Əsas Səhifə > Hadisə, Manşet > Elsevər Ağayev ölkənin dərman bazarında mövqelərini necə möhkəmləndirir
Elsevər Ağayev ölkənin dərman bazarında mövqelərini necə möhkəmləndirir28-04-2015, 09:21 |
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübü ilə bağlı keçirdiyi toplantıda dərman bazarında vəziyyətlə bağlı sərt mövqe ifadə edəndən sonra bütün diqqətlər bu sahəyə yönəldi. "Unikal" olaraq apardığımız araşdırma zamanı ilginc məlumatlar əldə etmişik. Bizi bilgiləndirən şəxs deyib ki, ölkə başçısının dərman bazarında səliqə-səhman yaradılması ilə bağlı tələbi bəziləri üçün münbit şərait yaradıb.Yəni, dərman bazarına nəzarəti həyata keçirən şəxslər bu şəraitdən istifadə edərək, öz maraqlarının təmini üçün müəyyən addımlar atmağa başlayıblar. Öncə onu nəzərə çatdıraq ki, Prezident İlham Əliyev məlum müşavirədə dərmanların baha olmasından danışıb və bu sahənin tənzimlənməsinin vacibliyini vurğulayıb: "Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub, o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır. Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır". Qeyd edək ki, bu mövzu uzun müddətdir ki, mətbuatın gündəmindədir. Azərbaycanda dərman preparatlarının qiymətinin baha olmasının səbəbi kimi bu sahənin monopoliyada olması əsas göstərilir. Ölkədə dərman istehsalı əhalinin tələbatını ödəmədiyi üçün daha çox xaricdən idxal olunur. Bu işi isə bazarda bir neçə şirkət həyata keçirir. "Unikal"ın əldə etdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən dərman firmalarına bu və ya digər formada nəzarəti Səhiyyə Nazirinin müavini Elsevər Ağayev həyata keçirirdi. Yəni, bu gün dərman bazarında anarxiya varsa, burada Elsevər Ağayevin payı böyükdür: "Çünki Elsevər Ağayev səhiyyə nazirinin müavini kimi ölkəyə gətirilən dərmanların keyfiyyəti, qiyməti və digər məsələlərinə görə cavabdeh şəxsdir. Bu gün bazarda saxta, keyfiyyətsiz və həddindən artıq baha qiymətə satılan dərmanlar varsa, deməli, Elsevər Ağayev öz işinin öhdəsindən gələ bilmir, yaxud da həmin firmalara özü şərait yaradır. Məndə olan məlumata görə, indiyə kimi ölkənin dərman bazarında əsas söz sahibi olan firmaların rəhbərləri ilə Elsevər Ağayevin yaxın münasibətləri var və bu münasibətlər iş ortaqlığı səviyyəsindədir. Ancaq prezident İlham Əliyevin məlum çıxışı və xəbərdarlıq etməsi, yeni qaydaların müəyyənləşməsi Elsevər Ağayevin və dostlarının biznesini çökdürüb. Çünki ölkə başçısının sərt tədbirlər planı dərman bazarındakı anarxiyanı aradan qaldıracaq və işbazlar öz niyyətlərinə çata bilməyəcəklər". Səhiyyə nazirinin müavinini ilə bağlı ilginc məlumatın başqa təfərrüatları da var. Bu barədə "Unikal"a məlumat verən dərman bazarında kifayət qədər yeri olan firmaların rəhbərlərindən biri deyib ki, Elsevər Ağayev hazırkı vəziyyəti öz xeyrinə istiqamətləndirməyə çalışır. "Bu ayadın məsələdir ki, prezidentin məlum təpkisindən sonra dərman bazarında təmizlənmə olacaq. Yəni, Elsevər Ağayevin nəzarətində olan bütün firmalar çökdürüləcək. Buna görə də ortaya yeni bir dərman firmasının çıxması zərurəti yaranacaq. Elə ona görə də Elsevər Ağayev fürsətdən istifadə edərək "Zeytuna" adlı yeni bir dərman firması yaradır və ölkədəki apteklərin böyük əksəriyyətini də onun çətiri altında birləşməsi üçün müəyyən addımlar atıb. Bu şəbəkəyə qoşulmaq istəməyənlər isə lisenziya ala bilməyəcəkləri ilə qorxudulur. Əgər proses bu şəkildə davam etsə, qısa zamanda bazara yeni bir dərman firması, eləcə də ona birləşik apteklər şəbəkəsi yaradılacaq. Sözsüz ki, bu şəbəkəyə birbaşa Elsevər Ağayev nəzarət edəcək", - deyə mənbə fikrini tamamlayıb. Görünən odur ki, E.Ağayev qısa müddətdə dərman bazarının tək hakimi olmaq istəyir. Amma onun bu niyyətinin nə dərəcədə reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Geri qayıt |