Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > İcra başçısı ölüm işini batırmaq istəyir...
İcra başçısı ölüm işini batırmaq istəyir...22-07-2015, 11:24 |
Gədəbəy rayonundan redaksiyamıza daxil olan şikayət məktublarının ardı-arası kəsilmək bilmir. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu şikayətlərin əsasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonun idarəçiliyində yol verdyi ciddi qanun pozuntuları və bu səbəbdən rayonda tüğyan edən məmur özbaşınalıqlarıdır. Yeni aldığımız məlumatlarda isə rayonun su təsərrüfatında yer almış ciddi problemlərdən bəhs olunur. İlk növbədə məlumatlarda bildirilir ki, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq məqsədilə Gədəbəy şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi üçün ötən il dövlət büdcəsindən rayona 4 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitlə su təchizatı və kanalizasiya xətlərinin təmiri, eləcə də yeni xətlərin çəkilməsi nəzərdə tutulmuşdu. Mənbələrin verdikləri xəbərə görə, bu işlərin icrasına elə 2014-cü ilin payızından başlansa da, bu günə qədər heç bir layihə sona qədər tamamlanmayıb. İlkin ayrılan məbləğin kifayət qədər böyük olmsıma baxmayaraq, bu ilin fevral ayında da eyni məqsədlər üçün əlavə olaraq daha 2 milyon manat vəsait ayrılıb. Lakin bütün bunların müqabilində indiyədək rayonda görülən işlərin ümumi dəyəri ayrılmış vəsaitlərin heç 20 faizini belə təşkil etmir. Mənbələr iddia edirlər ki, vəsaitlərin xərclənməsinə görə əsas məsul təşkilat olan Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov müxtəlif maxinasiyalara əl ataraq, pulların nağdlaşdırılaraq mənimsənilməsinə şərait yaratmışdır. Təbii ki, bu maxinasiyalar Yaşar Hüseynov tərəfindən heç də özbaşına həyata keçirilməyib. İddialara görə Sukanal İdarəsinin rəisi bu əməlləri birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında icra edib. Elə əldə olunan “gəlilərin” də böyük bir hissəsi məhz başçıya təqdim olunub. Açıqlamalarda bildirilir ki, Yaşar Hüseynov bu məqsədlərlə müxtəlif firma və MMC-lərin xidmətlərindən yararlanıb. Məlum olduğu kimi belə maxinasiyalarda istifadə olunan “ilğım” şirkətlər sadəcə möhürə və bank hesabına malik olurlar. Bağlanılan müqavilələrdə nəzərdə tutulan işləri həyata keçürmək üçün isə, bu şirkətlərin nə maddi-texniki bazaları, nə də tələb olunan insan resursları olmur. Məhz elə bu səbəbdən də Gədəbəy şəhəri su təchizatı ilə bağlı bir çox ciddi problemlərlə üz-üzədir. Bu xüsusda məlumat verən mənbə ilk növbədə Quldurlu kəndi ərazisində yerləşən və Gədəbəy şəhərini içməli su ilə təchiz etməli olan su təmizləyici stansiya ilə bağlı müəyyən faktları diqqət mərkəzinə çəkir. Mənbə bildirir ki, faktiki olaraq stansiyanın funksionallığının təmin edilməsi üçün burada heç bir sutəmizləmə qurğusu mövcud deyil. Bununla belə, qəribə də olsa, stansiyanın fəaliyyətinə görə hər ay külli-miqdarda işıq pulu “silinir”. Sanki burada gecə-gündüz güclü nasoslar, aqreqatlar və digər qurğular fəaliyyət göstərir. İkinci bir tərəfdən isə, bu yaxınlarda stansiyanın mövcud su anbarında yaranmış başqa bir problem də Gədəbəy şəhərində ciddi fəsadların əmələ gəlməsinə səbəb olmuşdur. Mənbə bildirir ki, Quldurlu stansiyasındakı anbarda olan su bir müddət əvvəl gözlənilmədən yoxa çıxmışdır. Məsələni araşdıran mütəxəssislər müəyyən etmişlər ki, su anbarının dibində çatlar əmələ gəlmişdir ki, su da məhz bu çatlardan sızaraq yerin altına getmişdir. Nəticədə isə Gədəbəy şəhərinin böyük bir hissəsi, o cümlədən Mehdi Quliyev, Mir Cəlal Paşayev, M.Ə. Rəsulzadə və Şəhriyar küçələrində yerləşən binalar tamamilə susuz qalmışlar. Həmçinin yerli sakinlər tərəfindən də təsdiqlənən məlumatlarda bildirilir ki, su təchizaının dayandırılması və bu səbəbdən kanalizasiya sisteminin də işlək vəziyyətdə olmaması ərazinin, eləcə də bütün şəhərin sanitar vəziyyəti üçün son dərəcə ciddi problemə çevrilmişdir. Bəzi məlumatlı mənbələr isə, su təchizatının tezliklə bərpa olunmayacağı təqdirdə şəhərdə müxəlif infeksion xəstəliklərin yayıla biləcəyinə dair mütəxəssislər tərəfindən xəbərdarlıq olunduğunu da vurğulayırlar. Bu arada isə Gədəbəy Sukanal İdarəsinin görüntü yaratmaq məqsədilə az-çox həyata keçirdiyi təmir-quraşdırma işləri də müxtəlif insidentlərsiz ötüşmür. Bəzən isə bu işlər hətta bədbəxt hadisələrə belə səbəb olurlar. Bu xüsusda mənbə bildirir ki, bu ilin may ayının 23-də Vahid Rüstəmov küçəsində su xətlərinin təmiri məqsədilə aparılan qazıntı işləri zamanı RİH məsul işçisi Yusif Əliyevin mənzilinə çəkilmiş qeyri-qanuni qaz xətti aşkarlanıb və təsadüfən zədələnib. Həmin xəttin bərpa olunması cəhdləri isə, öz növbəsində əsas xəttə qoşulmuş digər bir xəttin,Yusif Əliyevin qonşusu, Böyük Vətən Müharibəsi veteranı Qasımov Musa Heydər oğlunun mənzilinə gedən qaz xəttinin “oynamasına” səbəb olub. Nəticədə Musa Qasımovun mənzilində qaz sızması baş verib. Lakin bu zaman mənzildə heç kəs olmayıb. Bir qədər sonra isə evə qayıdan Musa Qasımov işığı yandıran zaman mənzildə partlayış baş verib. Nəticədə ğır xəsarətlər alan veteran bir müddət sonra xəstəxanada dünyasını dəyişib. Mənbə bildirir ki, hətta yaxın insanlarının belə xeyir-şər məclislərində çox nadir hallarda iştirak edən başçı Ramiz Yediyarov Musa Qasımovun yas mərasiminə şəxsən özü də gəlib. Məqsəd isə bu olub ki, mərhumun ailəsini dilə tutaraq, onları hadisə ilə bağlı şikayət etməkdən çəkindirsin. Lakin başçı bu məqsədinə nail ola bilməyib. Belə ki, Musa Qasımovun ailəsi məsələnin araşdırılması tələbi ilə rayon prokurorluğuna artıq müraciət ediblər. Həmçinin mərhumun həyat yoldaşı Həqiqət Qasımova da redaksiyamıza müraciət edərək bunu təsdiq etmişdir.Daha sonra aldığımız məlumatda mənbə Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov barədə maraqlı açıqlamalar təqdim edir. Bildirilir ki, Rabitə kollecinin məzunu olmuş Yaşar Hüseynov əvvəllər Gədəbəyin Telekommunikasiya qovşağında mühəndis vəzifəsində çalışıb və əslində onun hazırda tutduğu vəzifəyə uyğun ali təhsili belə yoxdur. Lakin rayonun baş memarı Elxan Vəliyevlə qohumluq əlaqələri Yaşar Hüseynovun karına gəlib. Belə ki, hazırda tutduğu vəzifəyə o, Ramiz Yediyarovdan məhz Elxan Vəliyevin xahiş etməsi nəticəsində təyin olunub. Bu gün isə, aldığımız məlumatlara görə, Yaşar Hüseynov vaxtının çox hissəsini Gədəbəy rayonu 24 saylı Yol İstismar İdarəsinin müdiri ilə birgə düzənlədikləri kef məclislərində keçirir. Məsələ bundadır ki, Gədəbəyşəhərinə çəkilən yeni su xəttinin üstündən keçən avtomobil yolunun asfaltlanmasını məhz 24 saylı Yİİ həyata keçirir.Biz artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda da belə bir fikri vurğulamışdıq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun bu rayonda israrla həyata keçirdiyi talançılıq fəaliyyəti, öz neqativ təsirini rayonun bütün idarə və təşkilatlarının işinə göstərməkdədir. Məlum olduğu kimi, artıq üç ilə yaxındır ki, ölkənin əksər informasiya vasitələrində, o cümlədən bizim qəzetin səhifələrində Ramiz Yediyarov və onun komandasının Gədəbəy rayonuna divan tutması haqqında kifayət qədər məlumatlar dərc olunur. Lakin bütün bunlara rəğmən, Ramiz Yediyarov bu gün də Gədəbəy rayonunun icra hakimiyyətinin başçısıdır. Və gədəbəylilər hələ də başa düşə bilmirlər ki, bu yarıtmaz məmuru kimlər və niyə himayə edirlər... Geri qayıt |