Əsas Səhifə > Hadisə, Manşet > İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır

İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır


20-04-2015, 13:32
İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır
Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. 2012-ci ilin aprel ayından rayona rəhbərlik edən icra başçısı Vaqif Abdullayevin bir sıra qanunazidd işlərə qol qoyması, başqa sözlə desək, rayonun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatı üzrə xərcləməməsi beyləqanlıların etirazına səbəb olub.

Yerli sakinləri narahat edən əsas məsələlərdən biri isə pay torpaqlarının mənimsənilməsi və təyinatının qeyri-qanuni yolla dəyişdirilərək müxtəlif iş adamlarına satılmasıdır. Bu haqda az sonra məlumat verəcəyik. Qeyd edək ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycanda torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür. Onlardan biri də fermer təsərrüfatlarının istifadə etdiyi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi 4,8 milyon hektardır. Kənd təsərrüfatı təyinatlı torpaqların 1,7 milyon hektarını əkin yerləri təşkil edir ki, bundan da 1,1 milyon hektarı suvarılandır. Qanunvericiliyə görə, torpaq xüsusi mülkiyyətə ölkə vətəndaşlarına və hüquqi şəxslərə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Özəl mülkiyyətdə olan torpaq sahələri birbaşa, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə hərrac və müsabiqələr vasitəsilə satılır və ya icarəyə verilir. Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün torpağın məxsus olduğu ailənin bütün üzvlərinin iştirakı vacibdir. Etibarlı mənbənin sözlərinə görə isə icra başçısı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq pay torpaqlarının ayrı-ayrı iş adamlarına satılmasına şərait yaradır: "Beyləqanın əksər kəndlərində vətəndaşlara məxsus pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. Bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Sənədlə yerli əhaliyə məxsus olan pay torpaqlarının bir hissəsində ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, obyekt filan tikdiriblər. Bundan başqa, pay torpaqlarının bölünməsində saxtakarlıq və qanunsuzluğa yol verilib. Kənddə torpaq islahatları komissiya üzvləri tərəfindən bilərəkdən düzgün aparılmayıb və başqa prinsiplər üzrə həyata keçirilib. Pay torpaqlarının bölüşdürülməsində, həm də istifadəsində çoxsaylı nöqsanlar var. Torpaqların bir neçə hektarı bilərəkdən xəritəyə salınmayıb, gizlədilib. Buradakı kolxozlarda islahata gedən torpaq sahələrinin böyük əksəriyyəti əhaliyə verilməyib və vergisi də gizlədilir. Dövlət aktlarının əksəriyyəti rayonun icra başçısının göstərişi ilə əhalidən yığılır, yenidən islahat keçiriləcəyi bildirilir. Ancaq nəticə yoxdur". İcra başçısının dövlət büdcəsindən ayrılan vəsaitləri düzgün xərcləmədiyini deyən mənbə bildirdi ki, bütün bu kimi neqativ işlər Beyləqanda gərginliyin yaranmasına gətirib çıxarıb: "Aprelin 10-da Vaqif müəllimin rayona rəhbərlik etməsinin 3 ili tamam oldu. Amma bu illər ərzində o bizim üçün heç bir iş görməyib. Son illərdə Beyləqan Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi bir qrup şəxs tərəfindən mənimsənilib. Odur ki, rayonun əksər kəndlərində müxtəlif problemlər hökm sürür. Əhaliyə normal şəkildə qaz, su və işıq verilmir. Əksər kəndlərdə yollar bərbad vəziyyətdədir". Xatırladaq ki, Beyləqan rayonunun Dünyamalılar kəndinin bir qrup sakini yolların yararsızlığına etiraz olaraq keçən il aksiya keçirib. Onlar İmişli-Daşburun avtomobil yolunu bağlayıb. Sakinlər yollara ayrılan büdcə pullarının yeyintisinə, məqsədəuyğun sərf edilməməsinə etiraz bildiriblər: "Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur". Etiraza baxmayaraq, rayon rəhbəri sakinlərin qarşısına çıxıb, onları narahat edən məsələləri dinləməmişdi. Mənbənin dediyinə görə, icra başçısı yalnız öz mənafeyini fikirləşir: "Biz acınacaqlı vəziyyətdə yaşayırıq, lakin onun özü, ailə üzvləri milyonluq villalarda kef çəkir. Soruşan yoxdur ki, ay məmur, sən Bakıdakı imarətləri, ticarət obyektlərini hansı pulla almısan? Dövlətin büdcəsini dağıtmaq ən böyük cinayət hesab olunmalıdır. Prezident vəsaiti ona görə ayırır ki, bölgələrimiz gözəlləşsin, əhalinin sosial durumu yaxşılaşsın və yeni iş yerləri açılsın. Təəssüf ki, bəzi məmurlar, o cümlədən bizim icra başçısı öz bildiyini edir". Bu arada, qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda adıçəkilən məmurla bağlı ilginc iddia ortaya atılıb. Bəzi saytların yazdığına əsasən, Beyləqan rayonunun 2014-cü il üçün nəzərdə tutulan büdcəsindən şəhərin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008" MMC-yə 240 min manat ayrılıb: "Amma bu sənəd üzərində belədir. Həmin vəsaitlərin bir hissəsi silinib. Digər mənimsəmələr də olduğundan rəsmi şəkildə ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008" MMC-yə çatıb. Eşitdiyimə görə, bu işdə "Mirdamət-2008" MMC-nin Atamoğlan adlı rəhbəri ilə Beyləqan şəhər icra nümayəndəsi Azil Aslanovun da əli olub". Başqa bir xəbərə görə, 2 saylı uşaq bağçasının tikintisi zamanı da böyük yeyintiyə yol verilib. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq.

Geri qayıt