Əsas Səhifə > Hadisə, Manşet > Etibar Pirverdiyev milyonlar qazandığı obyektləri itirir
Etibar Pirverdiyev milyonlar qazandığı obyektləri itirir14-03-2015, 16:00 |
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC)sədri Etibar Pirverdiyev səlahiyyətlərini bir-bir itirir.Xatırladaq ki, bir neçə gün əvvəl "Azərişıq" ASC-nin sözçüləri prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, yaxın zamanlarda "Azərişıq"la bağlı təhvil-təslim işlərinin yekunlaşacağını bildiriblər: "Azərişıq" bütün regionlar üzrə tam səlahiyyətlərinin icrasına başlayır. ASC-nin Bakı şəhəri ilə birgə 7 regional idarəsi (Biri Bakıda, 6-sı regionlarda) yaradılacaq. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə veriləcək". Qeyd edək ki, dövlət başçısının "Azərişıq" ASC-nin yaradılması ilə bağlı sərəncamında qeyd edilir ki, respublika ərazisində "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün. Qaydalara uyğun olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnamələrinin və strukturlarının layihələri hazırlanıb hökumətə təqdim edilib. Bu barədə dövlət başçısının sərəncamında Nazirlər Kabinetinə xüsusi tapşırıq var. Bununla da, "Azərnerji" ASC-nin tabeliyində olan rayon elektrik şəbəkələri (işıq idarələri) adıçəkilən ASC-dən alınaraq, "Azərişıq" ASC-nin tabeliyinə verilir. Bu isə o deməkdir ki, Etibar Pirverdiyev həm səlahiyyətlərinin əsas hissəsini itirir, həm də böyük qazanclardan məhrum olur. Əslində, "Azərenerji" rəhbərinin bu formada "vurulması" gözlənilən idi. Belə ki, son vaxtlar Etibar Pirverdiyevlə bağlı mətbuatda yayılan məlumatlarda qurumda mövcud olan milyonluq maxinasiyalar və adıçəkilən məmurun biznes imperiyası yaratması haqda ilginc faktlar açıqlanırdı. Məhz bu faktların izinə düşən yuxarı instansiyaların nümayəndələri Etibar Pirverdiyevin bu günə qədərki fəaliyyətini araşdırıb ciddi qanun pozuntularını aşkar ediblər. Mətbuatda yazılanlardan o da məlum olur ki, son illər "Azərenerji" ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb. Yəni ayrılan vəsaitlər təyinatı üzrə istifadə edilməyib. Başqa sözlə desək, Etibar Pirverdiyev qarşıya qoyulan vəzifələri yerinə yetirməkdənsə daha çox şəxsi işlərinə üstünlük verib. Araşdırmalar göstərir ki, ASC rəhbəri geridə qalan illər ərzində böyük sərvət yığmağı bacarıb. Əldə etdiyimiz məlumatlara görə, 2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "İnter Enerji" MMC-ni "Azenco" ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında qeyd edilib ki,"İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödəməyi öhdəsinə götürüb: "Azenco" ASC 2008-ci ilə qədər "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adıyla fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə "İnter Enerji" udub (23 dekabr 2009-cu il). "İnter Enerji" MMC "Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə qaynı həyata keçirir. 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni Etibar Pirverdiyev 500 milyon manatlıq "Azenco"nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. "İnter Enerji" Sumqayıt Texnologiya Parkını da ələ keçirib. Etibar Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradıb ki, "Azərenerji"nin təchizatını tam inhisarda saxlasın. Yəni "Azərenerji"yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq "İnter Enerji" MMC olub. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilib. "İnter Enerji" MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət "Azerenerji"nin sayğac quraşdırılması sifarişini yerinə yetirib. Bir sözlə, sifarişçi də Etibar Pirverdiyevdir, təchizatçı da, podratçı da". Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlarda isə deyilir ki, "Azərişıq" ASC-nin yaradılması və "Azərenerji"nin əksər səlahiyyətinin bu quruma verilməsi Etibar Pirverdiyevin bütün planlarını alt-üst edib, eyni zamanda onun karyerasının sonunu gətirib. Mənbənin sözlərinə görə, ASC sədri nəzarətində olan iri obyektləri- Sumqayıt Texnologiya Parkını, "Azenco" və "İnter Enerji" MMC-ni itirmək üzrədir: "Etibar Pirverdiyev indiyə qədər rəhbəri olduğu quruma ayrılan investisiyaları müxtəlif yollarla mənimsəməyə nail olub. Bu işdə Sumqayıt Texnologiyalar Parkı, eləcə də adını qeyd etdiyim digər mmc-lər onun köməyinə çatıb. Amma bundan sonra vəziyyət tam fərqli olacaq. Çünki Baba Rzayev "Azərişıq" ASC-nin təchizat işlərini yəqin ki, özünə yaxın olan şirkətlərin vasitəsilə həyata keçirəcək. Bu isə o deməkdir ki, Etibar Pirverdiyev milyonlardan məhrum olacaq". Biz inanmaq istərdik ki, yeni yaradılan "Azərişıq" ASC ümidləri doğruldacaq və "Azərenerji"nin bərbad hala saldığı sahəni dirçəltməyə nail olacaq. Geri qayıt |