Əsas Səhifə > Hadisə, Manşet > Şirvanda büdcə təşkilatlarına nəzarət sıfır həddindədir - Buna görə yeyinti rahatdır...
Şirvanda büdcə təşkilatlarına nəzarət sıfır həddindədir - Buna görə yeyinti rahatdır...1-10-2014, 12:49 |
Maliyyə Nazirliyinin (MN) bəzi yerli idarələrində hökm sürən məmur özbaşınalıqları, idarə rəislərinin vəzifə səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə etməsi və digər neqativ hallarla bağlı dəfələrlə tənqidi yazılar etmişik. Lakin bəzi məmurlar tənqiddən nəticə çıxarmağı bacarmır. Əksinə, onlar zaman keçdikcə fəaliyyətlərindəki qanunsuzluqların sayını bir az da artırırlar. Ki, bu da nəhayətdə böyük problemlərin yaranmasına gətirib çıxarır. Müxtəlif qanun pozuntularının qeydə alındığı qurumlardan biri də Şirvan Şəhər Maliyyə İdarəsidir. Qeyd edək ki, sözügedən idarə öz səlahiyyətləri çərçivəsində Şirvan şəhərində maliyyə siyasətini həyata kecirən, yerli gəlir və xərclər üzrə büdcə və büdcədənkənar vəsaitlərin layihələrini hazırlayan, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrasını həyata kecirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, yerli xərclər üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəliklər qəbul edən qurumdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə isə, idarənin rəisi Həzi Qasımov vəzifə səlahiyyətlərini bir kənara qoyaraq tamam başqa işlərlə məşğul olur. Mənbə deyir ki, Həzi Qasımovun imza atdığı bir sıra qanundankənar işlər ölkənin maliyyə sistemində əldə olunan uğurları sanki gözdən salır: "Dövlət büdcəsi haqqında" Qanunun tələblərini pozmaqdan çəkinməyən idarə rəisi Şirvanda büdcədən maliyyələşən təşkilatlara normal fəaliyyət göstərməyə imkan vermir. Belə ki, qanunvericiliyə görə büdcə təşkilatlarında ən yaxşı halda üç ildən bir yoxlama aparılmalı və büdcə vəsaitlərinin hansı istiqamətlərə sərf olunduğu araşdırılmalıdır. Amma Həzi müəllim bəzi büdcə təşkilatlarını il ərzində bir neçə dəfə yoxlatdırır ki, bu da yolverilməz haldır. Maraqlıdır ki, büdcədən maliyyələşən bəzi qurumlarda ümumiyyətlə, heç bir yoxlama aparılmır. Bu isə büdcə vəsaitlərinin bir qrup məmur tərəfindən mənimsənilməsinə zəmin yaradır. Məhz idarə rəisinin rəhbərliyi altında Şirvan şəhərinin maliyyə sistemi acınacaqlı hala düşüb. O hər vasitə ilə şəxsi imkanlarını genişləndirməyə və biznes obyektlərinin sayını artırmağıa çalışır. Məndə olan məlumatlara görə, Həzi müəllimin Şirvan şəhərində və qonşu rayonlarda bir neçə ticarət obyekti var. Yəni məmur rəhbərlik etdiyi idarənin bütün resurslarından şəxsi mənafeyi naminə istifadə edir. Beləliklə, külli miqdarda büdcə vəsaiti mənimsənilir. Az öncə dediyim kimi, idarə rəisi büdcə təşkilatlarında əsası olmayan yoxlamalar təşkil edərək idarə, təşkilat və müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Belə ki, heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün irəli sürülən "şərt"lərə əməl etmək məcburiyyətindədir. Əks halda, Həzi Qasımov onlara ciddi problem yarada bilər". Verilən məlumata görə, idarə rəhbəri başqa işlərə daha çox vaxt ayırdığından Şirvanda yerli gəlir və xərclər üzrə büdcə, o cümlədən büdcədənkənar vəsaitlərin layihələri düzgün hazırlanmır, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrası normal şəkildə həyata kecirilmir: "Həmçinin maliyyə əməliyyatlarının uçotu da qanunlara uyğun formada aparılmır. Buna görə də Şirvan şəhərində büdcədən maliyyələşən idarələrin bir çoxunda qanunsuzluq baş alıb gedir. Amma maliyyə idarəsinin rəisi bu kimi halları görmür. Çünki həmin idarələrin rəhbərləri büdcədən sildikləri vəsaitlərdən Həzi müəllimə də nəysə çatdırırlar. Şirvandakı büdcə təşkilatlarının əksəriyyətinin fəaliyyətində nöqsan var. Bir məsələni deyim ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin rəsmiləri Şirvan Maliyyə İdarəsində yoxlama aparmış və ciddi nöqsanların olduğunu üzə çıxarmışdı. Hansısa səbəblərə görə, bu nöqsanların aradan qaldırılması və qanunları ayaq altına atan şəxslərin cəzalandırılması istiqamətində heç bir tədbir görülmədi. Bu isə Həzi Qasımovun Maliyyə Nazirliyində dayaqlarının olmasından xəbər verir". Qeyd edək ki, büdcə hesabına maliyyələşən qurumlarda maliyyə nəzarəti düzgün aparılmadıqda olduqca ciddi problemlər meydana çıxır. Odur ki, maliyyə naziri Samir Şərifov qanunlara qarşı sayğısızlıq edən idarə rəisini mütləq cəzalandırmalıdır. Əks təqdirdə, Şirvandakı büdcə təşkilatlarında yeyinti halları daha da dərinləşə bilər. Geri qayıt |