Əsas Səhifə > Hadisə, Manşet > Xəzər rayonunun qəsəbələrində sənədləşmə adıyla pul yığılır

Xəzər rayonunun qəsəbələrində sənədləşmə adıyla pul yığılır


28-10-2014, 11:33
Xəzər rayonunun qəsəbələrində sənədləşmə adıyla pul yığılır
Yerli sakinlərdən aldığımız şikayət məktublarında bildirilir ki, Xəzər RİH başçısının oğlu İlham İslamov Şüvəlan qəsəbə bələdiyyəsinin sədri olmaqla yol verdiyi qanun pozuntularına görə heç də öz qaynatasından, yəni Qala qəsəbəsi üzrə icra nümayəndəsi Məzahir Hüseynovdan geri qalmır. Ümumiyyətlə isə bu üç qəsəbədə hökm sürən məmur özbaşınalıqları yerli sakinləri çıxılmaz vəziyyətə salıb. Məlumatlarda vurğulanır ki, Türkan qəsəbə bələdiyyəsinin keçmiş sədri və indiki icra nümayəndəsi Hacı Rahil Babayevin, eləcə də Xəzər RİH başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynovun və Şüvəlan qəsəbə bələdiyyəsinin sədri İlham İslamovun törətdikləri qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur. Qeyd edək ki, ötən saylarımızda biz aldığımız məlumatlar əsasında bu məmurlardan ikisinin yarıtmaz fəaliyyətlərinə dair ayrı-ayrılıqda tənqidi materiallar dərc etmişdik.Həmin məlumatlara görə son 4-5 il ərzində Rahil Babayev bir neçə dəfə növbə ilə Xəzər RİH başçısının Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Eyni zamanda da iddia olunur ki, başçı özünün bütün daş karxanalarına məhz R.Babayevin vasitəsilə nəzarət edir. Məzahir Hüseynov barədə aldığımız məlumatlarda isə qeyd olunmuşdu ki, o, icra nümayəndəsi vəzifəsinə təxminən 2-3 il bundan əvvəl təyin olunub. Həm də yerli kadrlardan olmayan bu məmurun təyinatı birbaşa onun Xəzər RİH-nin başçısı Gülağa İslamovla quda olması faktına əsaslanıb. Buna görə də Məzahir Hüseynovun törətdiyi əməllər qəsəbədə nəzərəçarpacaq dərəcədə gərginlik yaranmasına şərait yaradır. Məlum olduğu kimi bir müddət əvvəl ölkə rəhbərliyi tərəfindən içərisindən çoxdan yaşayış olan, lakin müəyyən səbəblərdən sənədi olmayan evlərin sənədləşdirilməsinə dair müvafiq göstərişlər verilmişdi. Lakin Məzahir Hüseynov ölkə rəhbərliyinin bu göstərişini də özünəməxsus tərzdə həyata keçirməyi planlaşdırıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, icra nümayəndəsi sənədsiz evlərin sahiblərini bu evləri uçuracağı ilə hədələyir. Həm də bəzi hallarda bu hədələrin boş olmadığını isbatlamaq üçün həyətlərin hasarlarının bir hissəsini uçurur da. Ev sahiblərinə isə küçədə qalmamaq üçün təcili sənəd almaq “tövsiyyə” olunur. Ən maraqlısı da budur ki, təklif olunan sənədlərin alınması üçün Məzahir Hüseynov ev sahiblərini Xəzər RİH başçısının birinci müavini Vaqif Həsənovun yanına göndərir. Yeri gəlmişkən aldığımız məlumatlarda belə bir məqam da xüsusi olaraq vurğulanır ki, Qala, Türkan və Şüvəlan qəsəbələrindən “səlahiyyətli” şəxslər tərəfindən qanunsuz yığılan bütün pullar da bilavasitə Vaqif müəllimə təqdim olunur. Həmçinin məlumatlarda bildirilir ki, hər üç qəsəbədə yerli sakinlər pay torpaqlarının alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar. Lakin bütün bunlara baxmayaraq Xəzər RİH-nin başçısı Gülağa İslamov hələ də irəli sürülən ittihamlara münasibət bildirməyə tələsmir. Bir də ki, axı övladlarının bəd əməllərinə göz yummaq bizim məmurların köhnə peşəsidir...

Geri qayıt