Əsas Səhifə > Hadisə, Manşet > Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var

Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var


9-10-2014, 12:30
Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var
Aşağıda Sizə göndərdiyim şikayət məktubunu dərc etməyinizi xahiş edirəm. Bu, Saatlıdakı bütün kitabsevərlərin ürəyincə olacaq. Bəri başdan deyim ki, yazdığım şikayətdəki faktlara başımla cavabdehəm, işləməyən kitabxanaların günün və ya həftənin bir çox vaxtlarında bağlı olmasını videolara çəkmişəm, Sizə göndərirəm.
Deyirlər, kitabxanası, klubu, mədəniyyət evi olan kəndlərdə savadlı, intellektual, dünyagörüşü geniş olan gənclər çox olur. Elə buna görə də, hətta ən ucqar kəndlərdə də kitabxanalar, klublar, mədəniyyət evləri təşkil olunardı əvvəllər ki, yetişən gənc nəsil savadlı olsun, müasir dünya ilə ayaqlaşa bilsinlər.
Təəssüf ki, bəzi idarə və müəssisə rəhbərləri öz maddi maraqlarını və nəfislərini hər şeydən üstün tutaraq bu inkişafa mane olur, kitabxana və mədəniyyət evlərində “ölü canlar” saxlayaraq əmək haqlarını mənimsəyir, nəticədə isə belə mədəniyyət müəssisələrinin yalnız adı olur, işçiləri isə olmur.

“Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür...”

Saatlı rayonunun bir sıra kəndlərində kitabxana, klub və mədəniyyət evi var. Hamısı da dövlət büdcəsindən maliyyələşir. İnsafən, həmin mədəniyyət müəssisələrində avadanlıqlar da var, lakin bunların hamısı gözdən pərdə asmaq üçündür və ya... asan yolla qazanc əldə etmək üçün. Çünki rayonun elə kəndləri var ki, həmin kəndlərdəki kitabxanaların işçilərini gündüz çıraqla axtarsan da tapa bilməzsən. Axtarmağa da lüzum yoxdur. Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür. Hətta hər ay rayon mərkəzi kitabxana sistemində keçirilən seminarlarda həmin kəndlərin “kitabxanaçılarını” illərlə görən olmur. Səbəbini isə yalnız Sakit Bağırovla baş mühasib Rahim Hüseynov bilir.
Saatlıda belə gözəgörünməz “kitabxanaçılar” rayonun Kamallı, Dəllər, Dədəqorqud, Genişkənd və digər kəndlərindədir. Adı çəkilən kəndlərdə pis-yaxşı kitabxana var. Hətta bu kitabxanalarda kitab da var. Ancaq həmin kitabxanaların işçilərinin kim olduğunu və harada yaşadıqlarını rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırov və baş mühasib Rahim Hüseynovdan başqa bilən yoxdur. Onların hər ay rayonda keçirilən seminarlarda iştirak etməməsinin “səbəbini” də elə bu iki şəxs bilir. Elə ki, seminar iştirakçılarından kimsə niyə başqalarının da müntəzəm gəlmədiyini soruşur, həmin adamın günü qara olur. Mədəniyyət sahəsində işləyənlərdən təhsillə bağlı sənəd tələb olunsa da, gözəgörünməz “kitabxanaçılara” gözün üstündə qaşın var deyən yoxdur.
Bir neçə gündür ki, Saatlıya Maliyyə Nazirliyinin yoxlama briqadasının gələcəyi haqda xəbərlər yayılıb. Görəsən Sakit Bağırovla Rahim Hüseynov gözəgörünməz “kitabxanaçıları” haradan tapacaqlar? Bu “axtarışın” nəticəsi barədə məlumat bizdə olacaq, əlavə məlumat göndərəcəyəm. Çox istərdik ki, bu şikayəti Maliyyə Nazirliyinə göndərin, gələn yoxlama kitabxanaçıların harada axtarılmasını əvvəlcədən bilsin.
Rüstəm Məmmədov,
Saatlı rayonu
\\ tezadlar.az \\
Geri qayıt