Əsas Səhifə > Hadisə, Manşet > Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar

Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar


7-01-2015, 12:45
Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar
Məlum olduğu kimi, ölkəmizdə azad sahibkarlığın, özəl biznes sektorunun inkişafına dövlət tərəfindən lazımi şərait yaradılıb. Nə yazıq ki, bəzi işbazlar yaradılan münbit şəraitdən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Belə ki, onlar bazarın yazılmamış qanunlarından xəbərsiz olan istehlakçıların sadölövhlüklərindən, məlumatsız olmalarından istifadə edərək özlərinin gəlirlərini artırmağa, keyfiyyətcə aşağı, qiymətcə bahalı olan mallarını satmaqla məşğul olurlar. Belə şirkətlərdən biri də Qafqazın ən böyük xəz-dəri qalereyası olan "Karolina Valiant"dır.

Heç kimə sirr deyil ki, sözügedən şirkət son illər ölkəmizin xəz-dəri bazarında əməlli-başlı hegemonluq edir. Şirkətin satışa çıxardığı xəz-dərilər müxtəlif televiziya vasitələrində və elektron mətbuatda o ki, var reklam olunur. Amma məsələ keyfiyyətə qalanda "Karolina Valiant"ın vətəndaşlara təklif etdiyi geyimlərin orijinal olub-olmaması şübhə yaradır. Çünki indiyədək bəzi KİV-lərdə şirkətin satdığı məhsulların saxta, yaxud keyfiyyətsiz olması barədə məlumatlar yayılıb. Apardığımız araşdırmalar göstərir ki, bazarda monopoliya yaradan "Karolina Valiant"ın vətəndaşlara İtaliya, Amerika, Yunanıstan istehsalı adı ilə təklif etdiyi xəz dəri geyimləri əslində Çin istehsalıdır. Və həmin məhsulların keyfiyyəti olduqca aşağıdır. Buna rəğmən, şirkət rəsmiləri bu məhsulları təmiz adı altında vətəndaşlara sırıyırlar. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır. İstər satış həcminə, istər müştərilərinin sayına, istərsə də bazarda reallaşdırdığı qanunsuzluqların miqyasına görə. Araşdırmalar göstərir ki, mağazalar şəbəkəsində həm "Karolina Valiant"ın özünün hazırladığı, həm də Avropada istehsal olunduğu iddia edilən tanınmış xəz-dəri brendlərinin məhsulları təklif edilir. Şirkətin nümayəndələri xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığını bildirirlər. "Karolina Valiant"ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır. Yəni müştərilər buna asanlıqla aldanıb qalereyadan mal almaq qərarına gəlirlər. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda "Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. Digər tərəfdən, tutaq ki, xəz İtaliya və İspaniyadan gətirilib. Bəs kürkün hazırlanmasında istifadə edilən digər komponent və aksessuarlar haradan gətirilir? Çox qəribədir ki, şirkət rəsmiləri digər komponent və aksessuarların gətirildiyi ölkələrin adını açıqlamır. Ki, bu da bəzi qaranlıq məqamlardan xəbər verir. Mağazalar şəbəkəsində əsasən "kürklərimiz Kanadanın "Black Nafa" və Amerikanın "Blackglama" xəzlərindən hazırlanıb" deyə bildirilir. Hər iki xəz növü öz parlaqlığı, keyfiyyəti ilə bütün dünyaya meydan oxuduğu halda, "Karolina Valiant"da "Black Nafa", "Blackglama" kimi təqdim olunan kürklərin parlaqlığı və keyfiyyəti barədə eyni fikirləri söyləmək çətindir. Deyilənə görə, həmin kürklər süni xəzdən hazırlanmış kürklərdən heç nə ilə fərqlənmir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. Başqa sözlə desək, saxta mallar orijinaldan çətinliklə seçilir. Təəssüf ki, istehlakçıların böyük qismi bu təmiz və saxta malı ayıra bilmədikləri üçün aldanırlar. "Karolina Valiant"ın xəzləri Çindən gətirməsi faktı ilk hal deyil. Təxminən bir neçə il əvvəl bu şirkətə qarşı irəli sürülən ittihamları yada salsaq, hər şeyi aydınlığı ilə görə bilərik. İddialara görə, İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri əslində, Çində istehsal edilib. Hətta şirkətin bütün strukturlarında hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmaların aparıldığı, kürkləri reklam edən müğənnilərə qədər hər kəsin araşdırmalara cəlb ediliyi belə yazılırdı. Onu da qeyd edək ki, ayrı-ayrı televiziyalarda aparılan reklamlar şirkətin satışına müsbət mənada təsir edib. Əldə etdiyimiz məlumatlara görə, son üç ildə şirkətin satışı xeyli artıb və milyonlarla manat gəlir əldə olunub. Araşdırmalarımız zamanı həmçinin bəlli oldu ki, burda satılan geyimlərin ən ucuzunun qiyməti min manatdan başlayır. Lakin satıcılarla tanışlıq, habelə bir neçə xəz dərinin topdan satışıyla bu rəqəm 900-800 manata qədər azala bilər. Qalereyada hətta 10-20 min manata satışa çıxarılan xəzlər də var ki, onların keyfiyyətinin necə olması qaranlıqdır. Deyilənə görə, şirkət idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatır. Bu isə insan sağlamlığı üçün olduqca təhlükəlidir. Xəz dəriləri 6-8 ay müddətində ilk vəziyyətindəki kimi şux saxlayan xüsusi kimyəvi maddələrin istifadə müddəti başa çatdıqdan sonra xəz dərilərin tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. Lakin onda da hər şey gec olur. Bütün bu deyilənlərə baxmayaraq, istehlakçıları kütləvi şəkildə aldadan "Karolina Valiant"ın fəaliyyətinə qadağa qoyulmur. Olan yenə də vətəndaşlara olur. İnanaq ki, əlaqədar dövlət qurumların səlahiyyət sahibləri istehlakçılara keyfiyyətsiz mal satan şirkət haqqında zəruri tədbirlər görəcək.
\\ GünBakı \\
Geri qayıt