollarda uzun müddət vaxt sərf edərək Bakıya üz tutmalı olacaq. Biz də Qafqaz xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün Abşeron rayon səhiyyə şöbəsi ilə əlaqə saxladıq. Telefonumuza cavab verən dispetçer Vəliyeva (adını demədi) faktı təsdiq edərək qeyd etdi ki “bəli ,cəmi 3 briqadamız var”. Müxbirimizin “Abşeron rayon ərazisinə 3 briqada az deyilmi” sualına“əlbəttə ki, azdır”, –deyə xanım Vəliyeva bildirdi. Müxbirimizin “bəs bununla bağlı lazımi orqanlara müraciətlər eləmisiz? sualına “Əlbəttə eləmişik, çox eləmişik. Cavab olaraq deyiblər ki, gözləyin veriləcək. Biz də gözləyirik”,- deyə Abşeron rayon səhiyyə şöbəsinin xanım əməkdaşı cavab verdi. Biz bu məsələ ilə bağlı Abşeron rayon səhiyyə şöbəsinin müdiri ilə əlaqə saxlamaq istədik ,ancaq o məzuniyyətdə olduğu üçün suallarımıza müdirin müavini Raya Bayramova cavab verdi. Müxbirimizin təcili tibbi yardım maşınlarının azlığı ilə bağlı sualına “İmkanımız buna çatır bunu eləyirik, bizim əlimizdə elə bir səlahiyyət yoxdur ki, biz nəsə edək”,- deyə Raya Bayramova cavab verdi. Müxbirimizin “Bəs siz bununla lazımi orqanlara müraciət eləmisiz?”sualına “Əlbəttə eləmişik ,keçən il təkcə 5 ədəd məktubu mən yazıb göndərmişəm . Biz də çox narahatıq bu vəziyyətlə .Buna görə də bu məsələni qaldırmışıq, Səhiyyə Nazirliyinə də yazmışıq. Müraciətin nəticəsində bizə bir briqada da verilib”. Müxbirimizin “bu qədər şikayət məktubundan, müraciətdən sonra elə yalnız bir briqada? !Yəni bir briqada bəs edirmi belə bir böyük rayona? !”fikrinə “İndi imkan daxilində bunu ediblər də.. Biz nə edə bilərik ki?!”, -deyə Raya Bayramova cavab verdi. Biz bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri görüşdə olduğu üçün telefonumuza mətbuat xidmətinin Cavid Xəlilov adlı əməkdaşı cavab verdi. Məsələ ilə bağlı Cavid Xəlilov bildirdi ki,orta hesabla 10- 12 min əhaliyə bir təcili tibbi yardım briqadası nəzərdə tutulur. Müxbirimizn “bizdə olan məlumata görə Abşeron rayon səhiyyəsində 3 təcili yardım briqadası fəaliyyət göstərir. 200 mindən çox əhalisi olan Abşeron rayonu üçün sizin hesabla 20-yə yaxın təcili yardım briqadası olmalıdır, ancaq 3 ədəd təcili tibbi yardım maşını var axı…” fikrinə “Bu barədə məlumatım yoxdur ,biz gərək bunu araşdıraq” ,-deyə mətbuat xidmətinin əməkdaşı cavab verdi. Geri qayıt |