Əsas Səhifə > Hadisə, Manşet > Biabırçılıq: Şirvanda şəhid ailəsini kimlər təhqir edib?

Biabırçılıq: Şirvanda şəhid ailəsini kimlər təhqir edib?


28-02-2015, 16:40
Biabırçılıq: Şirvanda şəhid ailəsini kimlər təhqir edib?
Ötən gün redaksiyamıza şikayət ərizəsilə müraciət edən Şirvan şəhəri, Mehmandarov küçəsi, dalan 1, ev 4 mənzil 3-də yaşayan Sitarə Əziz qızı Mikayılova şəhid anası olduğunu bildirməklə yanaşı, başına gələn müsibətlərdən danışdı. Belə ki, "Mən 1992-ci ildə Qarabağda, Füzuli rayonunun müdafiəsində şəhid olan Vahid Sarıbala oğlu Mikayılovun anasıyam" deyən şikayətçi 1993-cü ildə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən 4 nömrəli mağazanın 2 saylı filialında çörək satdığını bildirdi. Sitarə Mikayılovanın sözlərinə görə, həmin mağazada ondan başqa Afaridun Bavər Əjdər qızı da çalışıb: "O, 1997-ci ildə öz ərizəsilə işdən çıxdı. Mən isə qalıb işlədim. Çünki başqa dolanışıq yerim yox idi. Həmin mağazanı məndən başqa heç kim özəlləşdirə bilməzdi.

Lakin sonradan mağazanın bir hissəsini Əvəz Əliyev adlı təqaüddə olan polis əməkdaşı zəb etdi. Mən ona mağazanı qanunsuz zəbt etdiyini bildirdim və buna görə də ondan obyekti boşaltmasını tələb etdim". Şikayətçi iddia edir ki, məhz bundan sonra Əvəz Əliyev adlı keçmiş polis əməkdaşı Afaridun Bavər Əjdər qızını tapıb və bu yolla məni susdurmağa çalışıb: "Belə ki, Əvəz Əliyev vəkil işləyən kürəkəni Ruslan adlı şəxsin yardımı ilə məni məhkəməyə verib. Onlar məhkəmədə iddia qaldırmaqla mağazanı məndən almaq istəyirlər. Lakin Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyev onların iddiasını rədd etdi və mağazanın boşaldılması ilə bağlı qərar çıxardı. Lakin Əvəz Əliyev bu günə kimi mağazanı boşaltmır. Bundan sonra məcbur olub məsələ ilə bağlı Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanova müraciət etdim. Ondan mağazanı özəlləşdirə bilməyim üçün Əvəz Əliyev tərəfindən qanunsuz olaraq zəbt olunmuş 5 kvadratmetrlik ərazinin geri qaytarılmasına yardımçı olmasını xahiş etdim. Qeyd edim ki, icra başçısının birinci müavini Samit müəllim və Dövlət Əmlak Komitəsinin aidiyyəti orqanlarının xəbərdarlıqlarına baxmayaraq, kürəkəni Ruslana arxalanan Əvəz Əliyev zəbt etdiyi ərazini boşaltmır".

Üzləşdiyi problemlə bağlı bir neçə dövlət qurumuna rəsmi qaydada müraciət etdiyini vurğulayan şəhid anası Əvəz Əliyev tərəfindən zəbt olunmuş ərazinin ona geri qaytarılmasını xahiş edir: "Mən yaşlı qadınam, şəhid anasıyam, indiyədək heç kimə bir pisliyim dəyməyib. Bu Vətən, bu millət, dövlət üçün oğlumu şəhid vermişəm. İndi isə həmin mağazanın hesabına zorla da olsa dolanıram. Amma keçmiş polis əməkdaşı əlaqələrindən istifadə edərək mənim hüquqlarımı tapdalayır. Əvəz Əliyev ölkə qanunlarına hörmətsiz yanaşdığı üçün Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin çıxardığı qətnamənin tələblərinə əməl etmir. Halbuki məhkəmə qərarı ilə o, mağazanı boşaltmalıdır. Hələ bu azmış kimi, Əvəz Əliyevin kürəkəni Ruslan mağazanı boşaltmalarını tələb etdikdə, mənə elə bir ağız söz dedi ki, indi də özümə gələ bilmirəm. Belə ki, Ruslan dedi ki, şəhidlik vəsiqəsini əlində tutub düşmüsən qapılara. O, şəhid oğlumun ruhuna hörmətsizlik etdi. Onun oğlum barəsindəki ağır sözləri ürəyimə bıçaq kimi girdi. Neçə gündür gözümə yuxu da getmir. Axı mən oğlumu bu millət uğrunda qurban vermişəm. Qəzetiniz vasitəsilə aidiyyəti qurumlara müraciət edir və onlardan xahiş edirəm ki, Əvəz Əliyev, eləcə də onun kürəkəni Ruslan barəsində müvafiq ölçü götürsünlər. Əgər şəhid ruhunu təhqir edən Ruslan barəsində ölçü götürülməsə, onda mən şəhid anası olmağımla bağlı vəsiqəni ölkə başçısına göndərəcəm. Qoy, cənab prezidentimiz özü canını Vətən üçün qurban verən şəxsi təhqir edənləri cəzalandırsın. Mən şəhid anası kimi ölkə başçısına sonsuz güvənir və ümid edirəm ki, məhz o, üzləşdiyim problemin həllində yardımçı olacaq".

Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Geri qayıt