Əsas Səhifə > Hadisə, Manşet > İcra başçılarının daha bir "pul ağacı" kəsilə bilər
İcra başçılarının daha bir "pul ağacı" kəsilə bilər18-03-2014, 11:09 |
Martın əvvəlindən mənzil alıb-satanların işi bir xeyli asanlaşıb və artıq xüsusi olaraq yüklülük sənədi, yəni "Forma 1" almağa ehtiyac yoxdur. Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış olan "Forma 1"i artıq notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək mümkün olacaq. Əmlak üzrə ekspertlər bu dəyişikliyi çox önəmli sayırlar. Onların dediklərinə görə, əvvəllər bu sənədin alınmasına təxminən 15 günə qədər vaxt gedirdi. Prosesin rəsmi tərəfi bir yana qalsın, qeyri-rəsmi tərəfi də vardı. Belə ki, əksər hallarda adamlar bu 15 günlük prosedura dözə bilmirdilər və işi sürətləndirməyə çalışırdılar. Bu da, təbii ki, müəyyən əlavə xərclərə başa gəlirdi və müştərilər sürtəli "Forma 1" sənədinə görə, situasiyadan asılı olaraq, 300 manatdan 3-4 min manata qədər əlavə vəsait ödəməli olurdular. Bununla belə, əmlakın qeydiyyatı məsələsində, xüsusilə də fərdi yolla tikilmiş əmlaka texniki pasportların və "kupça"ların verilməsindəki problemlər əvvəlki kimi qalıb. Yeni Şəhərsalma və Tikinti Məcəlləsi bu sahədə əngəlləri xeyli azaltsa da, xüsusilə də Bakıda sakinlərin özəl torpaq sahələrində ev tikərək sənədləşdirməsi həll edilməyən probelmə çevrilib. Yeni məcəlləyə görə, artıq sakinlərin özəl torpaq sahələrində ev tikməsi üçün rayon icra hakimiyyətlərindən (İH) icazə almasına, yəni İH başçısının bunun üçün xususi sərəncam verməsinə ehtiyac yoxdur. Amma yeni qaydalara görə, tikintiyə başlamazdan öncə yerli İH-nin memarlıq xidməti tikiləcək evin layihəsini təsdiq etməlidir. Həmçinin ev tikilib başa çatdıqdan sonra yerli İH onun istismara yararlı olması barədə sərəncam verməlidir. "Kupça" almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumuna müraciət edilən zaman da həmin sənədlər təqdim olunmalıdır. İndi ev tikənlərin ən çətin əldə etdikləri sənədlər məhz bu iki sənəddir. Çətinliyin böyüyü memarın layihəni təsdiq etməsi zamanı başlayır. Memar müəyyən normativlərdən bəhs edərək 2 və ya 3 sot olan ərazinin tikinti üçün darlığından bəhs edir. Yəni qonşu divardan filan qədər aralı olmalıdır və s. Yəni onu yola gətirmək üçün tikinti sahibi müəyyən qədər "hörmət" etməlidir. Ən böyük çətinlik isə evin tikinti üçün yararlı olmasına verilən sərəncamla bağlı olur. Yəni tikinti sahibi burada da "hörmət"li davranmasa, evin yaşayış üçün yararlı olmaması barədə sərəncam verilə bilər. Bu zaman aktla evdə yaşayışın olması da qeyd edilərək onu qanunsuz tikilmiş evlər sırasına sala bilərlər. Yəni bu zaman İH təmsilçiləri bir qədər fəndgir tərpənirlər - evin sökülməsi barədə qərar verərək hər hansı sosial narazılığa səbəb olmasalar da, evi qanunsuz tikililər sırasına salmaqla mülkiyyət sahibini çıxılmaz məngənəyə salırlar. Adətən, belə evləri nə almaq, nə də satmaq, nə də onlara qeydiyyata düşmək mümkün olur. Belə evlərin sahibləri hər an evlərinin sökülə biləcəyi qorxusu altında olurlar, hər hansı bir dövlət layihəsi çərçivəsində ərazidə aparılan söküntü işləri zamanı heç bir pul ala bilməyəcəklərini düşünürlər və sabahlarına ümidlərini itirirlər. Əksər ailə başçıları övladlarını bu cür ciddi problemlə üz-üzə qoyaraq dünyadan köçməyin qorxusu altında yaşayırlar. Bakı və ətraf qəsəbələrdə belə ailə başçılarının sayının 300 minə yaxın olduğu bildirilir. Bəziləri məsələnin məhz bu tərəfini düşünərək əllərində olan bir sıra əmlakı - avtomobili, artıq torpaq sahəsini, dükanı və s.-i sataraq evin sənədləşməsinə xərcləyirlər. Bu işi görmüş fərdi ev sahiblərinin dediklərinə görə, hazırda mənzili sənədləşdirməyin "qiyməti" Bakının müxtəlif rayonları üzrə 5 min manatdan 15 min manata kimi dəyişir. Amma belə imkanı olanlar azdır və əksəriyyət "5 min dollar pul xərcləyib tikdiyim evin sənədləşməsi üçün 15 min manatı haradan alım verim?" məntiqi ilə dövlətin bu işə bir əncam çəkməsini gözləyirlər. Müstəqil araşdırmalara görə, Bakı və ətrafında belə evlərdə 1 milyona yaxın adam yaşayır və bu, ciddi sosial partlayışlara səbəb ola bilər. Yəni bu məsələ mütləq həll edilməlidir və eyni problemlərlə üzləşmiş postsovet məkanı ölkələrinin getdiyi yolla getmək lazımdır. Qeyd edək ki, bir neçə il qabaq Rusiyada da oxşar problemlər var idi və Moskva fərdi əmlakın sadələşdirilmiş qeydiyyat qaydaları tətbiq etməklə məsələni həll etdi. Həmin qaydalara görə, yeni tikilmiş fərdi evin qeydiyyata götürülməsi üçün nə təsdiq edilmiş layihə, nə də istismara yararlılıq sərəncamı lazımdır, sadəcə texniki invertarlaşdırma bürosunun qərarı kifayətdir. Əksər ekspertlərin fikrincə, Azərbaycan da bu addımı atmalıdır və icra hakimiyyətlərini fərdi ev tikintisindən kənarlaşdırmalıdır. Yəni Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə verilməlidir. Ekspertlər hesab edir ki, icra hakimiyyətləri tərəfindən yeni tikilən əmlakın layihəsinin təsdiq edilməsi və onun istismara yararlı olmasına dair qərarın verilməsi sovetlərdən qalmış lazımsız təcrübədir və ondan imtina olunmalıdır. Hələlik bu istiqamətdə təkliflərə hökumətin nə zaman baxacağı, onları qəbul edib-etməyəcəyi dəqiqləşməyib, amma icra hakimiyyətləri fərdi mənzil tikintisindən uzaqlaşarsa, bu, icra başçılarının kefinə əməlli-başlı soğan doğrayacaq, çünki onlar çox ciddi məbləğlərlə müşaiyət olunan qeyri-qanuni gəlirlərdən məhrum qalacaqlar. Geri qayıt |