Əsas Səhifə > Hadisə, Manşet > Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı səfərinin pərdəarxası
Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı səfərinin pərdəarxası18-02-2014, 10:30 |
DİA.AZ: - Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Məlumata görə, Səudiyyə Ərəbistanına səfərin məqsədi builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etməkdən ibarətdir. Xəbərdə həmçinin səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi qeyd olunur. Səfər çərçivəsində A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də görüş və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilməzi nəzərdə tutulub. Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq. Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələləri, eyni zamanda zəvvarların ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirmələri ilə bağlı məsələlər öz əksin tapacaq. DİA.AZ- bununla bağlı daxil olan informasiyalardan isə aydın olur ki, Şeyxin Səudiyyə Ərəbistanına səfəri təkcə Həcc ziyarətinin təşkili ilə bağlı deyil. Əslində bu fikir kifayət qədər ağlabatandır. Ən azından ona görə ki, Azərbaycandan Həcc ziyarətinə səfərlərin təşkili ilk dəfə deyil ki, baş verir. Yəni burada hansısa dəyişiklik olmayıb ki, Şeyxin belə bir səfərinə ehtiyac duyulsun. Belə bir məqamda təbii ki, ağla ilk olaraq gələni bir müddət əvvəl vəhabilərə yaxın olan və özünü «Şeyx-Leaks» kimi təqdim edən qaynağın dövriyyəyə buraxdığı informasiyalardır. Söhbət QMİ rəhbərinin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin gərginləşməsindən gedir. Xatırladaq ki, bir müddət əvvəl Allahşükür Paşazadə vəhabilərin və nurçuların əleyhinə sərt açıqlamalar verdi və onları az qala Azərbaycan dövlətinin düşmənləri kimi təqdim etdi. Bunun ardından isə vəhabi və nurçulara yaxın dairələr Şeyxə qarşı kampaniyaya başladılar. Təbii ki, illərdir sözügedən təriqətlərlə ortaq hərəkət edən və bu ortaqlıqdan ciddi gəlir əldə edən Şeyxin bu açıqlamasının bəldəlini ödəyəcəyi ilk başdan bir iddia şəklində ortaya atılmışdı. Və bildirilirdi ki, hətta ən gəlirli sahələrdən olan Həcc ziyarətlərinə nəzarət belə Şeyxin əlindən alına bilər. Eyni zamanda nurçularla bir neçə ortaq layihənin belə təhlükə altında olduğu söylənilirdi. Belə bir şəraitdə Şeyx İstanbulda təşkil olunan və nurçulara aid iqtisadi çevrələrin nəzarəti altında olan bir tədbirə müəmmalı şəkildə qatıldı. Hər kəs Şeyxin iqtisadçı olmadığını söylədi və onun bu səfərinin anlaşılmaz olduğunu bildirdi. Amma aydın olanı o idi ki, Şeyxin həmin tədbirdə iştirakı əslində nurçu dairələrlə danışıq apararaq, əvvəlki münasibətləri qüvvədə saxlaya bilməsi üçün bir bəhanə imiş. İndi isə məlumatlı mənbələr bildirir ki, Şeyxin Səudiyyə Ərəbistanına səfəri də eyni xarakterdəndir. Yəni bir neçə gün əvvəl vəhabilərin ünvanına dediyi ittihamlardan sonra yaranmış münasibət pozuqluğu yoluna qoyulmalıdır. Belə bir məramla Şeyxin Səudiyyə Ərəbistanına səfərə hazırlaşdığını iddia edən mənbə onu da əlavə edib ki, əslində müzakirə predmeti həqiqətən də Həcc ziyarətidir. Çünki artıq Səudiyyə Ərəbistanından Şeyxə Həcc ziyarəti ilə bağlı açıq təhdidlər ünvanlanıb. Şeyx isə bu gəlirli biznesini qoruya bilməsi üçün yola çıxır… Geri qayıt |