Əsas Səhifə > Hadisə, Manşet > İqtisadiyyat və Sənaye Nazirliyi gülənçilərin Bakı biznesinə müdaxilə edə bilmir?
İqtisadiyyat və Sənaye Nazirliyi gülənçilərin Bakı biznesinə müdaxilə edə bilmir?10-06-2015, 10:21 |
Ötən sayımızda qeyd etdiyimiz kimi, paytaxtın müxtəlif ərazilərində şöbələri olan "Avis" Tibbi Marketlər şəbəkəsi eyni dərman preparatlarını digər apteklərdən baha qiymətə satır və bu yolla külli miqdarda gəlir əldə edir. Məhz elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yaxınları əvvəlcə bir-bir apteklərə düşüb dərmanların qiyməti ilə maraqlanırlar. Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptekdən alış-veriş edir. Bu isə öz növbəsində, alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir. Onu da nəzərinizə çatdıraq ki, "Avis" apteklər şəbəkəsinin Yasamal rayonu, Haqverdiyev 11 ünvanında yerləşən "Olimp" şöbəsində "Lebel" adlı dərman pereparatı müştərilərə qat-qat baha qiymətə satılır. Bunu sübuta yetirmək üçün əlimizdə kifayət qədər ciddi faktlar mövcuddur. Belə ki, müştərilərdən biri 03.06.2015-ci il tarixdə saat 16:07-də adıçəkilən şöbənin satıcısı Əjdər Kərimovdan 750MGN7 seriyalı "Lebel" dərmanı alıb. Müştəri həmin dərmana görə 34 manat 80 qəpik ödəyib. Lakin bir qədər sonra müştəriyə məlum olub ki, eyni dərman şəhərin digər apteklərində xeyli ucuz qiymətə satılır. Bu səbəbdən o, həmin dərmanı geri qaytarmaq üçün "Avis"in "Olimp" şöbəsinə yollanıb. Ancaq satıcı dərmanı geri götürməkdən imtina edib və bildirib ki, aptekdən alınan mallar geri qaytarılmır. Hələ bu, harasıdır. Əldə etdiyimiz bilgilərə görə, "Avis" Tibbi Marketlər şəbəkəsində "Colosmin" adlı dərman preparatının qiyməti 67 manat 90 qəpik, digər özəl tibb müəssisələrinin apteklərində, məsələn, "İntermed Plus" MMC-nin apteklərində isə bu dərmanın qiyməti 21 manat 50 qəpik - 22 manat 50 qəpik civarında dəyişir. Qeyd edək ki, digər dərmanlar da "Avis" apteklərində bir neçə dəfə və ya faiz baha satılır. Həmsöhbət olduğumuz müştərilər də eyni dərmanların ayrı-ayrı apteklərdə müxəlif qiymətlərə satılmasından gileyləniblər. Onlar bildiriblər ki, yaşadıqları binaların və evlərin yaxınlığında yerləşən apteklərdən dərman almaq istəsələr də, bahaçılıq ucbatından Bakının müxtəlif yerlərinə, hətta başqa şəhərlərə belə getmək məcburiyyətində qalırlar. Bu səbəbdən biz də öz növbəmizdə, "Avis" Tibbi Marketlər şəbəkəsində qiymətlərin digər apteklərdən fərqlənib-fərqlənmədiyini aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq. Bu zaman məlum oldu ki, 10 qramlıq "kalsiqliqonat"ın qiyməti "Avis"də 3 manat 10 qəpik, digər apteklərdə isə 2 manat, hətta 1 manat 90 qəpiyədir. Gördüyünüz kimi, eyni tərkibli, eyni keyfiyyətli dərmanın qiyməti apteklərə görə dəyişir. Qeyd edək ki, "Avis" apteklər şəbəkəsinin əməkdaşları satılan dərman preparatları arasında fərqliliyin olmasını icarə haqqının çox olması ilə əlaqələndirirlər. Lakin bunu tutarlı arqument kimi dəyərləndirmək olmaz. Ona görə ki, şəhərin eyni yerində, hətta eyni küçədə yerləşən yanaşı apteklərdə də dərmanların qiyməti arasında kəskin fərqliliklər var. Bu da onu göstərir ki, "Avis" Tibbi Marketlər şəbəkəsindəki süni qiymətlər dərman preparatlarının baha olmasının əsas səbəblərindən biridir. Çünki sözügedən apteklər zəncirinin sahib(lər)i daha çox gəlir əldə etmək məqsədi ilə qiymətləri süni şəkildə artırır. Bir sözlə, eyniadlı dərmanların "Avis"də digər apteklərə nisbətən baha qiymətə satılmasına səbəb aptek sahibləri və dərman firmalarıdır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, Bakının ən nəhəng apteklər şəbəkəsi olan "Avis" Fətullah Gülən şəbəkəsinə yaxınlığı ilə seçilir: "Deyilənlərə görə, "Avis" Tibbi Marketlər şəbəkəsinin onunla yaxın əlaqələri var və məhz elə bu səbəbdən də sözügedən firma qısa müddət ərzində ölkənin dərman bazarında əsas söz sahiblərindən birinə çevrilib. Yəni bu işdə "Avis"in sahib(lər)inə Gülən tərəfdarları yaxından yardım göstəriblər. Bu arada, onu da qeyd edim ki, "Avis"in demək olar ki, əksər şöbələrində bu və digər səbəblər üzündən aldıqları dərman preparatlarını geri qaytarmaq istəyən müştərilərə "Alınan mallar geri qaytarılmır", deyə cavab verilir. Bu isə birbaşa istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Çünki müvafiq qanunvericiliyə görə, bir neçə gün öncə aldığınız dərman hansısa səbəbdən xoşunuza gəlmirsə və ya qüsur varsa, onu geri qaytara, həm də dəyişdirə bilərsiniz. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin qərarına əsasən, qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, bütün növ parçalar və ölçü ilə satılan mallar, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları (yuyucu toz, qab yumaq üçün maddələr və s.), şəxsi gigiyena əşyaları (diş fırçası, daraq və s.), uşaq oyuncaqları, üzərində yarlıqları olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq məhsullarının istifadəsi üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış ərzaq malları (yararlılıq müddəti ərzində) dəyişdirilə bilməz. Gördüyünüz kimi, bu siyahıda dərman pereparatları əks olunmayıb. Deməli, "Avis" Tibbi Marketlər şəbəkəsinin əməkdaşları alınan dərmanları geri qaytarmamaqla qanuna zidd addım atırlar. Odur ki, aidiyyəti qurumlar bununla bağlı müvafiq ölçü götürməlidirlər". \\ Gündəlik Bakı \\ Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |