Əsas Səhifə > Hadisə, Manşet > Arif Əsgərovla Etibar Pirverdiyevin arasında «soyuq müharibə»
Arif Əsgərovla Etibar Pirverdiyevin arasında «soyuq müharibə»9-05-2014, 12:12 |
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QCS) sədri Arif Əsgərovla «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin münasibətləri kəskin pisləşib. Buna səbəb Etibar Pirverdiyevin nəzarəti altında olan "ATEF Şirkətlər Qrupu” MMC-nin «Azərbaycan Dəmir Yolları” ilə arasındakı məhkəmə çəkişməsidir. Əldə etdiyimiz məlumatlara görə, Arif Əsgərovun rəhbəri olduğu qurumun şirkətə 306 min manat borcu var. Borc çəkişməsinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Apelyasiya Məhkəməsindədir. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. Verilən məlumatda deyilir ki, «Azərenerji» rəhbərinə məxsus olan şirkət bir neçə il əvvəl «Azərbaycan Dəmir Yolları»nın müxtəlif sifarişlərini həyata keçirib. Görülən işlərin müqabilində qurum rəsmiləri tərəfindən şirkətin bank hesabına müəyyən miqdarda vəsait keçirilsə də, 306 min manat ödənilməyib. Bu barədə bilgiyə sahib olan mənbənin bildirdiyinə görə, borcu ödəmək istəməyən QSC rəhbərliyinə şifahi formada xəbərdarlıq edilib: «Amma Arif Əsgərov başda olmaqla cəmiyyətin heç bir səlahiyyətli nümayəndəsi buna məhəl qoymayıb. Pulu ala bilmədiklərini görən «ATEF» rəhbərliyi bununla bağlı Etibar Pirverdiyevə məlumat verib. Onun işə qarışmasından sonra tərəflər arasındakı vəziyyət xeyli qəlizləşib. QSC sədri borcu qaytarmayacağını söyləyib və ASC rəhbəri məsələni məhkəmə yolu ilə həll edəcəklərini bildirib. Hazırda iş məhkəmədədir. Buna baxmayaraq, Etibar Pirverdiyev hər fürsətdə Arif Əsgərova zərbə endirməyə çalışır. Yuxarı orqanlarda möhkəm dayaqları olan «Azərenerji» rəhbəri Arif Əsgərovun imza atdığı qanunsuzluqlar haqqında məlumat toplayaraq yuxarılara çatdırır». Mənbə vurğulayır ki, son vaxtlar dəmir yolu nəqliyyatında yaranan bir sıra problemlər QSC sədrinin işini xeyli çətinə salıb: «Məlum olduğu kimi, bu ildən ölkə ərazisində dəmir yolu tarifləri təxminən, 31 % artıb. Lakin bununla bağlı geniş açıqlama verilməyib və qiymət artımı əsaslandırılmayıb. Dəmir yolu nəqliyyatında baş verən qiymət artımını «Azərbaycan Dəmir Yolları»nın nümayəndələri izah edə bilmir. Sərnişin və yük daşımalarında qiymətlərin dövlətlə razılaşdırılmadan artırılması yuxarıların etirazı ilə qarşılanıb. Bundan başqa, QSC-də əməkhaqlarının verilməsində ciddi problemlər müşahidə olunur. Bir müddət əvvəl bəzi şəxslər ixtisara düşüb. Qurumun peşəkar mütəxəssislərinin çoxu səbəbsiz yerə işdən çıxarılıblar. Bu kimi hallardan istifadə edən Etibar Pirverdiyev cənab Əsgərova öz gücünü göstərməyə çalışır». Onu da bildirək ki, QSC sədrinin adı «vurulacaq» məmurların sırasında çəkilir. Buna səbəb olan amillərdən biri də «Azərbaycan Dəmir Yolları»nda iri maliyyə fırıldağının üzə çıxmasıdır. Xatırladaq ki, qurumun marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham edilərək həbs olunub. Bu məsələdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da əlinin olduğu bildirilsə də, məmur övladı məsuliyyətə cəlb edilmədi. Halbuki, 28 yaşlı Elnar Əsgərovun rəhbəri olduğu "Liman Group” şirkəti QSC-nin tikinti layihələrinin əsas iştirakçısı olub. Yəni 48 milyon manatlıq yeyintidə məmur oğlunun iştirakının olması istisna edilmir. Bu arada, Arif Əsgərovun keçmişi ilə bağlı şok məlumatlar əldə etmişik. Məlumata görə, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında çiçəklənmə dövrü başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla qohum olub. Onun dövründə Arif Əsgərov maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin edilib. Arif Əsgərovun keçmiş rəisi, onu vəzifədə irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətlərinin olduğu deyilir. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Dövlət Dəmiryolu İdarəsinə Vahid Məmmədov rəis təyin edilib. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edilib və Raya Abbasova adlı bir xanımla əvəzlənib. Uzun müddət işsiz qalan Əsgərov daha sonra kimlərinsə vasitəsilə bu sistemə yenidən bərpa olunub. Mənbə bildirir ki, Etibar Pirverdiyev məhz bu tip materialları yuxarılara təqdim etməklə QSC sədrinin vəzifə karyerasına son qoymaq istəyir. Tərəflər arasında davam edən «soyuq müharibə»də üstünlük hələ ki, Etibar Pirverdiyevin tərəfindədir. Belə davam etsə, yaxın vaxtlarda Arif Əsgərovun vəzifədən azad olunması ilə bağlı sərəncam verilə bilər. Yazıda adı hallanan bütün tərəflərin mövqeyini işıqlandıra bilərik. \\ gundelik-baku \\ Geri qayıt |