Əsas Səhifə > Hadisə, Manşet > Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar...
Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar...29-05-2015, 10:40 |
Səhiyyə naziri Oqtay Şirəliyev mətbuata verdiyi açıqlamalarında dəfələrlə, özü də birmənalı şəkildə bəyan edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Lakin bu gün səhiyyə nazirinin dediklərinin əksinə olaraq, əksər xəstəxanalarda özbaşınalıq, rüşvət və korrupsiya, məsuliyyətsizlik kimi neqativ hallara rast gəlinir. Bu barədə dəfələrlə məlumat versək də, heç bir faydası yoxdur. Dövlət hesabına maliyyələşən tibb ocaqlarının bir çoxunda qanunsuzluq davam etməkdədir. Bu baxımdan bölgələrdə yerləşən səhiyyə müəssisələrində vəziyyət daha acınacaqlıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin keyfiyyəti olduqca aşağıdır. Mənbəmiz deyir ki, rayonun səhiyyə sisteminin yarıtmaz hala düşməsinin səbəbkarı RMX-nin baş həkimi Aftandil Rəhimovdur: "İsmayıllı rayonunun səhiyyə şəbəkəsinin inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir. Son illər rayon ərazisində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqələri əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Buna baxmayaraq, baş həkim Aftandil Rəhimov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Bildiyiniz kimi, son illər İsmayıllıda həkim səhvi ucbatından ana və uşaq ölümlərinin sayı xeyli artıb. Məsələn, keçən il xəstəxananın doğum şöbəsində qeydə alınan ana və uşaq ölümü faktı bütün rayonu bir-birinə qatdı. Rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Xəstəxanadan isə bildiriblər ki, mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Amma əslində ananın və uşağının dünyasını dəyişməsində həkimlərin günahı var idi. Əgər bu hal bir dəfə qeydə alınsa, bunu həkim məsuliyyətsizliyi kimi başa düşmək olardı. Dərd orasındadır ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında bu cür neqativ hallar tez-tez qeydə alınır". Xatırlatma üçün bildirək ki, növbəti bədbəxt hadisə bu ilin noyabr ayında baş vermişdi. İsmayıllı rayon Prokurorluğunun böyük müstəntiqi İlkin Mustafayevin mətbuata verdiyi məlumata görə, hadisə noyabrın 23-də saat 23:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Afət Balaqardaş qızı Ağayevanın doğuşdan sonra halı pisləşib. Qadın dünyasını dəyişib. Onun dünyaya gətirdiyi qız uşağı isə sağdır. Səhhətində müəyyən problemlər olduğu üçün Bakıya göndərilib. "Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz", deyə İlkin Mustafayev bildirib. Rayonda yayılan söz-söhbətlərdən isə belə başa düşmək olar ki, Afət Ağayevanın doğuşdan sonra dünyasını dəyişməsinə əməliyyatı həyata keçirən həkimin və doğuşda iştirak edən digər tibb işçilərinin səhlənkarlığı səbəb olub. Bu faktlar İsmayıllı RMX-də işlərin düzgün qurulmadığını göstərir. Məlumatlı mənbənin iddiasına görə isə baş həkim Aftandil Rəhimov vəzifəyə təyin olunan gündən rayonun səhiyyə sistemində yadda qalacaq müsbət işlərə imza atmayıb: "Aftandil müəllim 90 min nəfərə yaxın əhalisi olan rayonun səhiyyə sistemini yaman günə salıb. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarında tibbi xidmətin təşkili istənilən səviyyədə deyil. Məhz bu səbəbdən yerli sakinlərin bir çoxu səhhətlərində hansısa problemlər yarananda paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Vətəndaşların İsmayıllı səhiyyəsinə inamı qalmayıb. Burda qeydiyyatda olan imtiyazlı xəstələrə qarşı da münasibət birmənalı deyil. Məlum olduğu kimi, dövlət tərəfindən şəkərli diabet, vərəmli və digər güzəştli kateqoriyadan olan xəstələr üçün pulsuz dərman preparatları, həmçinin tibbi ləvazimatlar ayrılır. Əfsus ki, Aftandil Rəhimov həmin dərmanların sahiblərinə çatmasına imkan vermir. Onun tapşırığını yerinə yetirən bəzi həkimlər güzəştli xəstələrdən nəysə almamış pulsuz dərmanları onlara vermirlər". Hörmətli Oqtay Şirəliyev sizin rəhbəri olduğunuz səhiyyə sisteminin durumu bax budur. İsmayıllı camaatı baş həkimin qanunsuz əməllərindən boğaza yığılıblar. Yerli əhali sizin baş həkim Aftandil Rəhimovu vəzifədən azad edəcəyiniz günü səbirsizliklə gözləyirlər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərsək də, buna nail ola bilmədik. Buna baxmayaraq, Aftandil Rəhimovun da fikirlərini dərc etməyə hazırıq. \\ vertikal.az \\ Geri qayıt |