Əsas Səhifə > Hadisə, Manşet > Tehranda İlham Əliyevdən Mövsüm Səmədovu azadlığa buraxması istəniləcək

Tehranda İlham Əliyevdən Mövsüm Səmədovu azadlığa buraxması istəniləcək


12-03-2014, 09:21
Tehranda İlham Əliyevdən Mövsüm Səmədovu azadlığa buraxması istəniləcək
DİA.AZ: - “İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi İrana səfərə dəvət edib. Bu səfərin baş tutması üçün prezidentlərin qrafikinə uyğun olaraq proqram hazırlanır”. Bildirək ki, dünən bu barədə keçirdiyi həftəlik brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və əlaqələr bu səviyyədə davam etdirilir: “Bunu İran, Türkiyə və Azərbaycan XİN başçılarının görüşünün Türkiyənin sərhəd şəhərində keçiriləcəyi də göstərir”.

M.Əfxəm vurğulayıb ki, Azərbaycan prezidentinin səfəri iki ölkənin münasibətlərində dönüş nöqtəsi ola bilər: “Aidiyyəti qurumlar səfərin təşkili ilə bağlı ciddi işlər görür”.

DİA.AZ-a bu istiqamətdən maraqlı bir məlumat daxil olub. Diplomatik qaynaqlardan verilən xəbərə görə, rəsmi Tehran Azərbaycanla münasibətlərin qaydasına salınması üçün xüsusi sənəd hazırlayıb və bu sənəd artıq rəsmi Bakıya da təqdim olunub.

Mənbə iddia edir ki, sənəd iki ölkə arasındakı münasibətlərin qaydasına salınmasına hesablanıb: «Sənəddə bir sıra siyasi və iqtisadi layihələr, şərtlər, habelə öhdəliklər də yer alıb. Azərbaycanın daxildə atacağı addımlarla bağlı isə rəsmi Bakıdan hazırda həbsdə saxlanılan iranmeyilli dindarların, xüsusən də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa buraxılması istənilir».

Mənbəmiz bildirir ki, hələlik rəsmi Bakının bu müzakirə və şərtlərə hansı reaksiya verəcəyi bəlli olmasa da, görünəni odur ki, Ruhani prezident seçildikdən sonra tutduğu dəst-xəttə uyğun olaraq Qərblə yanaşı, yaxın qonşusu olan Azərbaycanla da münasibətlərini qaydasına salmağı məqsədinə çevirib.

Geri qayıt