Əsas Səhifə > Hadisə, Manşet > Hökumətdən ilginc qərar: Fırıldaqçı inşaat şirkətləri hədəfə alınır
Hökumətdən ilginc qərar: Fırıldaqçı inşaat şirkətləri hədəfə alınır3-04-2015, 10:33 |
Son vaxtlar ev almaq istəyən vətəndaşların aldadılması az qala adi hala çevrilib. Məlumat üçün qeyd edək ki, jinayət qanunverijliyində belə əməlin adı dələduzluq adlandırılır və belə əməlləri törədənlər üçün ağır cinayət məsuliyyəti nəzərdə tutulub. Son illərdə Bakıda tikinti işləri ilə məşğul olan xeyli sayda şirkət (daha doğrusu, şirkət rəhbərləri) dələduzluqla məşğul olmaqla gəlirlərini artırmaqda, paralel olaraq vətəndaşlara külli miqdarda ziyan vurmaqda davam edir. Rəsmi məlumata görə, hazırda 10-dan artıq tikinti şirkətinin rəhbərliyi barəsində dələduzluq əməllərinə görə cinayət işi açılıb. Təəssüf ki, həmin tikinti şirkətləri vətəndaşlara şirnikləndirici vədlər verərək, arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək, nəticədə insanları daha rahat şəkildə aldadırlar. DİA.AZ xatırladır ki, belə şirkətlərdən birinin “MURAY” MMC olması üzə çıxdı ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Xatırladaq ki, sözügedən şirkət vətəndaşlardan qabaqcadan pul yığsa da, bir mənzili bir neçə nəfərə satmaqla, yaxud vəd edilən mənzilləri tikməməklə onları aldatmışdı. “MURAY” işi yaddan çıxmamış paytaxtda vətəndaşları aldadan daha bir tikinti şirkətinın cinayət əməlləri faş oldu. "G. E. N" MMC adlı tikinti şirkəti "Uğurlar", "Elgün E" və "GEN Holdinq" kimi məhdud məsuliyyətli cəmiyyətlər təsis edərək mütəşəkkil dəstə yaradaraq, 373 vətəndaşı aldatmaqla onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Dələduzluqla məşğul olan tikinti şirkətlərinin sırasında “FUAD LTD” MMC, “Xəzərə mənzərə” MTK kimi çoxlu sayda şirkətlərin adı keçir. Mənzil fırıldaqçılığı o qədər gəlirli və nəzarətsiz sahə hesab olunur ki, hətta, sadə vətəndaşlar da bu yolla külli miqdarda gəlir əldə etmək eşqinə düşürlər. Belə ki, bir müddət öncə, Sabirabad rayonunda vətəndaşların dələduzluq yolu ilə aldadılması faktı aşkarlanıb. Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, Sabirabad şəhər sakini, 1954-cü il təvəllüdlü Əliyev Muradəli Qaçay oğlu tanışları - Cəfərov Əlimirzə Cəfər oğlu, Zeynalov Hafiz Tərlan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq, imkansız ailələrə özlərini xeyriyyəçi kimi təqdim ediblər. Onlar ev tikdirəcəklərini, əvvəlcədən tikiləcək evlərə 3 min manat ödəniş edilməsinin vacib olduğunu deyib, həmin şəxslərin etibarından sui-istifadə etməklə pullarını ələ keçiriblər. Bu əməlləri ilə onlar İmişli, Zərdab və Kürdəmir rayonlarında da eyni üsulla bir qrup sakini aldadaraq, pullarını mənimsəyiblər. Bəzən elə hallar olur ki, tikinti şirkəti, inşası başa çatmayan binada olmayan mənzilləri bir neçə nəfərə satır. Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma olmayan mənzillərin bir neçə sahibi var. Ekspertlərin fikrinə görə, belə vəziyyətin yaranması bir sıra obyektiv və subyektiv amillərlə bağlıdır. İlk növbədə məmur-vətəndaş münasibətləri o dərəcədə sivil formaya çatmayıb ki, vətəndaşlar öz problemlərini həll etmək məqsədilə dövlət orqanlarına qanunamüvafiq şəkildə müraciət etsinlər. problem ondadır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzilə görə pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var. DİA.AZ bildirir ki, bu məsələ artıq rəsmi dairələr üçün də aktual problem əhəmiyyətindədir. Belə ki, məlumatlı mənbənin redaksiyamıza söylədiyinə görə, vətəndaşların mülkiyyət hüquqlarını pozan tikinti şirkətlərinə qarşı sərt addımların atılması planlaşdırılır. Mənbənin dia-az.site-a söylədikləri: "Hətta bu kimi şirkətlərin inşaat sektorundan uzaqlaşdırılması, yeni həbslər, vətəndaşların haqqlarını qoruyan yeni hüquqi bazanın formalaşdırılması və digər bu kimi addımlar atılacaq. Yaxın günlərdə bunu müşahidə edəcəyik. Hakimiyyət bu məsələdə israrlıdır. Çünki artıq tikinti bazarında bir düzən zərurəti həddən artıq hiss olunandır". Geri qayıt |