Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Sabirabad sakini prezidentə müraciətində səhiyyə sistemini ifşa etdi

Sabirabad sakini prezidentə müraciətində səhiyyə sistemini ifşa etdi


4-08-2014, 12:35
Sabirabad sakini prezidentə müraciətində səhiyyə sistemini ifşa etdi
DİA.AZ xəbər verir ki, Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) elektron poçtuna Sabirabad rayon sakini Azad İlqar oğlu Muradovun ölkə başçısına ünvanlanmış müraciəti daxil olub. Müraciəti ixtisarla dərc edirik:
“Mən 1993-cü ildə Sabirabad rayonunda anadan olmuşam.
11 ildir ki, miyopatiya əzələ xəstəliyindən əziyyət çəkirəm. İndiyə qədər müalicə olunsam da hələ də yeriyə bilmirəm . Həkimlər cərrahiyyə əməliyyatı keçirməyi və yeriyənə qədər müalicə olunmağı məsləhət bilirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı ancaq ABŞ-da, Almaniya, Fransa, İtaliya,İsrail, Cənubi Koreya və Yaponiyada həyata keçirilir. Mənim xəstəliyimin müalicəsində istifadə edilən iynə-dərman preparatları Amerika, Almaniya, İtaliya, Fransa, İsrail və s. xarici ölkələrin istehsalıdır. Mən 1-ci qrup əliləm və 67 manat pensiya aliram. 67 manat pensiyadan başqa dövlət tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə illərdi dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edirəm ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyatına,müalicəyə göndərin və müalicəmi davam etdirmək üçün mənə kömək edin. Səhiyyə nazirliyi isə mənə heç bir kömək göstərmir.
Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Aparatına, Heydər Əliyev Fonduna da ərizə yazmışam. Ərizəyə cavab olaraq bildiriblər ki, vətəndaşları xarici ölkəyə müalicəyə göndərmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Prezident Aparatından, Heydər Əliyev Fondundan Səhiyyə Nazirliyinə məktub yazaraq bildiriblər ki, nazirlik mənim problemimi araşdırıb həll etsin. Ancaq Səhiyyə Nazirliyi mənim problemimi həll etməmişdir.
Bu məqsədlə hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə milyonlarla vəsait ayrılır.Səhiyyə Nazirliyi bu pulları hara xərcləyir?
2010- cu ildə Səhiyyə Nazirliyinin “Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiya”sına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyat və müalicəyə göndərmək üçün rəy versinlər.Komissiya məni yoxlayıb müayinə etmədən Azərbaycan daxilində müalicə olmağa rəy verdilər.
Komissiyanın sədri bildirdi ki, Səhiyyə Nazirliyi vətəndaşları xarici ölkələrdə cərrahi əməliyyat və müalicəyə göndərmək üçün rəy verməyə qoymur.
Mənə verilən saxta rəydən imtina edirəm və mənə verilən rəyə imza atan komissiya üzvlərini cəmiyyətə təqdim edirəm.
Komissiyanın sədri Quliyev Nəsib, komissiyanın katibi Əliyeva İradə, komissiyanın üzvləri Əsədov Bilal, Quliyev Faiq, Kərimov Məmməd, Məmmədbəyov Fərid, Vəlibəyov Rəşid, Heydərov İbrahim, Novruzov Rafael.
Cənab Prezident! Sizdən kömək gözləyirəm”.

Geri qayıt