Əsas Səhifə > Hadisə, Manşet > Sahibkar Türkiyə şirkətindən nazirə şikayət etdi...

Sahibkar Türkiyə şirkətindən nazirə şikayət etdi...


10-07-2015, 10:43
Sahibkar Türkiyə şirkətindən nazirə şikayət etdi...
Son vaxtlar vətəndaşların mülkiyyət hüququnun pozulması halları xeyli artıb. Bu cür qanun pozuntularının qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilsə də, hələ ki, müsbət nəticə yoxdur. Yerli vətəndaşların mülkiyyət hüququnu pozan qurumların sırasına əcnəbi şirkətlər də daxil olmağa başlayıb.

DİA.AZ "gundelik baku"ya istinadən xəbər verir ki, dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Bakı şəhəri, Badamdar yolu ev 119, mənzil 14 ünvanında yaşayan Qəribov Ramin Rafiq oğlu Türkiyənin "Polat İnşaat" şirkətinin sənədlə ona məxsus olan torpaq sahəsini zəbt etdiyini bildirdi. Şikayətçinin sözlərinə görə, Hacıqabul-Muğan yolunun sol tərəfində Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən ona qanuni şəkildə ayrılmış, kadastr planı, ölçü barədə sənədlər və digər bütün sənədləri olan 2 hektar torpaq sahəsi "Polat İnşaat" tərəfindən zəbt edilərək viran qoyulub: "Məlumat üçün bildirirəm ki, 2008-ci ildə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 12 mart 2008-ci il tarixli 34 nömrəli sərəncamı ilə mənə Hacıqabul-Muğan yolunun sol tərəfində yerləşən Dövlət Torpaq Fondundan 2 hektar sahə 50 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Bundan sonra həmin sahədən istifadə üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı və ölçüsü barədə sənəd əldə etmişəm. Üstündən 3 il keçdikdən sonra, yəni 2013-cü ildə Magistral İpək yolunun çəkilişi ilə əlaqədar "Polat İnşaat" AŞ-nin Hacıqabul-Kürdəmir yolunun çəkilişi üzrə rəhbərliyi, yəni bu təşkilatın sədri Saleh bəy mənə müraciət edərək 2014-cü ilin avqust ayına kimi mənim istifadəmdə olan 2 hektar sahədən müvəqqəti olaraq tikinti materiallarının saxlanması üçün ona icarəyə verməmi xahiş etdi. Mən də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq icarə və bağlanmış müqavilə əsasında bu sahəni 2014-cü ilin avqust ayına kimi "Polat İnşaat"a müvəqqəti istifadəyə verdim. Müqavilə şərtlərinə əsasən bu ərazi kənd təsərrüfatına yararlı olduğuna görə torpağın münbit qatının qorunması və burada heç bir qazıntı işlərinin aparılmaması göstərilmişdir". Vətəndaş deyir ki, müqavilə müddəti başa çatdıqdan sonra sahənin təhvil verilməsi "Polat İnşaat" tərəfindən təmin edilməyib: "Bu müddətdə şirkətin rəhbərliyinə Əhməd bəy gətirildi. Müqavilə şərtlərinə əməl olunması ilə əlaqədar şirkətin rəhbərliyi və onun icraçı müdiri Adnan bəylə görüşdüm. Ondan məsələyə aydınlıq gətirməsini xahiş etdim. Onlar 2014-cü ilin sonuna kimi müqavilənin vaxtının uzadılmasını xahiş etdilər. Mən də razılıq verdim. İl başa çatandan sonra sahəyə getdim və burada gördüklərimə inanmadım. Belə ki, sahə bərbad hala salınmış, torpağın münbit qatı məhv edilmiş, qazıntı işləri aparılmış və sahə tikinti materiallarından təmizlənməmişdi. Hətta sahənin bir hissəsi tikinti materialarının tullantısı qəbiristanlığına çevrilmişdi. Bununla əlaqədar "Polat İnşaat"ın icraçı müdiri Adnan bəylə görüşdüm və sahənin əvvəlki vəziyyətinə gətirilməsini xahiş etdim. Onlar bu işdən boyun qaçırdılar. Şirkətin sabiq və hazırkı rəhbərliyi türk mənşəlidir, Türkiyə vətəndaşlarıdır. Qeyd olunanları nəzərə alaraq bu sahədə "Polat İnşaat"ın qanunsuz hərəkətlərinin qarşısının alınması və icarəmdə olan torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün müxtəlif instansiyalara müraciət etsəm də, hələlik bir cavab gəlməyib. 2015-ci ilin 10 aprel tarixində Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinə məktub göndərdim. Üstündən neçə ay keçib, amma mənə bir cavab vermirlər. "Polat İnşaat" isə hələ də öz işindədir. Münbit ərazisi az olan zonada 2 hektardan çox torpağı yararsız hala salan əcnəbi şirkətin mənə külli miqdarda ziyan vurmasına baxmayaraq, nazirlik rəsmiləri buna göz yumurlar. Şirkət rəhbərliyindən dəymiş külli miqdarda maddi ziyanın ödənməsini, torpağın əvvəlki vəziyyətinə qaytarılmasını və münbit qatının bərpasını tələb edirəm. Lakin münbit qatın bərpası mümkünsüz görünür. Çünki şirkətin işçiləri torpağın münbit qatını tamamilə bərbad vəziyyətə salıblar. Yenə qeyd etmək istəyirəm ki, torpağın hər bir sənədi var və mən vaxtında torpağa görə icarə pulunu ödəyirəm. Mən sahibkaram. Son 4 ilə yaxın müddətdə icarəmdə olan torpaq sahəsindən heç bir gəlir əldə etməmişəm. Bu vəziyyəti yaradan "Polat İnşaat" isə icarəmdə olan torpaq sahəsinin münbit qatını məhv etməklə yanaşı, onu bərpa etmək də istəmir. Sizin qəzet vasitəsilə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cənablarına müraciət edib ondan kömək istəyirəm. Xahiş edirəm ki, Türkiyənin "Polat İnşaat" şirkətinin rəhbərliyinin mənə qarşı törətdiyi qanunsuzluqların qarşısı alınsın və dəymiş maddi ziyanın ödənilməsi təmin edilsin". Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 86-cı, yəni torpaqların zibillənməsi və korlanması maddəsində göstərilir ki, torpaqların) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, radioaktiv maddələrlə, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir. Həmçinin torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək miqdarda cərimə edilirlər. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxsləri vətəndaşın mülkiyyət hüququnu pozmuş "Polat İnşaat" şirkətini cərimələyəcək və sözügedən torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması bərpa ediləcək. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Geri qayıt