Əsas Səhifə > Hadisə, Manşet > Şəki səhiyyəsinin özünün cərrahi müdaxiləyə ehtiyacı var...
Şəki səhiyyəsinin özünün cərrahi müdaxiləyə ehtiyacı var...11-06-2015, 09:36 |
Artıq dəfələrlə qeyd olunduğu kimi dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də bu zaman həkimlər tərəfindən irəli sürülən pul tələbləri ilə bağlı mövzular hər zaman istər media, istərsə də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Buna səbəb isə dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların mövcudluğuna rəğmən, ayrılıqda götürülmüş hər bir poliklinika və ya xəstəxananın da özünün yazılmamış qanunlarının olmasıdır. Həm də əksər hallarda bu qanunlara daha böyük dəqiqliklə əməl olunur. Qəzetimizin ötən saylarından birində Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış bir sıra ciddi qanun pozuntularından bəhs edən tənqidi material dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlarda RMX-nın baş həkimi Məcid Əliyevin törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Şəki səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir. Bu səbəbdən də rayonda əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məqamlardan biri kimi çıxış edir. Həm də bu mövzu artıq xeyli müddətdir ki, ölkə mətbuatının da diqqət mərkəzindədir. Buna səbəb isə rayondan mətbuata davamlı olaraq şikayət məktubları və ərizələrin ünvanlanmasıdır. Daxil olan məlumatlarda Şəki RMX-nın xüsusilə doğum və cərrahiyə şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça biləcək durumda olduğu vurğulanır. Həm də xüsusi olaraq xəstəxananın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Ruziyyə Hüseynova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Digər tərəfdən də doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir. Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır. Daha sonra məlumatlarda bildirilir ki, yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən biri də xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olmasıdır. Məlumatlı mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Mənbələrin iddialarına görə uzun illərdir ki, Şəkinin tibb müəssisələrinə ayrılan dərman və tibbi pereparatların heç 20 faizi də ünvanı üzrə verilmir. Hər il Şəkiyə dövlət tərəfindən ayrılan təqribən 1 milyon manatlıq dərman pereparatlarının demək olar ki, 90 faizi baş həkimə və ona yaxın olan şəxslərə məxsus apteklərdə satılır. Həmin dərmanların məhz dövlətin Şəki səhiyyəsinə ayırdığı dərmanlar olduğu bildirilir. Eyni vəziyyət Şəki Rayon Mərkəzi Xəstəxanasına ayrılan ərzaqla bağlı da müşahidə olunduğu göstərilir. Vurğulanır ki, ərzaq üçün ayrılan pulların böyük hissəsi saxta sənədlər əsasında nəğdləşdirilərək mənimsənilir. Həmçinin məlumatlara görə Şəki RMX-nın baş həkimi Məcid Əliyev rayonun demək olar bütün tibb müəssisələrində “ölü can”lar saxlayır. Bir çox kənd sahə xəstəxanalarına isə öz yaxın adamlarını tibb məntəqə rəisi təyin etdirməklə, baş həkim onların əli ilə ayrılan vəsaitlərin silinməsində və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb... Geri qayıt |