Əsas Səhifə > Hadisə, Manşet > Bu dəfə Elman Rüstəmovun özünün "məzənnəsi" aşağı düşə bilər...

Bu dəfə Elman Rüstəmovun özünün "məzənnəsi" aşağı düşə bilər...


18-03-2015, 11:12
Bu dəfə Elman Rüstəmovun özünün "məzənnəsi" aşağı düşə bilər...
Mərkəzi Bankın sədri Elman Rüstəmov artıq bir neçə həftədir ki, gözə dəymir. Müşahidəçi ekspertlər bunu müxtəlif səbəblərlə izah etməyə çalışsalar, da yekdil rəy ondan ibarətdir ki, baş "bankir”imizin imici böhran içindədir. Məlumata görə, manatın kəskin devalvasiyasından sonra Elman Rüstəmovun düşdüyü kəskin stress vəziyyətindən hələ də qurtula bilmədiyi üzə çıxıb. Manatın dəyərinin düşməsi ökədə ciddi bahalaşmaya səbəb olub. İdxal olunan ərzaq və qeyri ərzaq məhsullarının qiymətlərində korrektə adı altında dəyişikliklər edilib. Ərzaq bazarında nəzarət imkanında bulunan əsas şirkətlərin əksəriyyəti qiymətləri artıracağını gizlətmir. Baş "bankir” ola bilsin, ölkədə yaranmış bu vəziyyəti nəzərə alaraq Azərbaycan Televiziyasına verdiyi devalvasiya qabağı müsahibəsində belə demişdi:

"Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı". Ardınca nələrin yaşandığını hamımız bilirik. Lakin Elman Rüstəmovu bu addıma sövq edən səbəblər geniş ictimaiyyətə hələ də qaranlıq qalır. Bəs səbəb olmaya-olmaya kəskin devalvasiyaya ehtiyac hardan yarandı? Bizcə, Elman Rüstəmovun son zamanlar qeybə çəkilməsində bu səbəbsiz "yalanın" böyük rolu var. Necə olmasa, baş "bankir”imizin manatı qiymətdən salması bilərəkdən və düşünülmüş, eynən də mənafelərimizə zidd addım kimi qiymətləndirilir. Digər tərəfdən, sirr deyil ki, gözlənilən devalvasiya barədə Elman Rüstəmova yaxın-uzaq oliqarxların demək olar ki, hamısının məlumatı olub. Hələ ötən ilin dekabr ayından başlayaraq ölkədən xaricə valyuta transferlərinin həcminin bir neçə dəfə artdığı barədə məlumatlar da var. Ehtimal ki, valyuta transferlərində Elman Rüstəmovun da müəyyən "fəaliyyəti" olmamış deyil. Bu barədə aldığımız məlumatda deyilir ki, Elman Rüstəmov manatın dəyərdən düşməsi ərəfəsində təcili qaydada öz yaxın ətrafına müvafiq göstərişlər verərək malik olduğu sərvətin yerləşdirildiyi xarici banklarda ayrı-ayrı adamların adına ehtiyat variant kimi yeni valyuta hesablarının açılmasını təmin etməyi tapşırıb. Məqsəd Azərbaycandan xarici ölkə banklarına transfer edilmiş külli miqdarda valyutanın izini itirmək olub. Lakin gecikmiş bu tədbirin baş tutmadığı, nəticədə Elman Rüstəmovun bir sıra bəzi başqa sirlərinin üzə çıxdığı məlum olub. Yadınızdadırsa, bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın sədrinin sərvəti Səudiyyə Ərəbistanı kralının varidatı ilə müqayisə olunmuşdu. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyədək heç kəs bu "şərəfə" layiq görülməyib. Dolayısı ilə belə bir müqayisənin aparılması Elman Rüstəmovun özü üçün ciddi siqnal rolunu oynamaqla yanaşı, son 23 ildəki fəaliyyətinə hüquqi qiymət verilməsi üçün əsas yarada bilər. Məhz bu cür yanaşmalarla Elman Rüstəmovun baş "bankir” rolunda apardığı valyuta transferi əməliyyatlarının ölkə iqtisadiyyatı üçün ilk baxışdan nəzərə çarpmayan acı nəticələrini təsəvvür etmək bir o qədər də çətin deyil. Elman Rüstəmova depressiya yaşada biləcək bu amilin olduğu ehtimalı ortadadır. Bu mənada, Mərkəzi Bankın sədrinin sərvətinin siyahıya alınması barədə yayılan xəbərləri ciddi qəbul etmək lazımdır. Bəzi iddialara görə isə Elman Rüstəmov nəzarətə götürülüb. Yaxın günlərdə onun fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq məlumat veriləcəyini gözləmək olar.
\\ GünBakı \\
Geri qayıt