Əsas Səhifə > Hadisə, Manşet > Bu rayonda təhsil sistemi rəsmən çökdürülüb...
Bu rayonda təhsil sistemi rəsmən çökdürülüb...16-04-2015, 10:45 |
Orta və məktəbəqədər təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan şəxslərin tabeliyindəki insanları bankdan kredit götürməyə məcbur etməsi bir növ adi hal alıb. Yadınıza düşürsə, 171 saylı orta məktəbin direktoru İradə Murquzovanın təhsil ocağının müəllimlərinin adına məcburən banklardan müxtəlif məbləğlərdə kredit götürməsi xəbəri ötən il geniş müzakirə mövzusuna çevrilmişdi. Musiqi müəllimi işləyən Kifayət Rzayeva direktor İradə Murquzovanın təkidilə bankdan 4 min AZN kredit götürdüyünü açıqlamışdı: "Ancaq direktor bu borcu qaytarmaqdan imtina edib. Nəticədə məni məhkəməyə dəvət etdilər. Məlum olub ki, direktor krediti aybaay geri qaytarmayıb". Qeyd edək ki, məsələnin ictimailəşməsi Təhsil Nazirliyinin rəsmilərini direktorun barəsində tədbir görməyə məcbur etdi. Beləliklə, kredit qalmaqalına adı qarışan İradə Murquzova işdən azad olundu. Bu günlərdə isə Qazax rayonunun Xanlıqlar kənd uşaq bağçasının müdiri Xatirə Əsgərovanın buna oxşar əməlinin üstü açıldı. Baş Prokurorluğun yaydığı məlumata görə, Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Məlumatda deyilir ki, aparılmış istintaqla Pərvanə Səfərovanın X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub. İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək. Bildirək ki, kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova oğluna ev alacağı adı ilə həmkəndlilərinin adına müxtəlif banklardan 100 min manatdan yuxarı kredit götürüb. Əksər şəxslərin adına azı 3-4 fərqli banka kredit rəsmiləşdirilib. Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin də adı buna bənzər hadisədə hallandırılır. Redaksiyamıza daxil olan məlumatlara görə, şöbə müdiri bir neçə gün əvvəl rayonda fəaliyyət göstərən məktəblərin direktorlarını yığaraq onların qarşısında ağır şərt qoyub: "Təhsil şöbəsində keçirilən iclasda mən də iştirak edirdim. Amma sizdən xahiş edirəm adımı açıqlamayın. Yoxsa Şamil müəllim məni dərhal işdən azad edər. Şöbə müdiri bizə bildirdi ki, hərəniz bankdan 5 min manat kredit götürüb mənə verməlisiniz. Əks təqdirdə, sizi məktəb direktoru vəzifəsindən azad edəcəm. Pulun nə üçün lazım olduğunu soruşanda isə "rayon rəhbərliyinə çatdıracam" deyə cavab verdi. Şamil Nurəliyev açıq-aşkar şəkildə bizi bankdan kredit götürməyə təhrik edir. Dövlətdən aldığımız maaş ailəmizi dolandırmağa yetmir, bankdan kredit götürsək, lap pis günə qalarıq. Heç birimiz bu vəziyyətlə barışmaq niyyətində deyilik. Təhsil şöbəsinin müdiri bəlkə də rayon rəhbərliyinin adından istifadə edir. Çünki belə kritik dönəmdə icra başçısı, yaxud müavinləri risk edib şöbə müdirinə bu cür tapşırıq verməz. Çox güman ki, o bizdən tələb etdiyi pullarla öz maliyyə imkanlarını bir qədər də yaxşılaşdırmaq haqda fikirləşir. Qoy nazir Mikayıl Cabbarov bilsin ki, Misir Mərdanovun yadigarlarından sayılan Şamil Nurəliyev Saatlı rayonunun təhsil sistemini pis günə qoyub. O, rayonun təhsil sisteminin inkişafı üçün iş görmür. Elə hey deyir ki, filan qədər gətirin. Başa düşmür ki, məktəb direktoruyuq, bank müdiri deyilik. Xahiş edirəm ki, mənim kimi onlarla məktəb rəhbərini narahat edən problemi qəzetinizdə işıqlandırasınız. Bəlkə mətbuatın məsələyə müdaxiləsindən sonra Şamil Nurəliyev özbaşına əməllərindən əl çəkər". İttihamlara aydınlıq gətirmək üçün Saatlı RTŞ-nin müdirinə zəng vurduq. O isə atasının yas mərasimində olduğunu deyərək danışa bilməyəcəyini söylədi. Hər halda, şöbə müdiri ilə bağlı belə ittihamlar səsləndirilirsə, aidiyyəti dövlət qurumları tərəfindən dərhal reaksiya verilməlidir. Yoxsa rayonun təhsilində xoşagəlməz hadisələr qeydə alına bilər. Geri qayıt |