Əsas Səhifə > Hadisə, Manşet > Qobustanda vəziyyət uruscadır...
Qobustanda vəziyyət uruscadır...4-07-2015, 11:37 |
Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin də fəaliyyəti rayonda xüsusi əhəmiyyət kəsb edir. Lakin redaksiyamıza daxil olan məlumatlarda bu idarənin müdiri Rövşən Pənahovun öz fəaliyyətində ciddi qanun pozuntularına yol verdiyi iddia olunur. Bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Həmçinin məlumatlarda bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Rövşən Pənahovun özünə qaytarılır. Bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinə 2012-ci ildə 300 min, 2013-cü ildə 350 min, 2014-cü ildə isə 350 min manatdan çox vəsait ayrılıb. Həmçinin mənbələr iddia edirlər ki, idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Rövşən Pənahovun maxinasiyaları sayəsində “yoxa çıxır”. Yuxarıda təqdim olunan sxem yanacaq-sürtgü materialları ilə həyata keçirilən maxinasiyalarda da uğurla tətbiq olunur. Bundan başqa vətəndaşların əkin sahələrində istifadə etdikləri suya görə pul ödənişlərinin yığımını da məhz Rövşən Pənahovun idarəsi, Abşeron kəndlərində yaradılan bir neçə assosiasiya vasitəsilə həyata keçirir. Həmin assosiasiyalar yığdıqları vəsaitləri Bank hesabı ilə Rövşən Pənahovun idarəsinə köçürürlər. Mənbənin bildirdiyinə görə, il ərzində Abşeron rayonunda su pulundan 300 min manatdan çox vəsait yığılır. Həmin vəsaitlər də eynilə Rövşən Pənahov tərəfindən cari təmir işlərinə, su nasoslarının təmirinə, boruların yenilənməsinə və sair işlərə sərf olunma adı altında silinərək mənimsənilir. Sənədlərdə göstərilən işlərin isə əslində çox cüzi bir hissəsi görülür. Həmçinin rayonda suvarma suları ilə təminat sahəsində də əhaliyə göstərilən xidmətin səviyyəsi olduqca aşağıdır. İddialara görə vətəndaşlardan su puluna görə hətta bir neçə dəfə artıq ödəmələrin alındığına baxmayaraq, əhali sudan ciddi korluq çəkir. Bunun əsas səbəbi isə əhaliyə xidmət göstərən avadanlıqların həddindən artıq köhnə olmasıdır. Bundan başqa daxil olan məlumatda bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı İstismarı İdarəsinin balansında olan texnikalar, traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarındaistismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, Rövşən Pənahov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya görə gündə 100-150 manat icarə haqqı alır. Həmçinin məlumatlarda vurğulanır ki, dövlətdən mənimsədiyi vəsaitlər hesabına, bu gün Rövşən Pənahovun adı Abşeron rayonunda ən varlı məmurlar arasında çəkilir... Geri qayıt |