Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Sumqayıtın da öz dərdləri var: İcra başçısının çətiri altında cücərən oliqarxiya

Sumqayıtın da öz dərdləri var: İcra başçısının çətiri altında cücərən oliqarxiya


11-02-2015, 10:48
Sumqayıtın da öz dərdləri var: İcra başçısının çətiri altında cücərən oliqarxiya
Sumqayıtda Aslan Abbasovu tanımayan yoxdur. Şəhərdə böyük nüfuza malik olan iş adamı Sumqayıtın demək olar ki, bütün mikrorayonlarında müxtəlif tikinti işləri həyata keçirir. 15 ildən artıqdır hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan Aslan Abbasov geridə qalan müddət ərzində bir xeyli möhkəmlənib, maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi bacarıb.

Onun daha da varlanmasının və göydələnlərinin sayının artırmasının əsas səbəblərindən biri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla yaxın münasibətdə olmasıdır. Xatırlayırsınızsa, qəzetimizin əvvəlki saylarından birində iş adamının Sumqayıtda törətdiyi "yaşıl soyqırım" haqqında məlumat vermiş, onun sakinləri incitməsi məsələsinə toxunmuşduq. Qısaca qeyd edək ki, bir neçə ay əvvəl Sumqayıt şəhərinin 14-cü məhəllə 1a 3b-nin sakinləri mətbuata etdikləri müraciətdə Aslan Abbasovun əlindən təngə gəldiklərini bildiriblər. Sakinlərin şikayətinə görə, yaşadıqları məhəllənin qarşısında ağacları kəsərək bina tikən sahibkar indi də qarajları sökdürmək istəyir. "Aslan adlı sahibkar qarajları söküb istilik qazanxanası tikmək istəyir. Halbuki qarajların düz yanında işlək vəziyyətdə olan qazanxana var. Binanın sakinlərinin sözlərinə görə, qarajların sökülməsinin başlıca səbəbi yenidən çoxmərtəbəli binanın tikilməsidir. Bizim bina ilə tikilən binalar arasındakı məsafə göz qabağındadır. Bina bu ərazidə tikilsə, bizim binanın pəncərələri ilə həmin binanın divarı bitişəcək. Aşağıdakı binanı elə tikiblər. İki dəqiqədən bir polislə bizi qorxudurlar ki, sizi tutdurarıq, öldürərik və sair. İş adamı icra başçısını da razı sala bilib. Sahibkar deyir ki, bir gecədə buranı traktorla şumlatdıraram, heç kim də mənə bir söz deyə bilməz. 16 saylı məktəbin idman müəllimi Fazil müəllim bu haqsızlığa dözməyib dünyasını dəyişdi. Niyə gəlib kimsə bizi narahat etməlidir. Ağacların kökünü gecə gəlib mişarlayırlar ki, ağaclar qurusun. Burada nə qədər ağacı Aslan kəsdirib. Yanına gedəndə deyir ki, mənlik deyil", deyə məhəllənin narazı sakinləri bildirib. Əldə etdiyimiz son məlumatlara görə, iş adamı hələ də qanunsuz əməllərindən əl çəkməyib: "Hazırda Sumqayıtın ayrı-ayrı hissələrində hündürmərtəbəli binaların tikintisi sürətlə davam edir. Bu işlərin əksəriyyəti Aslan müəllim tərəfindən həyata keçirilir. O yaşıllıq sahəsi, park demədən hər yeri dağıdıb bina tikir. Coratdan Sumqayıta giriş hissədə, dəniz kənarında tikilməkdə olan göydələnlərin hamısı ona məxsusdur. Onun üçün yer tapıb bina ucaltmaq su içmək kimi bir şeydir. Çünki iş adamı bəzi biznesmenlərdən fərqli olaraq işini kimlərinsə vasitəsilə yox, birbaşa icra başçısı Eldar Əzizovla görür. Belə demək mümkünsə, icra başçısı sahibkara "yaşıl işıq" yandırıb. Aslan Abbasov ürəyi istəyən yerdə göydələn ucalda bilər. Fərqi yoxdur həmin ərazidə yüzlərlə ağac, yaxud qaraj olsun. Bir gecənin içində yaşıllıqları məhv etməklə yaşayış binasının təməlini qoyur. Əlbəttə, başçı ilə iş adamının münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Bütün bu güzəştlərin əvəzində Aslan Abbasov öz hesabına icra başçısı üçün Sumqayıtda bir neçə obyekt, o cümlədən Novxanıda möhtəşəm villa tikdirib. Eşitdiyimə görə, hətta Eldar Əzizov Sumqayıta icra başçısı vəzifəsinə təyin olunduğu ilk vaxtlarda ona birinci müavin postunu təklif edib. Ancaq iş adamı başçının təklifini qəbul etməyərək biznesini daha da inkişaf etdirmək haqda fikirləşdiyini bildirib. Uzun müddətdir Sumqayıtda tikinti biznesi ilə məşğul olan sahibkarın gördüyü işlərin keyfiyyət göstəricisi çox aşağıdır. Belə ki, onun tikdirdiyi binalarda tikinti standartlarına, eləcə də əmək qanunvericiliyinin tələblərinə əməl edilmir. Heç bir fəhlənin əmək müqaviləsi yoxdur. Dəfələrlə bədbəxt hadisələr baş verib, amma Aslan Abbasov hamısının üstünü ört-basdır edib. Tikinti işlərində keyfiyyətsiz və ucuz materiallardan istifadə edilir ki, bu yolverilməzdir. Eldar Əzizovun dostu mənzil satışından, habelə digər obyektlərindən ay ərzində külli miqdarda gəlir əldə edir. Buna baxmayaraq, onun həmin vəsaitdən dövlətin büdcəsinə nə qədər vergi keçirdiyi heç kimə məlum deyil. Ümumiyyətlə, maraqlıdır görəsən, Aslan Abbasov qazandığı gəlirdən dövlətə vergi verirmi?". Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

(Ardı var)
\\ GünBakı \\
Geri qayıt