Əsas Səhifə > Hadisə, Manşet > Heydər Əsədovun müdaxilə etməli olduğu daha bir müəssisə

Heydər Əsədovun müdaxilə etməli olduğu daha bir müəssisə


7-10-2014, 12:11
Heydər Əsədovun müdaxilə etməli olduğu daha bir müəssisə
Redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun fəaliyyətində müşahidə olunan bir slra qüsur və nöqsanlardan bəhs olunur. Qeyd edək ki, bu İnstitut Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat müəssisəsidir və 1950-ci ilin oktyabırından fəaliyyət göstərir. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və respublikada toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirinin 16 avqust 1993-cü il tarixli 263 K saylı əmrinə əsasən Əkinçilik İnstitutunun bazasında "Elit" Elm İstehsalat Birliyi yaradılmışdır. İnstitut 2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması haqqında 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin sturukturuna daxildir. Institutun tərkibinə elmi-istehslat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə Tərtər, Qobustan, Zaqatala və Cəlilabad bölgə təcrübə stansiyaları, Şəki dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı daxildir. Aldığımız məlumatlarda da ilk növbədə məhz bölgə təcrübə stansiyalarının fəaliyyətləri ilə bağlı bir sıra qanun pozuntularının müşahidə olunduğu vurğulanır. Qeyd etmək lazımdır ki, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə stansiyaları hər biri ayrılıqda ölkəmizdə əkinçiliyin inkişafına, bu sahənin elmi əsaslarla öyrənilməsinə kifayət qədər dəyərli tövhələr vermişlər. Məsələn, Tərtər BTS 1925-ci ildə mövcud olan Gəncə Seleksiya stansiyasının dənli bitkilərin seleksiyası şöbəsinin bazası əsasında 1933-cü ildə yaranmışdır. Tərtər BTS kimi 1956-cı ildən ET Əkinçilik İnstitutunun tabeçiliyinə verilir. İlk illərdə seleksiya işləri aparmaq məqsədilə, buğda, arpa, paxlalı bitkiləri nümunələrinin toplanması üçün ekspedisiyalar təşkil edildi, introduksiya olunmuş dənli bitkilər öyrənilmiş və artırma üçün seçmə aparılmışdır. 1940-cı illərin əvvələrində bu stansiyada 14800 buğda nümunəsi, 3200 arpa forması toplanmışdır ki, onun da 9500-ü yerli mənşəli idi.Zaqatala BTS 1924-cü ildə Zaqatala tütün dayaq stansiyasının bazası əsasında yaranıb. Həmin illərdə tütün plantasiyası birbaşa Zaqatala qəzasının aqroməntəqəsi ilə bağlı olub və 1926-cı ildə Zaqatala tütün təcrübə stansiyası adlandırılıb, onun fəaliyyəti tütünçülük olub. Stansiyanın yaradıcısı və rəhbəri Ə.D.Rəcəbli ilk illərdə bütün fəaliyyətini əkinçiliyin inkişafına yönəldib. 1950-ci ildən Zaqatala bölgə təcrübə stansiyası Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun tabeçiliyinə verilib. Stansiyanın kollektivi sonrakı illərdə də xəstəlik və zərərvericilərə davamlı, yüksək və keyfiyyətli məhsul verən sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması və son nəticələrin fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətlərində geniş miqyaslı tədqiqat işləri aparmışdır. Lakin təəssüflər olsun ki, bu gün bölgə təcrübə stansiyalarının işi müqayisə olunmaz dərəcədə zəiflədilmişdir. Elmi-Tədqiqat Əkinçilik İnstitutuna yaxın olan mənbələr isə belə bir vəziyyətin yaranmasına görə müəssisənin direktoru Cavanşir Təlayini ittiham edirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, məhz C.Təlayinin göstərişi ilə bu gün bölgə təcrübə stansiyalarının səmərəli fəaliyyəti üçün ayrılmış hektarlarla torpaq sahələri tamamilə kənar şəxslərə icarəyə verilmişdir. Nəticədə isə stansiyaların xidmətlərinə yazılan işlər zaman keçdikcə yalnız bir şərəfli tarix kimi yaddaşlarda qalır. Həmçinin məlumatlarda qeyd olunur ki, stansiyalara təhkim olunmuş torpaq sahələrinin ərazisi məhdudlandıqca, burada çalışan insanlara da ehtiyac azalır. Bu isə yenə də yalnız müəssisə rəhbərinin məqsədlərinə yarayan bir məqam kimi çıxış edir. Belə ki, stansiyaların hər birində ştat cədvəli üzrə 20-30 işçi çalışmalıdırsa, bu gün real işlərin həcmi 8-12 nəfər tərəfindən təmin olunur. Bu isə satansiyalarda “ölü canlar”ın saxlanması üçün əlverişli şərait yaradır...

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt