Əsas Səhifə > Hadisə, Manşet > Bakıda oliqarx-məmurların bazarlar uğrunda acımasız savaşı

Bakıda oliqarx-məmurların bazarlar uğrunda acımasız savaşı


18-02-2015, 11:29
Bakıda oliqarx-məmurların bazarlar uğrunda acımasız savaşı
Hər ötən il paytaxtdakı bazarların sayı azalır. Artıq Pasaj bazarı, Yasamal bazarı, Beş mərtəbə yaxınlığındakı bazar, Şüşəli bazar, Kömürçü bazarı tarixə qovuşub.

Bu cür ənənəvi bazarlarda alıcı ilə satıcı arasında həmişə qiymət bazarlığı olur. Hələ axşam bazarında isə daha ucuz qiymətə məhsul tapmaq mümkündür. Bunların heç biri hazırki müasirləşmiş dükan və supermarketlərdə yoxdur. Azərbaycan şərq ölkəsi olduğu üçün bazarların bizim əhali üçün ayrıca bir yeri var. Bununla belə, bazarlar həmçinin turistlərin maraq göstərdiyi əsas yerlərdən biridir. Hər bir şəxs səyahət etdiyi ölkənin bazarından nəsə alaraq öz vətəninə aparmaq istəyir. Bu gedişlə isə ölkəmizə gələn əcnəbilər nəsə almaq üçün bazar tapa bilməyəcəklər.
İndi isə Bakının ən ucuz bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi" satılıb. Bəs görəsən bu bazar da digərləri kimi tarixə qovuşacaq? Paytaxtın ən böyük bazarlarından sayılan "8-ci km Ticarət Mərkəzi"nin aqibəti necə olacaq?
Apardığımız qısa bir araşdırmadan məlum olub ki, bazarın yalnız bir hissəsi satılıb. Yerdə qalan hissə isə özəl olduğu üçün oranın öz sahibi var. Satılan ərazi isə bazarın içərisində balıq və ət məhsullarının satıldığı ticarət mərkəzidir. Həmin mərkəzin yeni sahibi dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə 6 ay ərzində müəssisəyə 1 milyon 180 min 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Antisanitar vəziyyətin hökm sürdüyü ticarət mərkəzinin satılmasında məqsəd oranın müasirləşdirilməsidir. Yəni, investora bazarın ən son standartlara cavab verməsi üçün tələblər irəli sürülüb. Bununla yanaşı, orada işləyənlərin sosial vəziyyətinin və əməkhaqqının yaxşılaşdırılması da bazarın yeni sahibi qarşısında şərt kimi qoyulub. Yerli KİV-də bazarın profilinin dəyişəcəyi ilə bağlı yazılar dərc olunur. Ancaq mütəxəssislər bazarın əvvəlki qaydada fəaliyyətinə davam edəcəyini güman edirlər. Bununla yanaşı, satılan ticarət mərkəzinin öz profili ilə işləməsi daha sərfəli görünür.
Ekspertlərin məsələyə münasibəti isə maraqlıdır. Məsələn, iqtisadçı Vüqar Bayramovun fikrincə, ənənəvi bazarın olması həm rəqabət, həm də kənd təsərrüfatı məhsullarının qiyməti baxımından sərfəlidir. Təbii ki, bazar ləğv olunarsa bu, qiymətlərə təsir göstərər: "Məhz buna görə də qiymət artımının qarşısını almaq üçün həmin ərazidə yeni tikiləcək ticarət mərkəzində fermerlərə ucuz qiymətə yerlər təklif olunmalıdır. Yox, əgər yer pulunda artım olarsa, təbii ki qiymətlərin artımına və kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Bu gün Şərq bazarının timsalında bu praktikanın əyani şahidi oluruq".
Mütəxəssisin fikrincə ənənəvi bazarların sıradan çıxarılmasının qarşısını almaq mümkün olmasa da, əvəzləyici addımlar atmaq mümkündür: "Yarmarkaların mütamadiliyini artırmaq mümkün olarsa, qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Bununla yanaşı, yalnız həftə sonları deyil, əksər günlərdə yarmarkaları təşkil etmək lazımdır. Bu isə bazarların yarmarkalarla əvəz olunmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə fermerlər məhsulları daha ucuz qiymətə yarmarkalara çıxaracaqlar" - deyə ekspert söyləyir.
Başqa ekspertlər isə Azərbaycanda bazarların təbii yollarla sıradan çıxmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, bu bazarlar uğrunda bir çox iri məmurlar arasında uzun müddət mübarizə gedib. Kimlərsə bazarları ələ keçirib müasir ticarət mərkəzlərinə çevirməklə öz biznes imperiyalarını genişləndirmək istəyiblər, kimlərsə hansısa iri obyektlər inşa etmək məqsədi ilə həmin bazarların ərazisinə göz dikiblər.
Haşiyə olaraq onu da deyək ki, artıq paytaxt təcrübəsi əyalətə də sıçrayıb. Bir çox rayonlarda bazar sahibləri ilə yerli icra başçılarının qarşıdurması haqqında mətbuatda mütəmadi oxuyuruq. İndiyədək Kürdəmir, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda bazar uğrunda "soyuq savaşlar" əslində Bakıda yaranan tendensiyanın bölgələrə də sıçradığını göstərir.
İstənilən halda paytaxtdakı bazarlar uğrunda bəzi oliqarxların toqquşması istisna edilməməlidir. Hesab edilir ki, bu ilk növbədə fermerlərin maraqlarına zərbə vurur. Digər tərəfdən, bazarların sıradan çıxarılması ilə əksəriyyətinin arxasında iri məmurların dayandığı supermarketlərin önü açılır. Burada isə zərbəni vətəndaşlar hiss edirlər. Çünki müasir ticarət mərkəzlərində qiymət sövdələşmələri mümkün deyil. Halbuki əksəriyyəti yoxsulluq həddində yaşayan Azərbaycan əhalisi üçün "qiymət öldürərək" alış-veriş etmək baxımından bazarlar əvəzsiz idi.
Hər bir halda Bakıdakı bazarlar uğrunda müharibədən bəzi oliqarxlardan başqa heç kim qazanmır: nə fermerlər, nə alıcılar. İri məmurların biznes maraqları hegemonluğunu qoruduqca alıcı olsun, ya satıcı, fərq etmir, sadə vətəndaşların belə qazanca ümid etməsi də artıq işdir.

Geri qayıt