Əsas Səhifə > Hadisə, Manşet > Şirvanda "milyarder Əvəz"in oğlu dövlətin əmlakına ziyan vurub

Şirvanda "milyarder Əvəz"in oğlu dövlətin əmlakına ziyan vurub


25-04-2015, 11:39
Şirvanda "milyarder Əvəz"in oğlu dövlətin əmlakına ziyan vurub
Narkotik vasitələrdən istifadə gənclərin yalnız sağlamlığına deyil, mənəvi inkişafına da böyük zərər vurur. Bu zərərlərdən qorunmaq, ondan uzaqlaşmaq üçün gənclərin ailələrilə yanaşı, dövlət də, ictimai qurumlar da, təhsil müəssisələri də böyük işlər görməlidir. Görürlər də. Birmənalı olaraq gəncliyin həyatını, gələcəyini cəhənnəmə çevirən narkotikdən asılılıq böyük bir bəladır.

Bu bəladan necə xilas olmağın yolları isə hamını düşündürür. Bütün dünyanı hədələyən narkotikdən can qurtarmaq üçün təbliğat işi davam etməlidir. Gəncliyin mənəviyyatına, sağlamlığına, müstəqil düşünmə qabiliyyətinə zərər vuran, cəmiyyət üçün yararlı olmasını əngəlləyən vasitələrdən biri narkotikdən istifadədir. Gənclərin müəyyən bir qisminin aludə olduğu bu zərərli vərdiş onların həyatını məhv edir, xoşbəxt gələcəklərini qaranlıq altında qoyur. Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi bu neqativ hala qarşı davamlı mübarizə aparır. Bu qurumun səyi nəticəsində bu sahədə xeyli iş aparılıb, bu gün də aparılmaqdadır. Lakin gənclərin bir çoxu bu zərərli vərdişdən heç cür əl çəkmir. Nəticədə müxtəlif fəsadlar meydana çıxır. Sirr deyil ki, imkanlı şəxslərin, hətta bəzi məmurların övladları narkotik maddələrdən istifadə edirlər. Buna görə də bir sıra xoşagəlməz hadisələr qeydə alınır. Şirvan şəhərində "milyarder Əvəz" kimi tanınan iş adamının oğlu Azad adlı şəxsin barəsində redaksiyamıza ilginc informasiyalar daxil olub. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, Azad adlı gənc aprelin 23-də gecə saatlarında şəhərin "Asudə vaxt" adlanan ərazisində "Prado" markalı krossover, 90-066 dövlət nömrə nişanlı maşını ilə ağır yol qəzası törədib: "Deyilənə görə, Azad hadisəni törədən zaman hansısa vasitənin təsiri altında olub. Qəza zamanı yanında əks cinsin nümayəndəsinin olduğu da bildirilir. Hadisə iri miqyasda baş versə də, bu gənc atasının pulunun hesabına məsuliyyətdən kənarda qalmağı bacarıb. Qəza nəticəsində dövlət büdcəsinin vəsaitləri hesabına yolun kənarına çəkilmiş dəmir barmaqlıqlar, qazon və bəzi ağaclar yararsız hala düşüb. Halbuki, Şirvanda belə hadisələr törədən şəxsləri polis əməkdaşları dərhal saxlayır və müvafiq tədbirlər görür. "Milyarder Əvəz"in oğlu isə azadlıqda gəzir. Onun cəzasız qalması gələcəkdə belə hadisələrin təkrarlanmasına səbəb ola bilər. Birinci Avropa Oyunlarının məşəli məhz qəza baş verən ərazidən keçəcək. Bu məqsədlə Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhərdə abadlıq-quruculuq işləri aparır. İş adamının oğlu isə həyata keçirilən işlərin üstündən xətt çəkir. Adamın atasının pulu çox olanda belə etməlidir?". Mənbəmiz həmçinin onu da bildirdi ki, qəza törədən şəxs Saatlı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Taleh adlı şəxsin qaynıdır: "Bundan başqa, onun atasının Şirvan şəhərində onlarla mənzili, super-marketləri və digər obyektləri var. Pula pul demirlər. Buna görə də ürəkləri istəyən qanun pozuntusunu törədirlər. Şəhərdəki "Azad market" məhz onun adı ilə bağlıdır. Bu cür neqativ işlərin baş verməsi şəhər sakinlərini narahat edir. Əgər bu şəxs dəmir barmaqlıqlar əvəzinə, adama dəysəydi, necə olacaqdı? Yəqin onda da atası aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarına nəsə verib, işi bağlayacaqdı". Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Redaksiyamıza göndərilən şəkillər də hər şeyi sübut edir. Dövlətin əmlakına bu formada ziyan vurmaq olmaz.
\\ GünBakı \\
Geri qayıt