Əsas Səhifə > Hadisə, Manşet > Fətullah Gülənin Azərbaycandakı adamları parlament seçkiləri tədarükündə

Fətullah Gülənin Azərbaycandakı adamları parlament seçkiləri tədarükündə


16-07-2014, 11:19
Fətullah Gülənin Azərbaycandakı adamları parlament seçkiləri tədarükündə
Prezident İlham Əliyevin keçirdiyi son müşavirədə aydın oldu ki, korrupsiyaya qarşı mübarizə daha da gücləndiriləcək və bu dəfə daha iri məmurlar hədəfə alına bilər. Bunun başlıca səbəblərindən biri də qarşıdan parlament seçkilərinin gəlməsidir. Bu günlərdə Azərbaycanda nurçulara qarşı başlanan savaş zamanı aydın oldu ki, hakimiyyət daxilində Fətullah Gülən tərəfdarlarının kifayət qədər gücləri var və onlar icraedici strukturla yanaşı, parlamentə də daxil ola biliblər.

Gəlin öncəliklə icraedici strukturdakı nurçuların fəaliyyətinə diqqət ayıraq. PA-da şöbə müdiri Elnur Aslanov nurçuların əsas simalarından biri kimi tanındı və dərhal tutduğu vəzifədən azad edildi. Amma ekspertlər hesab edir ki, Elnur Aslanov bu həlqənin ən zəif hissəsi idi və o, hələ bir neçə il öncədən özünün nurçularla əlaqəsini aşkar şəkildə göstərirdi. Müşahidəçilər isə hesab edir ki, Fətullah Gülən tərəfdarlarının əsas simaları hər zaman gizliliyə üstünlük verirlər və diqqət mərkəzində dayanmırlar. Buna görə də Elnur Aslanovun birinci olması inandırıcı deyil. Hesab edilir ki, Elnur Aslanov da başda olmaqla ortada görünən nurçular sadəcə olaraq nurçuların öz qurbanlarıdır və onların qurban getməsini təmin etməklə əsas simaların gizliliyini qoruya biliblər. Ancaq artıq bir çox mətləblər aydınlaşıb və nurçularla ciddi bağlılıqları olan bir sıra nazirlər də ifşa olunub. Sadəcə olaraq onların təmizlənməsi prosesi sistemli şəkildə aparılır və parlament seçkilərinə qədər proses sona çatacaq. Ona görə parlament seçkilərinə qədər ki, qarşıdan gələn seçkilərdə nurçular mövqelərini bərpa etməyə çalışacaqlar. Çünki icraedici strukturda olduğu kimi, parlamentdə olan nurçularda Ceyhun Osmanlı başda olmaqla ifşa olunublar və bu boşluğu doldurmaq Fətullah Gülən tərəfdarlarının əsas vəzifəsi olacaq. Nurçular bunun üçün artıq kifayət qədər siyasiləşmiş bəzi nazirlərin imkanlarından da yararlanmağa çalışacaqlar. Bu isə hardasa 2005-ci il seçkilərini yada salacaq. Qeyd edək ki, 2005-ci il seçkilərində demək olar ki, əksər nazir öz komandasını qabağa çəkməyə çalışırdılar.Amma aparılan proflaktik tədbirlərdən sonra durumu nəzarətə götürmək mümkün olmuşdu. Ekspertlər hesab edir ki, bu seçkilərdə də bəzi nazirlər bütün imkanlarını səfərbər edərək parlamentdə tərəfdarlarının sayını artırmağa çalışacaqlar. Çünki artıq bəzi nazirlərlə vidalaşmağın zamanı çatıb və onlar özlərini qorumaq üçün bütün imkanlarını səfərbər edəcəklər. Belə bir məqamda Fətullah Gülən tərəfdarları da onlardan istifadə etməyə çalışacaqlar. Bununla yanaşı ekspertlər düşünür ki, bu seçkilərdə Abbas Abbasov başda olmaqla "5-ci kalon"da aktivləşəcək. Hətta onların Fətullah Gülən tərəfdarları ilə də razılığa gələcəkləri gözlənilir. Sonda bunu da qeyd edək ki, təxmini hesablamalara görə yeni parlament seçkilərindən sonra hazırda mandat daşıyan deputatların xeyli hissəsi sıradan çıxarılacaq. Hazırda konkret olaraq qarşıdan gələn parlament seçkilərində Ceyhun Osmanlının, Rəbiyyət Aslanovanın, Arif Rəhimzadənin, Etibar Hüseynovun, Jalə Əliyevanın, Aydın Abbasovun, Elton Məmmədovun, Cavanşir Paşazadənin və digər 20 deputatın mandatla vidalaşacağı gözlənilir. Gəzən xəbərlərin arasında bu xəbər də diqqəti cəlb edir. Belə ki, qarşıdan gələn parlament seçkilərində rektor olan şəxslərin daha parlamentdə təmsil olunmayacağı söylənilir. Hakimiyyətin hazırlıqlarına gəldikdə isə indidən bəllidir ki, Yeni Azərbaycan Partiyası gəncləşmə siyasətini həyata keçirəcək və hakim partiyanın namizədlərinin əksəriyyəti gənclərdən ibarət olacaq. Artıq bunun anonsunu YAP-ın icraçı katibi Əli Əhmədov bələdiyyə seçkiləri ilə bağlı verib. Onun sözlərinə görə bələdiyyə seçkilərində YAP-ın əksər namizədi məhz gənclərdən ibarət olacaq. Bu isə özlüyündə parlament seçkilərinə hazırlıq olacaq. Müxalifətə gəldikdə isə ekspertlər hesab edir ki, müxalifət yenə lazımi qədər səs toplaya bilməyəcək. Amma bir neçə nəfərlə parlamentdə təmsil oluna bilərlər. Bunu da qeyd edək ki, müxalifətin parlamentə düşməyə həvəsli olmasının başlıca səbəblərindən biri və birincisi partiyanın dövlət tərəfindən maliyyələşməsidir. Məlumunuz olduğu kimi, o partiyaya büdcədən pul ayrılır ki, həmən partiya parlamentdə təmsil oluna bilsin.

Geri qayıt