Əsas Səhifə > Hadisə, Manşet > Ölkənin bank sektorunda daha bir yara... - Parabank

Ölkənin bank sektorunda daha bir yara... - Parabank


9-06-2015, 11:01
Ölkənin bank sektorunda daha bir yara... - Parabank
Bu gün vətəndaşların banklara olan borcunu, həmin kreditlərin vaxtında qaytarılmamasını, qaytarılmadığı üçün də problemli kreditlərin də artdığı hər kəsə bəllidir. Çünki dəfələrlə bu mövzunu işıqlandırmış, vətəndaşların şikayət və problemlərinə biganə qala bilməmişik. Etiraf edək ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu gün bizdə bankların təklif etdikləri kredit faizləri həddindən artıq yüksəkdir.

Elə bu nöqteyi-nəzərdən də, vətəndaşlar götürdükləri kreditləri bağlaya bilmirlər və bununla da ya əmlaklarından, yaxud da maşınlarından keçməli olurlar. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. Lakin qeyd etmək lazımdır ki, bu gün ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti elə də ürəkaçan sayıla bilməz. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar. Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Əlbəttə, bu kimi neqativ halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin banklardakı ümumi abu-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. Belə banklardan biri kimi "Parabank" ASC-ni göstərmək olar. Qeyd edək ki, "Parabank" ASC-nin rayonlar üzrə filiallarından dəfələrlə şikayətlər daxil olub. Daxil olan şikayətlərdə əsasən bildirilir ki, vətəndaşlar bankdan kredit almaqda böyük çətinliklərlə üzləşirlər. Həmçinin kreditlərin tez və qısa bir zamanda verilməsi xəbərlərinə inanıb banka müraciət etdikdə, bəlli olur ki, deyilənlər həqiqəti ifadə etmirmiş. Belə ki, bu heç də tez və qısa zaman ərzində baş vermir. Vətəndaşlara göstərilən xidmət isə, sıfıra bərabərdir. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarla növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Yüzlərlə insan növbədə dayanıb, öz növbəsinin çatmasını gözləyir. Vay o günə ki, nahar fasiləsinə düşəsən. O zaman bir xeyli də, gözləmək lazım gəlir. Bundan başqa, vətəndaşlar banka kredit üçün müraciət etdikdən bir xeyli sonra onlara kreditin verilməsi baş tutursa, o zaman burda da problemlər yaşanır. Belə ki, bank krediti verərkən, müştəridən "şapka" tələb edir. Onu da diqqətinizə çatdıraq ki, "şapka" kimi adlandırdıqları bu məbləğ heç də az olmur. Bu isə təbii ki, vətəndaşın etrirazına səbəb olur. Lakin bir çox hallarda vətəndaşlar bu duruma etiraz edə bilmirlər. Səbəb isə təbii ki, bankın vətəndaşa ümumiyyətlə, kredit verməməsi ilə əlaqəlidir. Bu səbəbdən də, vətəndaşlar məcbur olub, təklif edilən "şapka" ilə razılaşmalı olurlar. Bundan başqa, cəmi bir gün gecikən kreditə görə də, faizlər gəlir ki, bu da vətəndaşları narahat edən məqamlardandır. Bir sözlə, bu gün "Parabank" ASC-ə müraciət edənlər bundan olduqca peşmandırlar. Və bu bankda baş verənlərin qısa zaman ərzində araşdırılmasının tərəfdarlarıdırlar.
\\ Gündəlik Bakı \\
Geri qayıt