Əsas Səhifə > Hadisə, Manşet > Vüqar Gülməmmədovun ilk iş ili – Hesablama Palatasının bu il missiyası daha ağırdır
Vüqar Gülməmmədovun ilk iş ili – Hesablama Palatasının bu il missiyası daha ağırdır21-02-2014, 11:08 |
DİA.AZ: - Adına «Xalqnəzarəti» («Narodnıykontrol») deyilən «zəhmli» qurum sovet dövrü insanlarının yaxşı yadında qalıb. Bu qurumun işi dövlət vəsaitini mənimsəyənlərə, izafi xərclərə yol verənlərə qarşı yönəlmişdi. Yəni dövlətin vəsaitinə nəzarət edirdi. SSRİ dağılanda digər vacib sahələr kimi, bu sahə də xeyli müddət nəzarətsiz qaldı və ciddi boşluq yarandı. Əslində, «Xalqnəzarəti»nin qalması da mənasız idi. Prezident tərəfindən imzalanan 07 yanvar 1999-cu il tarixli 69 nömrəli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» Fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi. Beləliklə, uzun fasilədən sonra nəhayət, müstəqil dövlətin inkişafı üçün çox vacib olan Hesablama Palatası yarandı. Onu da qeyd etmək lazımdır ki, Hesablama Palatası ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən yaradılır və onun qarşısında hesabatlıdır. Yəni Hesablama Palatası icraedici orqana tabe deyil. Bu ona öz fəaliyyətində xeyli müstəqillik verir. Son illər Hesablama Palatasının yoxlamaları sayəsində milyonlarla dövlət vəsaiti bərpa olunub, xeyli nöqsan və pozuntular ortaya çıxarılıb və nəticədə dövlətə böyük maddi ziyan dəydiyini təsdiq edən materiallar ölkənin Baş Prokurorluğuna göndərilib. Və bu materiallar əsasında xeyli sayda vergi ödəyicisinə qarşı cinayət işi açılıb. Son illər Hesablama Palatasının nəzarət tədbirləri sayəsində böyük sayda əlavə ştat vahidləri, qruplar ləğv edilib. Hesablama Palatası son illərdə Dövlət Sosoial Müdafiə Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində (maraqlıdır ki, Heydər Əsədov HP-dən KTN-yə keçəndən sonr bu yoxlamalar start götürdü –red.) və digər dövlət qurumlarında ciddi yoxlamalar aparıb. Xatırladaq ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, eyni Zamanda Kənd Təsərrüfatı Nazirliyinə aid “Aqrolizinq”i yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı.. DİA.AZ-a daxil olan məlumata görə, Hesablama Palatası 2014-cü ildə də xeyli dövlət qurumlarında yoxlamalar keçirməyi planlaşdırıb. Həm də nəzərə almaq lazımdır ki, artıq Hesablama Palatasında Heydər Əsədov yox, Vüqar Gülməmmədov sədrdir və bu yeni kadr həm də özünü doğrultmaq problemini yaşayır, ona görə də builki yoxlamaların ötən illərlə müqayisədə daha ciddi olacağını proqnozlaşdırmaq olar. Bəzən mətbuatda Hesablama Palatasının yoxlamalarını az qala keçmiş «Narodnıykontrolun», ya da «OBXESS»-in yoxlamaları ilə eyniləşdirib kiminsə vurulacağını söyləyirlər. Biz bu fikirdə deyilik və bunları növbəti yoxlamalar hesab edirik. Ancaq hər halda Hesablama Palatasının hədəfinə çevrilən dövlət qurumları ilə bağlı addımlar təsadüfən atılmır və prosesin davamı da olur. Məsələn, əldə olunan faktlar prokurorluğa, hüquq-mühafizə orqanlarına ötürülür. Deməli, HP artıq “fətvası” verilmiş qurumların üzərinə çökür ki, anoloji taktika bu il də qüvvədə olacaq. Yəni hakimiyyət daxili təmizləməni HP hesabına həyata keçirməkdə israrlıdır... Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyada da bildirilir ki, Vüqar Gülməmmədovun il kişi çox ağır keçə bilər. Hər halda, Heydər Əsədovla müqayisədə o qədər də nüfuz sahibi olmayan Gülməmmədovun oliqarx-məmurlarla toqquşmalardan üzüağ çıxması problemlə müşayiət olunacaq. Bu barədə danışan mənbə bildirir ki, hakimiyyət köklü dəyişikliklərə getmək niyyətindədir və «vurulacaq» məmurlara qarşı planlaşdırılan silahlardan biri də məhz Hesablama Palatasıdır. Belə olan təqdirdə yeni HP rəhbərinin üzərinə düşən missiyasının ağırlığını təsəvvür etmək o qədər də asan deyil. Amma bir məsələ də var ki, Heydər Əsədovun əlləri hələ də Gülməmmədovun kürəyindədir… Və HP sədri bu istiliyi artıq KTN-yə etdiyi həmlələrdə yetərincə hiss edib... Geri qayıt |