Əsas Səhifə > Hadisə, Manşet > “BOS-şelf”in gizli anbarında 1 milyon manatlıq oğurluq mal aşkarlanıb...

“BOS-şelf”in gizli anbarında 1 milyon manatlıq oğurluq mal aşkarlanıb...


8-10-2014, 12:07
“BOS-şelf”in gizli anbarında 1 milyon manatlıq oğurluq mal aşkarlanıb...
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun keçmiş işçisi Arif Cavadov Bizimyol.info-ya müraciət edib. 1988-ci ildən adıçəkilən zavodda işlədiyini deyən Qaradağ rayonu, Sahil qəsəbəsi sakininin sözlərinə görə, 25 il qüsursuz və vicdanla çalışıb. Bu illər ərzində nə maşın, nə də ev qazana bilib. Laboratoriyada mühəndis vəzifəsindən elektrik təchizatı sexinin rəis müavininə qədər işləyib.
2012-ci ildə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev zavoda gəlib və işçilərlə görüşdə zavodun 10 illik BOS-şelf firmasına icarəyə verildiyi xəbərini çatdırıb. Zavodun 2000-dən çox işçisinə üzünü tutan Rövnəq müəllim istifadəçinin dəyişməsi ilə kadr sistemində xüsusi bir dəyişikliyin olmayacağını, işçilərin hamısının işində qalacağını bildirib. Elə də olub.Hamı kimi Cavadov da firmaya köçürülüb.
A.Cavadov: “Əslində, biz - dövlət müəssisəsində işləyənlər firmalardan ehtiyatlanırıq. Onlara etibar etmək çətindir. Uzun illər zavodda işləmişik, heç bir problemimiz yox idi. 2013-cü ilin əvvəlindən bizimlə əmək müqaviləsi bağlandı. Əvvəl 3 aylıq, sonra illik. Ötən il seçki ili olduğu üçün Prezident də televiziya ilə çıxışlarında korrupsiya ilə mübarizənin vacibliyini vurğulayıb. Bunu ən az 20 dəfə mən özüm eşitmişəm. Amma müəssisə BOS-şelf firmasının iliyinəcən korrupsiyalaşmış bir qrupuna təhvil verildi”.

Eyni mallar dəfələrlə dövriyyəyə buraxılıb

A.Cavadovun sözlərinə görə, zavodun enerji və mexanika sahəsinə kuratorluğu Seymur Hacıyev edirdi: “Hacıyev 3-4 ildir BOS-şelf firmasındadır, artıq hər bir şəraiti təmin olunub. Mən isə 25 il zavodda işlədim, atamdan qalma evdə yaşayıram. 2013-ci ilin oktyabr ayında Hacıyevin zavod ərazisində gizli anbarlarda saxladığı mal və materiallar barədə işçilərdən biri zavod rəhbərliyinə məktubla məlumat verdi. Onun anbarlarda saxladığı elektrik avadanlıqları bir neçə dəfə dövriyyəyə buraxılırdı. Sənədlərdə yazılırdı ki, guya mal alınıb istifadəyə verildi, əslində isə mal alınmırdı. Üzərindən bir qədər də keçir, təzədən bir də o mal dövriyyəyə buraxılırdı”.
Zavod rəhbərliyinə göndərilən məlumatda bu barədə prokurorluq orqanları və SOCAR-a da bildirilməsi xahiş edilib. A.Cavadov: “Bunun müqabilində zavodun rəhbərliyi daxildə bir komissiya təşkil elədi, oktyabr-dekabr aylarında gizli anbarlarda saxlanılan, dəfələrlə dövriyəyə buraxılan 1 milyon manat dəyərində mallar siyahıya alınıb, götürüldü, zavodun əsas anbarına yığıldı. Bundan sonra diskriminasiya və repressiayalar start götürdü. S.Hacıyev bu qədər malın əlindən çıxması ilə əlaqədar müraciət edəni axtarmağa başladı. Mən də üsyankar xasiyyətimdən çıxış edərək onun kimilərin qarşısında sözümü deyirəm. Dekabrın 23-də məni işdən çıxartdlar. Adını da qoydular ki, müqavilə müddətim bitib. Heç bir izahat vermədilər. Ortada sübut ola-ola, anbarlardakı malları gözləri ilə gördükləri halda onu işdən çıxartmadılar. Yəni, bu hadisə Hacıyevin işdən azad olması və cinayət işinin qaldırılması ilə nəticələnmədi, əksinə “toxunulmaz” qaldı. 5 gün sonra zavodun rəhbəri cənab Axundova bu özbaşınalıq barədə məktub yazıb soruşdum ki, “Hacıyev milyonlarla manatlıq mal “yediyi” halda işdən çıxarılmayıb, mən niyə işdən çıxıram? Mənim oğlum əlində silah Tovuzda səngərdədir, sənin kimiləri qoruyur”. Mənə cavab vermədilər. 2014-cü il yanvar ayının sonları zavodun mühafizə üzrə meneceri Azər mənimlə görüşdü, Axundova göndərdiyim məktubda yazdıqlarımı sübuta yetirəcəyimə şübhə ilə yanaşdığını söylədi”.

Prokurorluq da BOS-şelf-də baş verənlərə biganə qalıb

Bundan sonra zavodun keçmiş işçisi SOCAR prezidentinə şikayət yazıb, onu məlumatlandırıb. A.Cavadov: “Dövlət Neft Şirkətinə müraciətimdən sonra şirkətin audit şöbəsinin əməkdaşı Zalid Tağıyev mənimlə görüşdü və korrupsiya faktları ilə bağlı məlumatları detallı öyrəndi. Söz verdi ki, sadaladığım faktlar barədə şirkətə məlumat verəcək. Buna cavab olaraq şirkətin vitse-prezidenti Mikayıl İsmayılov 12 mart 2014-cü ildə mənə ünvanladığı məktubda BOS-şelfin ARDNŞ-nin strukturuna daxil olmadığını yazıb, bu səbəbdən də bildirir ki, ordakı problemlərin SOCAR-a aidiyyatı yoxdur. Sonda müraciətimin cavablandırılmasının imkanları xaricində olduğunu, aidiyyatı olan instansiyalara müraciət etməyimi məsləhət biliblər. Bundan sonra üç dəfə İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciətlərim də bir nəticə vermədi. Prezidentə yazdığım şikayət SOCAR və Əmək Müfəttişliyinə göndərilib. Müfəttişlikdən zəng edib mənə hüquqi əsas verməyə çalışdılar. Dedim ki, “burada söhbət mənim işə bərpa olunmağımdan getmir. Mən korrupsionerləri ifşa eləmək istəyirəm, onların korrupsioner olduqlarını sübut etdikdən sonra işə qayıtmaq barədə fikirləşərəm”. On dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə məktublar göndərmişəm. Onlar da müraciətlərimi şikayətçi olduğum firmanın, şirkətin rəhbərliklərinə ünvanlayıblar. “Sənə səndən şikayətim var”a döndü. Baş prokurorun müavinlərinə də məktublarımın aqibəti elə olub. Baş ədliyyə müşaviri Anar Məmmədov hər dəfə mənim cinayət işinin qaldırılması barədə müraciətlərimi cavabını bildiyim ünvana göndərir. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovla görüşüb ona məktubla müraciət etmişəm, ondan da kömək olmayıb”.

Sabotajla vəsait mənimsənilir

Sonra BOS-şelf firmasının insan resursları məsələləri və DİŞ ilə iş üzrə meneceri Qalib Həsənov Cavadovla görüşüb, “şirkət beynəlxalq standartların tələbi olaraq layihələrdə iştirakın və şəffaflığın təmin edilməsi məqsədilə “Ernst & Young”, ”Bureau Veritas” kimi beynəlxalq audit şirkətləri tərəfindən hər il mütəmadi tam daxili auditin keçirilməsini təmin edir”, deyib: “Mən isə ona dedim ki, təkcə mən yox, onlarla zavod işçisi 3 ay ərzində gizli anbarlarda saxlanılan malların siyahıya alınıb müsadirə edildiyinin şahidi olmuşuq. Audit şirkətləri isə sizin kağızları müqayisə edir, kiminsə mənimsədiyi var-dövləti yoxlamırlar. Bu, ya həmin firmaların şəriştəsizliyi, ya da tərəfinizdən təzyiqə məruz qalması səbəbindəndir. Bəlkə qorxudursuz, bəlkə də “haqq” verirsiz”.
Müsahibim S.Hacıyevi sabotaj etməkdə günahlandırır. Deyir, “kontakt yoxdur” bəhanəsilə 50 tonluq kranın işini üç gün dayandırıb və həmin müddətdə sifariş yazdıraraq pulunu mənimsəyib, ondan sonra kranı gizli anbarda saxladığı detallarla işə salıblar: “Fakt budur ki, 200-dən çox “kontakt” həmin gizli anbarda vardı. Onu almaq üçün sifariş yazdılar, tələb olunan malın pulu ayrıldı, mənimsənildi və ondan sonra guya “kontakt alınıb gətirildi”, kran “təmir olundu”. 3 gün boş yerə işi dayandırdılar. Bu barədə yazdıqlarım da bir fayda vermədi. Bizim yaşadığımız hüquqi dövlətdir. Bəs niyə hüquq mühafizə orqanları fəaliyyətsizlik nümayiş etdirir? Niyə 10 müraciətimə baxıb cinayət işi qaldırmır? Bu münasibət şübhə doğurur”.

Hər gün tonlarla yanacaq “silinir”

A.Cavadovun sözlərinə görə, zavodda generatorlara, maşın-mexanizmlərə yanacaq vedrə ilə doldurulur, bu da yanacağa nəzarətin zəif aparılmasının sübutudur: “Generator yüksüz işləmə vaxtı, tutaq ki, 300 litr yanacaq yandırırsa, yük altında işləyəndə 500 litr olur. Generator adətən yüksüz işləyir. Lakin, onlar həmişə 500 litr sərf olunduğunu yazırlar. Beləliklə, gün ərzində 1 ton yanacaq sərf olunursa, 2-3 ton yazıb, “silirlər”. Halbuki, faktiki o yanacağın üçdə biri ancaq istifadə olunur. Hər generatordan bir neçə yüz litr artıq yazanda zavod ərazisində nə qədər generator, maşın varsa, o qədər də artıq yanacaq qalır. Vedrə ilə benzin, salyarka töküləndə bu vedrənin neçə litr olduğu bilinmir. Yarımçıq tökə-tökə pul qazanırlar. Gün ərzində hər maşın 2-3 dəfə benzin dolduranda, hərəsindən də 3-5 litr kəsəndə yayındırılan yanacağın həcmi artır. Böyük zavoddur, bəlkə də 80 maşın var. Sürücü yetimlər də dinmirlər. Bizim xalqımız “səbr elə” xalqıdır axı. O boyda zavodun benzindoldurma stansiyası yoxdur. Halbuki, gündə tonlarla yanacaq sərf olunur, hesabatı isə aparılmır. Hamısında da Seymur müəllimin əli var. Mənim burada anlamadığım nəsə yoxdur, sadəcə bu hadisələri həzm edə bilmirəm”.

Yoldaşlıq etdiyinə görə “repressiyalılar siyahısı”na düşdü

Soruşuram, işdən çıxarılmağınızla bağlı hansı ehtimallarınız var? A.Cavadov belə cavab verir: “Seymur Hacıyevin bu hərəkətləri barədə mən də danışmışam. Bu hərəkətlərimə görə də məni sevmədilər, arzuolunmaz adama çevrildim. Hazırda 85 yaşlı anamın pensiyası ilə dolanıram. Halbuki, mən mütəxəssisəm. Bu yaşdan sonra gedib haradasa fəhlə işləyə bilmərəm. Mən bunun üçün oxumamışam. Əməyimə, savadıma görə məni irəli çəkiblər. Ancaq indi ixtisası rus dili və ədəbiyyatı müəllimi olan Hacıyev gəlib enerji sahəsinə kuratorluq edir. And içərəm ki, o Seymur müəllim bir rozetka və ya açarları qoşmağı bilmir. Zavodda əməkdaşlar üçün 3 aylıq sınaq müddəti bitəndən sonra imtahanlar keçirildi, 110 sualı cavabı ilə birlikdə mən təkbaşıma hazırladım. Fəhlələrin 95-97 faizi imtahanları uğurla verdi. Amma gətirək o suallaı qoyaq ortaya, onun 1-nə Seymur müəllim cavab versin, 109-na mən. Məni ilk növbədə Hacıyevin maxinasiyası maraqlandırır. Hadisələr açılanda mənim adımı verib işdən çıxartdırmış, özü isə Truskavesə qaçmışdı. Mənimlə birgə Ramiz Kərimov da işdən çıxarıldı. O, McDermott şirkətində “qızıl kaska” daşıyan energetika mütəxəssisi idi. Dərin biliyə malik bir insandır. 2-3 il idi BOS-şelf-də işləyirdi. Mənimlə yoldaşlıq etdiyinə görə «repressiyalılar siyahısı»na düşdü”.

“Qəbrimi qazmışam...”

A.Cavadov zavodda hər kəsin müqavilə müddəti bitdiyini, amma sadəcə iki nəfərlə müqavilə bağlamaqdan imtina edildiyini deyir: “Ola bilsin ki, 1-2 nəfər də imtahanı verə bilməyən şəxslər olub. Amma biz faktiki imtahan vermiş, heç bir qüsuru olmayan, səbəb göstərilmədən işdən çıxarılmışıq. Mənə əvvəlcə nağıl danışırdılar. Sonra zavodun hüquqşünası açıq dedi ki, menecerin səninlə işləmək istəmir. Səbəbini soruşdum. Hansısa verilən bir tapşırığı yerinə yetirməmişəmmi? Bəlkə işimin öhdəsindən gələ bilməmişəm? Mən ilk növbədə korrupsioner qrupun zavoddan getməsini istəyirəm. Bu dövlətin Konstitusiyası, Cinayət Məcəlləsi var, korrupsiyaya qarşı mübarizə aparırıqsa, Parlament BMT-nin Korrupsiya ilə Mübarizə Konvensiyasını ratifikasiya edibsə, bu mübarizə aparılmalıdır. Mən də bunu vətəndaş kimi tələb edirəm. Ortada ərizə ilə şikayət və bir korrupsioner qruplaşma var. Hətta Seymurun əməlləri barədə İ.Axundova zəng edib, bildirilib. Amma o, Seymurun himayədarıdır. Əvvəl elə bildim İxtiyar müəllimin bunlardan xəbəri yoxdur, amma indi görürəm ki, ona “krışalıq” edir. Hacıyevin bu mənfəətdən əldə etdiyi gəliri bölüşdüyü İ.Axundov və Q.Həsənov onu qoruyurlar. Əlində 1 milyon manatlıq mal tutub işdən çıxartmırlarsa bu, nə deməkdir? Deməli “boğazdırlar”, bir yerdə “yeyiblər”. Bizdə oğrunu görəni cəzalandırırlar, özünü yox. Konfutsu deyib ki, “əgər sən intiqam yolunu tutmusansa, iki qəbir qaz”. Mən özümünkünü qazmışam, söz vermişəm ki, ya oləcəm, ya da S.Hacıyevin korrupsioner olduğunu sübut edib ona qarşı cinayət işi qaldırdacam”.
Yazıda barəsində söhbət gedən S.Hacıyevlə telefonla danışdım. Zavodda gizli sexin olması barədə A.Cavadovun şikayət etdiyini dedim. Cavabı belə oldu: “Xanım, mən bu suallara cavab verməyə kompetent deyiləm, müraciət edin kadrlar şöbəsinə, onlar sizə cavab verərlər. Bizdə o məsələlərə baxan müvafiq adamlar var”.
Dedim ki, “görüşə bilərikmi, mən zavoda gələrəm”. “Gəlin”,- dedi. Soruşdum, müsahibə verəcəksiz? Dedi “xeyr”. Dedim “onda niyə məni zavoda dəvət edirsiz?”. Sağollaşmaqdan başqa çarəsi qalmadı. Bir də xahiş elədi ki, telefonuna zəng etməyim.

Geri qayıt