Əsas Səhifə > Hadisə, Manşet > Gizli oliqarx Qorxmaz Hüseynovdan kapitulyasiya qərarı

Gizli oliqarx Qorxmaz Hüseynovdan kapitulyasiya qərarı


21-05-2015, 10:33
Gizli oliqarx Qorxmaz Hüseynovdan kapitulyasiya qərarı
Artıq neçə müddətdir ki, ölkə mətbuatında, o cümlədən bizim qəzetimizin də səhifələrində “Azərsu” ASC-nin fəaliyyətində müşahidə olunan ciddi korrupsiya hallarına dair bir çox məlumatlar təqdim olunmaqdadır. Bu xüsusda dərc olunan materiallarda milyon manatlarla ölçülən dövlət vəsaitlərinin mənimsənilməsini sübuta yetirən rəqəm və faktlar ortaya qoyulmuşdu. Təbii ki, istənilən bir təşkilatın fəaliyyəti korrupsiya halları ilə müşahidə olunursa, bu fəaliyyətin səmərəliliyindən danışmaq yersizdir. Digər tərəfdən isə “Azərsu” ASC-nin normal fəaliyyətini əngəlləyən əsas məqamlardan birinin də qurumun daxilində bir-biri ilə mübarizə aparan qruplaşmaların mövcudluğu ilə bağlı olduğu hər zaman diqqət mərkəzinə çəkilməkdədir. Bu xüsusda ötən materiallarda da biz artıq göstərmişdik ki, ASC-yə rəhbərlik uğrunda mübarizə aparan belə qruplaşmaların sayı üçdür. Mənbələr birinci qruplaşmaya “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun və Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun aid olduğunu bildirirlər. Əlbəttə ki, bu şəxslərin tutduqları vəzifələr artıq onları digər qruplaşmaların üzvlərindən daha əlverişli mövqeyə qoymuş olur. Belə ki, köhnə komandadan qalmış Etibar Məmmədovun tabeliyində ölkənin bütün rayonlarında fəaliyyət göstərən Su-Kanal MMC-lər vardır ki, bu da onun maliyyə imkanlarının yüksək göstəricisi kimi qəbul oluna bilər. Qorxmaz Hüseynova gəldikdə isə, ASC-nin sədri kimi bu şəxsin imkan və səlahiyyətlərinin digərləri ilə müqayisədə daha çox olduğu da aydın məsələdir. Mənbələr bildirirlər ki, Q.Hüseynov və E.Məmmədov kifayət qədər yaxın dostluq münasibətləri ilə seçilirlər. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda bu dostlara “Azərsu”da vəzifə tutan daha bir şəxsin biznes ortağı kimi qoşulduğu qeyd olunur. Bu şəxs Arzuman Abbasovdur. ASC-də yer almış korrupsiya hallarından danışarkən Əsaslı Tikinti Departamentinin rəisi Arzuman Abbasovun əməllərini xatırlatmamaq olmur. Maraqlıdır ki, bu məmur ASC-yə Qorxmaz Hüseynov sədr təyin olunduqdan sonra az qala öz vəzifəsini itirmək üzrə idi. Lakin çox az müddət sonra Arzuman Abbasovun başının üstünü almış qara buludlar qəfil dağıldı. Buna görə də bir çoxları A.Abbasovu ASC daxilində gedən intriqaların mahir yönləndiricisi kimi dəyərləndirirlər. Daha sonra materiallarda qeyd olunmuş və kifayət qədər marağa səbəb olmuş məqamlardan biri də, əvvəllər ARDNŞ-də məsul vəzifə tutan Qorxmaz Hüseynovun məhz “nurçularla” olan sıx əlaqələrinə görə Rövnəq Abdullayev tərəfindən şirkətdən uzaqlaşdırılması ilə bağlı idi. Lakin bu tədbir Qorxmaz Hüseynovun sonrakı fəaliyyətinə heç bir təsir göstərməyib. Mənbələr iddia edirlər ki, ASC sədrinin “nurçularla” əlaqələri bu gün də olduqca sıx formada davam etməkdədir. Belə ki, Qorxmaz Hüseynov mütəmadi olaraq Türkiyədə “nurçular” tərəfindən təşkil olunan müxtəlif səpkili toplantılarda iştirak etmək məqsədilə tez-tez qardaş ölkəyə səfərlər edir. Aldığımız məlumatda ASC sədri ilə bağlı bu məqama dair maraqlı açıqlamalar təqdim olunmuşdu. Mənbə bildirirdi ki, Qorxmaz Hüseynov hal-hazırda Türkiyədə 150-ə yaxın üzvü olan nurçu qruplaşmalarından birinə başçılıq edir.Lakin sonradan aldığımız başqa bir məlumatda “Azərsu” şefinin “nurçu” karyerasının hal-hazırda təhlükə altında olduğu bildirilirdi. Bu təhlükə isə bir müddət əvvəl “Azərsu” ASC-də məsləhətçi qismində çalışan Teyfiq Göksunun Azərbaycana girişinə qadağa qoyulmasından dolayı yaranmışdı. Belə ki, Teyfiq Göksunun ölkəmizə girişinə qoyulmuş qadağanın aradan qaldırılması üçün Türkiyədə yerləşən “nurçu” qurumlar tərəfindən müxtəlif cəhdlər göstərilməkdə idi. Təbii ki, həmin qurumların ən böyük ümidlərindən biri də Azərbaycanda böyük nüfuz sahibi hesab etdikləri Qorxmaz Hüseynovun bu istiqamətdə ata biləcəyi addımlarla bağlı olmuşdu. Lakin nə “Azərsu” şefinin, nə də ASC sədrinin müavini Etibar Məmmədovun bu xüsusda öz himayədarlarından, yüksək vəzifəli dövlət məmurlarından etdikləri xahişlər bir nəticə vermədi Bundan sonra Türkiyəyə çağırılan Qorxmaz Hüseynov isə ona göstərilən etimadı doğrulda bilmədiyinə görə hesabat verməli olmuşdu. Yeri gəlmişkən, bu xüsusda son aldığımız məlumatda Qorxmaz Hüseynovun Türkiyədəki mülkünü artıq satışa çıxardığı bildirilir. Ehtimal olunur ki, bu addım da məhz “Azərsu” şefinin “nurçular” iyerarxiyasında tutduğu mövqeyini artıq itirməsi ilə əlaqədardır. Bəzi mənbələr isə bu səbəbdən Qorxmaz Hüseynovun öz biznes maraqlarını artıq daha çox şimala istiqamətləndirdiyini iddia edirlər. Lakin elə həmin mənbələrin də iddialarına görə bu maraqlar hələlik ASC sədri tərəfindən Moskva şəhərində fəaliyyət göstərən bəzi iş adamlarına faizə yüksək məbləğlərdə pul verilməsində ifadə olunur...
\\ bizimdovr.az \\
Geri qayıt