Əsas Səhifə > Hadisə, Manşet > Lerik sakinləri icra başçısı ilə deputatın rayondakı özbaşınalıqlarından giley edirlər
Lerik sakinləri icra başçısı ilə deputatın rayondakı özbaşınalıqlarından giley edirlər22-05-2014, 10:58 |
DİA.AZ: - «Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov hələ keçən il vəzifədən alınacağını gözləyirdi. Əməlli-başlı vahimələnmişdi. Çünki ona qarşı ağır ittihamlar var idi. Söhbət dövlət büdcəsinə nə az, nə də çox, 1 milyon manatlıq xəyanətdən gedirdi. Amma himayədarları onu nəinki ittiham hədəfi olmaqdan yayındıra bildilər, həm də vəzifə başında da qorudular». Bu sözlər DİA.AZ-a Lerikdən göndərilən müraciətdə yer alıb. Lerik rayonunun bir qrup ziyalısı adından edilən müraciətdə bildirilir ki, icra başçısı Rövşən Bağırov və rayonun deputatı İqbal Məmmədov əməlli-başlı şəbəkə quraraq rayonu talan edirlər. Narazı vətəndaşların dia-az.site-a yolladıqları müraciətdə deyilir: «Rövşən Bağırov 2007-ci ildən Lerikə rəhbər təyin olunub. Əksər hallarda bir şəxs bir rayonda 5 il başçı olur. Nadir hallarda istisnalar olur. Rövşən Bağırov da istisna təşkil edir. Çünki olduqca strateji yer olan Leriklə bağlı Bakıda oturan bir qrup mafioz şəbəkənin planları var. Onlar hələ Leriki tam dizüstə çökdürə bilməyiblər. Çünki Rusiyada yaşayan leriklilər azdan-çoxdan evlərinə pul göndərirlər. Yəni camaat əslində yerli rəhbərliyin ümidinə qalsa, çoxdan acından çöllərə düşmüşdü». Sakinlər bildirir ki, Rövşən Bağırovun vəzifədən alınması üçün Lerikdə bir neçə dəfə ayaqlanma olub: «Amma deputat İqbal Məmmədovun və Rövşən Bağırovun qoçuları, camaatın içinə yeritdiyi casusları «asiləri» vaxtında ifşa etdiyindən bütün bu hərəkətlənmələr baş tutmayıb. Lakin bu gün icra başçısına qarşı xalq tam olaraq üsyan əhval-ruhiyyəsindədir. Səbəbləri çoxdur: 1. Rayondakı bütün gəlirli obyektlərin böyük əksəriyyəti, demək olar ki, hamısı Rövşən Bağırova və İqbal Məmmədova, onların yaxınlarına məxsusdur; 2. Lerikdə təsərrüfatı olanlar, xırda obyekti olan leriklilər mütləq şəkildə qazandıqlarından icra başçısının payını ayırmaq zorundadırlar. Əks halda, təsərrüfatları, biznesləri məhv ediləcək. Bunun üçün isə ən güclü silahları yerli polisdir. Bu gün isətinəlin bir leriklini narkotik ittihamı ilə damlatdırmağı bacaran bu şəbəkədən hər kəs ehtiyat edir; 3. Lerikdə Rövşən Bağırovla İqbal Məmmədovun qohumları rəsmən meydan sulayırlar. İki ay əvvəl bir insident də olub. İcra başçısının yaxın qohumlarından biri kənd müəllimini ağır şəkildə döymüşdü. İşi ört-basdır edib, müəllimi də hədələyərək susdurdular. Yəni bu qədər harınlayıblar və xalqda artıq ikrah hissi oyadırlar». DİA.AZ-a daxil olan müraciətdə həmçinin o da bildirilir ki, icra başçısı həm də şikayətçiləri sevmir: «Bu gün Rövşən Bağırovun qəbuluna düşmək əməlli-başlı problemdir. Hətta bunun biznesi ilə də məşğul olanlar var. Başçının köməkçisi adamlardan pul alıb, başçının qəbuluna salır». Onu da bildirək ki, müraciətdə əlavə ittihamlar da yer alıb və müraciət müəllifləri bildirirlər ki, onlar prezidentin Lerikin canını Rövşən Bağırovun əlindən qurtaracağına inanırlar. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |