Əsas Səhifə > Hadisə, Manşet > “Mənim yerimdə hər hansı bir nazirin oğlu olsaydı,...”

“Mənim yerimdə hər hansı bir nazirin oğlu olsaydı,...”


4-11-2014, 11:34
“Mənim yerimdə hər hansı bir nazirin oğlu olsaydı,...”
Mia.az-ın elektron poçtuna Azərbaycan Ali Hərbi Məktəbində oxumuş və səhhətində yaranmış problemlər səbəbindən xaric olunan Bəylər Əsgər oğlu Məmmədov tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktub daxil olub. O, Təhsil Nazirliyi ilə Azərbaycan Texniki Universitetin rektoratlığından şikayətçidir.

Bəylər Məmmədovun şikayətini təqdim edirik: «Cənab prezident, Cənab ali Baş Komandan!

Bu məktubu sizə yazmağımda məqsəd Təhsil Nazirliyi tərəfindən mənə edilən haqsızlıqdır. Belə ki, bu nazirlik mənim hüquqlarıma qeyri-ciddi münasibət bəsliyir. Dəfələrlə Təhsil Nazirliyində olmağıma baxmayaraq, mənə heç bir köməklik göstərilmir.

Mən, Məmmədov Bəylər Əsgər oğlu 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşam. 2012-ci ildə buranı bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. Ali Hərbi məktəbə daxil olmaq üçün sağlamlıq komissiyasından tam sağlam olaraq keçmişəm. Burada 1 il 8 ay xidmət eləmişəm. Daha sonra gözlərimdə yaranan xəstəliklə əlaqədar hərbi hospitala müraciət etmişəm. Hərbi hospitalda bir çox müayinə və müalicələrdən keçmişəm və burada qanımda talassemiya xəstəliyi aşkar olunub. Hospitalda uzun müddət müalicə almağıma baxmayaraq, xəstəliyimdə heç bir düzəliş qeydə alınmadığı üçün hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilmişəm. Daha sonra isə Heydər Əliyev adına AAHM-in rəisi tərəfindən Azərbaycan Ali Hərbi Məktəbindən səhhətimlə əlaqədar xaric olunmuşam.

Baha sonra hər hansı bir ali məktəbə bərpa olunmaq üçün Təhsil Nazirliyinə müraciət etmişəm. Müraciətlərim şifahi və yazılı şəkildə olub. Təhsil Nazirliyindən yazılı olaraq cavab verilib ki, mən, hər hansı verib universitetə bərpa oluna bilərəm. Və bu cavaba uyğun olaraq Azərbaycan Texniki Universitetinə sənədlərimi verdim. Bərpa ilə əlaqədar universitet rəhbərliyi ilə Təhsil Nazirliyinə müraciət etdim. Sentyabr ayının axırında nazirlikdən mənə cavab verildi ki, heç bir ali məktəbə bərpa olunmamısınız. Nə üçün bərpa olunmadığımın səbəbi yazılmamışdı.

Cavab olaraq bildirilmişdir ki, sənədlərimə baxılması qış tətili dövrün saxlanılıbdır. Bunun səbəbini öyrənmək üçün daha sonra Təhsil nazirinin müavininin qəbulunda oldum. Və ondan bərpa olunmağımın nə üçün gecikdirildiyini soruşdum.O isə mənə «ərizə yaz, araşdırılacaq», - deyə, cavab verdi və mənim ərizəmin araşdırılmasından başqa heç bir köməklik göstərə bilməyəcəyini söylədi».

Mia.az xəbər verir ki, nazir müavinin tövsiyəsinə əsasən şikayətçi ərizə yazıb: «Deyilən kimi edib, ərizə yazaraq Təhsil Nazirliyinə verdim. Lakin hələ də bir xəbər yoxdur.

Cənab prezident, mən 2-ci qrup əliləm. Ona görə də mənə ali təhsil almaq şərtdir. Çünki mən gözlərimdəki qlaukoma xəstəliyinə görə heç bir ağır iş görə bilmərəm. Ona görə oxumalıyam ki, özümə hər hansı bir yerdə rahat iş tapa biləm. Çox təəssüf ki, mənim bu qanuni haqqıma nazirlikdən dırnaqarası yanaşılır. Halbuki, mənim yerimdə hər hansı bir nazirin oğlu olsaydı, sizcə onu da belə süründürərdilərmi?

Cənab prezident, bu qanunlar işləməyəcəksə, nə üçün yazılıb? Və mənim yerimdə olsaydınız, bu qədər haqsızlığın qabağında nə edərdiniz?

Bunu oxuyandan sonra mənə kömək edəcəyinizə səmimi qəlbdən inanıram».

Geri qayıt