Əsas Səhifə > Hadisə, Manşet > Narazılıq var: "Ayan" MMC-nin rəhbərliyi istehlakçıları necə aldadır

Narazılıq var: "Ayan" MMC-nin rəhbərliyi istehlakçıları necə aldadır


12-12-2014, 12:01
Narazılıq var: "Ayan" MMC-nin rəhbərliyi istehlakçıları necə aldadır
Ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı hər kəsə məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar güzəştli kreditlərlə təmin olunur və həmin vəsaitlə işlərini daha səmərəli şəkildə həyata keçirirlər. Amma bəzi iş adamları yaradılan münbit şəraitindən sui-istifadə edərək istehlakçıları aldadır, onlara keyfiyyətsiz məhsul təqdim edir və bəzi problemlərin meydana çıxmasına səbəb olurlar.

Baş ofisi Bakı şəhəri M.Qaşqay küçəsi 7, istehsalat ünvanı isə Bakı-Sumqayıt şossesinin 20-ci kilometrində yerləşən "Ayan" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) baş verən qeyri-qanuni işlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə qeyd edək ki, sözügedən şirkət 2005-ci ildə təsis edilib. "Ayan" MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkət "Beloçka", "Tək-Tək" ağ-qara günəbaxan tumlarının, "Beloçka" şirin-pendirli qarğıdalı çubuqlarının emalı, qablaşdırılması, satışı, həmçinin "Qızıl Quyu" limonadlarının istehsalı ilə məşğuldur. Redaksiyamıza daxil olan məlumatlara görə, "Beloçka" tumlarının standartlara cavab verən texnologiya ilə tam gigiyenik şəraitdə istehsal olunduğu bildirilsə də, əslində belə deyil: "Tumların qurudulması işi düzgün qaydada həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan temperaturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır. Qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə, yəni uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhz bu virus digər xəstəliklərə yol açır. Bir neçə dəfə "Beloçka" tumlarından zəhərlənmə halları qeydə alınıb. Amma şirkət rəhbərliyi hər dəfə məsuliyyəti üzərindən atmağa müvəffəq olub. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinə ciddi nəzarət olunmur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi MMC-də yoxlama aparsa da, şirkətin rəhbər şəxsləri müəyyən yollara baş vuraraq problemi yoluna qoyublar". Məlumatda o da deyilir ki, "Ayan" MMC istehsal etdiyi "Beloçka" tumları vasitəsilə qanunsuz uduş kampaniyaları həyata keçirir: "Kampaniyanın bitmə tarixi dekabr ayının 31-dədir. Kampaniyanın şərtlərinə görə, vətəndaşlar "Beloçka" tumları alarkən bal toplamalı və bu ballara müvafiq olaraq onlara hədiyyələr təqdim olunmalıdır. Məsələn, 4 bal toplayana qələm, 6 bal toplayana 1 manatlaq "Nar" danışıq kartı, 30 bal toplayana fen, 40 bal toplayana ütü, 50 bal toplayana mikser, 100 bal toplayana çaynik, 120 bal toplayana DVD, 200 bal toplayana sirəçəkən, 350 bal toplayana tozsoran, 400 bal toplayana telefon verilməlidir. Daha çox bal toplayan şəxslərə daha bahalı hədiyyələrin verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, "Ayan" MMC-nin rəhbərliyi kampaniya adı altında istehlakçıları aldadır. Belə ki, alıcılar müvafiq balları toplayıb "Beloçka" tumlarını aldıqları dükanlara təqdim edirlər. MMC-nin satış şöbəsinin əməkdaşları isə yığılan balların qarşılığında dükan sahiblərinə hədiyyələri vermirlər. Onlar günü günə sataraq istehlakçıların hüquqlarını pozurlar. Alıcılar isə hədiyyələri dükan sahiblərindən tələb edirlər. Məsələn, Bakıxanov qəsəbəsindəki marketlərin və ərzaq dükanlarının bir çoxunda bu problem yaşanır. Dükan işlədən şəxslər "Beloçka" tumlarının satışını aparan ekspeditorlara balları versələr də, hədiyyələri ala bilmirlər. Beləcə, şirkət rəhbərliyi yalançı kampaniya ilə özünə müştəri toplayır". Araşdırmalar nəticəsində öyrəndik ki, MMC-nin istehsal etdiyi "Qızıl Quyu" limonadlarının da keyfiyyətində bir sıra problemdər var: "Qızıl Quyu" limonadlarının tərkibi keyfiyyətli deyil. "Yeyinti məhsulları haqqında" Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. "Qızıl Quyu" limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Bu limonadların hazırlandığı sexlərdə antisanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir". Əldə etdiyimiz məlumatları dəqiqləşdirmək üçün şirkətin 440 17 79 və 408 36 96 nömrəli əlaqə telefonlarına zəng vurduq. Dəstəyi qaldıran xanım rəhbərlikdən heç kimin olmadığını bildirərək Adıgözəlov soyadlı müdirin nə vaxt işdə olacağını bilmədiyini dedi. İstənilən halda, adıçəkilən müəssisədə istehsal olunan məhsulların keyfiyyətində problem və nöqsan varsa, aidiyyəti dövlət qurumları bu faktları mütləq araşdırmalıdır. Növbəti saylarımızda "Ayan" MMC-nin fəaliyyəti ilə bağlı geniş araşdırma yazısı hazırlayacağıq. Bizi izləyin. \\ gundelik-baku.com \\

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.

Geri qayıt