Əsas Səhifə > Hadisə, Manşet > Şirvanda təbii qaz sayğacları kimin xeyrinə fırlanır...
Şirvanda təbii qaz sayğacları kimin xeyrinə fırlanır...28-07-2015, 11:15 |
Bildiyiniz kimi, ölkəmizdə son illər geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə yaxşılaşdırılmasına imkan yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşmış və bu istiqamətdə işlər hazırda da sürətlə davam etdirilir. Diqqətinizə çatdırmaq istəyirik ki, əhalinin mavi yanacaqla təminatı istiqamətində də dövlət səviyyəsində müsbət işlər görülməkdədir. Ölkə başçısı əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində aidiyyəti qurumlara öz tapşırıqlarını verib. Bu sahədə təqdirəlayiq işlərlə yanaşı, mənfi hallar da mövcuddur. Redaksiyamıza daxil olan məlumatlara əsasən "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İdarəsinin Şirvan Qaz İstismar Sahəsinin rəisi Anar müəllim üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir və bu səbəbdən şirvanlılar mütəmadi olaraq qazla bağlı problem yaşamalı olurlar: "Şirvan şəhərində əhalinin mavi yanacaqla təminatı ürəkaçan səviyyədə deyil. Sənaye şəhərinin sakinləri ilin bütün aylarında qaz sarıdan əziyyət çəkirlər. Elə olur ki, günlərlə binalara, fərdi yaşayış sahələrinə mavi yanacaq verilmir. İstismar sahəsinin işçiləri bunu qaz xətlərindəki nasazlıqla əlaqələndirirlər. Halbuki, Şirvan şəhərində istismar müddətini başa vurmuş qaz xətlərinin yenisi ilə əvəz olunması məqsədilə büdcədən il ərzində külli miqdarda vəsait ayrılır. Təəssüf ki, istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir edilmir, həyətlərdə olan qaz xətləri küçələrə çıxarılmır. Şirvan Qaz İstismar Sahəsinin rəhbərliyi qaz itkilərinin çoxalmasına şərait yaradır. İtkilərin azaldılması məqsədilə istehlakçıların mənzillərində yeni "smart-kart" tipli sayğacların quraşdırılması istənilən səviyyədə aparılmır. Bəzi abonentlər hələ də qazdan sayğacsız istifadə edir". Şirvan Qaz İstismar Sahəsinin 590,0 km orta və aşağı təzyiqli qaz xəttinə, 55 ədəd qaz tənzimləyici şkafa, 420 ədəd fərdi tənzimləyiciyə və 15935 abonentə xidmət göstərdiyini deyən mənbə qeyd etdi ki, sahə rəisi şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində mütərəqqi işlər görmək istəmir: "Hesabatlarda göstərilir ki, guya ötən dövrdə şəhərin 147,0 kilometrlik qaz kəməri yenisi ilə əvəz olunub. Amma bu hesabat həqiqəti əks etdirmir. Çünki Şirvan şəhərinin qaz təsərrüfatında yenidənqurma işləri yox dərəcəsindədir. Əhali qış aylarında əməlli-başlı zülm çəkir. İstilikxanalar və mənzillər qazla lazım olan şəkildə təmin edilmədiyindən insanlar əlavə problem yaşamalı olurlar. Anar müəllim Salyan Regional Qaz İdarəsinin rəisinə yaxın adamdır. Məhz idarə rəisinin xeyir-duası ilə bu vəzifəyə təyin edilib. Şirvanda hər kəs onu qapalı biri kimi tanıyır. O şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbər işçiləri ilə sıx əlaqə saxlamır". Aldığımız məlumatda həmçinin istismar sahəsinin rəisinin biznes işlərindən də söhbət açılır. Mənbənin sözlərinə görə, sahə rəisinin Şirvan şəhərində bir neçə ticarət obyekti var: "Anar müəllimin maddi imkanı çox yaxşıdır. Şəhərdə barmaqla göstərilən evlərdən biri də ona məxsusdur. Mərkəzdə bir neçə dükanı var". Başqa bir informasiyada isə bildirilir ki, Şirvan Qaz İstismar Sahəsinin rəisinin arzusu "Azəriqaz"da şöbə müdiri işləməkdir: "O həm əvvəllər vəzifədə işləmiş atasının, həm də öz yaxın dostlarının köməkliyi ilə "Azəriqaz"a şöbə müdiri keçmək istəyir. Sahə rəisi bu məqsədlə bütün imkanlarını səfərbər edib. Hələ ki, istehsalat birliyindən ona müsbət cavab verilməyib". Növbəti saylarımızda Şirvandakı vəhhabilərin "krışa"sı haqda yazı dərc edəcəyik. Sonda "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevdən sözügedən istismar sahəsində yaşanan neqativ işlərlə bağlı tədbir görməsini xahiş edirik.\\gundelik-baku.com\\ Geri qayıt |