Əsas Səhifə > Hadisə, Manşet > Misir Mərdanovun dövründə vurulan zərərin hesabı nədən sorulmur?

Misir Mərdanovun dövründə vurulan zərərin hesabı nədən sorulmur?


29-07-2015, 10:50
Misir Mərdanovun dövründə vurulan zərərin hesabı nədən sorulmur?
Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirov bir neçə il əvvəl tutduğu vəzifədən xaric edilsə də, barəsindəki söz-söhbətlər səngimək bilmir. Xatırladaq ki, Misir Mərdanovun xalası oğlu olduğu deyilən sabiq məmur vəzifədən çıxarılarkən həbs xəbəri yayılmışdı. Bildirilirdi ki, onu korrupsiya əməlinə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Amma sonradan rəsmi şəkildə bildirildi ki, Allahverdi Dəmirovla bağlı heç bir həbs-qətimkan tədbiri seçilməyib. Hətta bundan sonra da sabiq idarə rəisinin həbs olunduğu, sadəcə, bunun hansısa səbəbdən gizli saxlandığına dair iddialar ortadan yığışmadı. Bəzi versiyalara görə, o bir neçə gün həbsdə saxlandıqdan sonra nəyinsə müqabilində sərbəst buraxılıb. Başqa bir məlumatda isə deyilirdi ki, Allahverdi Dəmirovla Misir Mərdanovun şərikli asfalt zavodu olub. Sonradan onlar zavodu yüksək rütbəli şəxslərdən birinə satıblar. Həmin şəxs zavodu aldıqdan bir müddət sonra hesab edib ki, Misir Mərdanovla xalası oğlu obyekti ona baha qiymətə satıb. Məlumatda zavodun 6 milyon manata satıldığı iddia edilib.

Məhz bundan sonra Təhsil Nazirliyindəki korrupsiya faktları diqqət mərkəzində olub. İddialara əsasən, keçmiş idarə rəisi məhz bu zavodun qurbanı olub. Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə rəhbərlik etdiyi vaxtlarda bu sahədə kifayət qədər ciddi nöqsanlar aşkarlanmış və milyonluq yeyintilərlə bağlı faktlar ortalığa qoyulmuşdu. Məsələn, Təhsil Nazirliyinin inşa etdiyi iki məktəbin - Xəzər rayonu 123 və Suraxanı rayonu 85 saylı məktəblərin inşası zamanı ciddi pozuntuların və korrupsiya faktlarının olduğu aşkar edilmişdi. Onda bu məsələ o qədər şişdi ki, axırda dövlət başçısı nazirliyin tikinti ilə bağlı funksiyalarını əlindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə verdi. Bu olayla bağlı ictimai müzakirələr təzəcə səngiməyə başlamışdı ki, Sabunçu rayonundakı 311 saylı məktəb qalmaqalı ortaya çıxdı. Bəziləri məktəbin altından iriçaplı qaz və neft borularının keçdiyini, bəziləri burada keçmişdən qalma yanacaq anbarı olduğunu, bəziləri isə onun həyətindən mazut çıxdığını bildirdilər. Lakin bu məsələdə də Allahverdi Dəmirov sudan quru çıxmağı bacardı. Düzdür, o adının hallandığı bütün bu işlərə görə layiq olduğu cəzanı aldı- işdən çıxarıldı. Halbuki, külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham edilən keçmiş məmur həbs olunmalı idi. Əgər sadalanan faktlar dərindən və obyektiv şəkildə araşdırılsaydı, sabiq idarə rəisi bu gün azadlıqda gəzə, biznesinə nəzarət edə bilməzdi. Bəli, düz eşidirsiniz. Təhsil Nazirliyinin bir çox keçmiş rəhbər işçisi kimi Allahverdi Dəmirovun da böyük imkanlarının olması barədə iddialar var. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, Təhsil Nazirliyində uzun müddət Əsaslı Tikinti İdarəsinə rəhbərlik etmiş şəxs həyata keçirdiyi bəzi qanunsuz işlərin nəticəsində özünə böyük kapital toplamağa müvəffəq olub: "Onun dövründə tikilən təhsil müəssisələrinin əksəriyyəti hazırda bərbad vəziyyətdədir. Bu adam tikinti işlərini özünə yaxın şirkətlərə həvalə edir və nəticədə layihəyə ayrılan vəsaitlərin bir hissəsini təyinatı üzrə sərf etmirdi. Tikintidə ucuz materiallara üstünlük verirdi. Buna görə də ciddi fəsadlar üzə çıxıb. Onun idarəyə rəhbərlik etdiyi vaxtlarda Təhsil Nazirliyinin tikinti işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən on milyonlarla vəsait ayrılmışdı. Təəssüf ki, həmin pulların yetərli hissəsi Dəmirovun biznes şəbəkəsinin genişləndirilməsinə yönəldilib. Belə ki, onun şəhərin ən bahalı yerlərində mənzilləri, brend dükanları və Bakı kəndlərində qiyməti milyonlarla ölçülən imarətləri var. Digər tərəfdən, Misir Mərdanovun xalası oğlunun Novxanıda dəniz qırağında "Amore" restoranı, "Smart" oteli və Nərimanov rayonunun ərazisində "Gold" adlı böyük obyekti fəaliyyət göstərir". Bu cür möhtəşəm obyektləri tikmək, yaxud almaq üçün külli miqdarda pul lazımdır. Sizcə, bütün bunları Allahverdi Dəmirov vəzifə maaşı ilə həyata keçirə bilərdimi? Yox. Deməli, o vəzifədə işlədiyi dövrdə büdcədən ayrılan pulların əsas hissəsini şəxsi maraqlarına qurban verib. Lakin buna baxmayaraq, hazırda çox rahat şəkildə azadlıqda gəzir və dövlətin büdcəsindən kəsdiyi vəsaitləri xərcləməklə məşğuldur. Biz isə hesab edirik ki, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri onun nazirlikdəki fəaliyyət dövrünü hərtərəfli şəkildə araşdırmalı və adı külli miqdarda yeyintidə çəkilən sabiq rəisin barəsində müvafiq ölçü götürməlidirlər.
\\gundelik-baku.az\\
Geri qayıt