Əsas Səhifə > Hadisə, Manşet > Lisey kollektivinin Mikayıl Cabbarovdan imdad diləyən şok müraciəti
Lisey kollektivinin Mikayıl Cabbarovdan imdad diləyən şok müraciəti5-02-2014, 12:44 |
Etiraf etmək lazımdır ki, respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də bu vəzifəni icra edəcək şəxslərə qarşı irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Biz dəfələrlə bu problemə toxunaraq Bakıda fəaliyyət göstərən bir neçə peşə liseyində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Məlum olduğu kimi son vaxtlar fəaliyyətində böhranlı vəziyyət yaşanan tədris müəssisələrindən biri kimi mətbuat səhifələrində 12 saylı Bakı Peşə Liseyinin də adı çox hallanmaqdadır. Bu günlərdə isə redaksiyamıza bu liseyin kollektivi tərəfindən imzalanmış bir məktub daxil olmuşdur. Həmin məktubda kollektiv üzvlərinin Təhsil naziri Mikayıl Cabbarova ünvanladıqları müraciət də öz əksini tapmışdır. Əslində müəlliflər bu məktubun DİA.AZ vazitəsilə olduğu kimi yayılmasını istəmişdilər. Lakin ifadələrin həddindən artıq kəskin olduğunu nəzərə alaraq biz mətni bir qədər redaktə etməyi, bəzi yerlərdə isə öz şərhlərimizə əsaslanmağı qərara aldıq. Qeyd etmək istərdik ki, mətnlə tanış olarkən ilk diqqətimizi cəlb edən məqam yazı müəlliflərinin emosional gərginliyi oldu. Bu isə 12 saylı Bakı Peşə Liseyində vəziyyətin həqiqətən də ağır durumda olmasından xəbər verirdi. Məktub müəllifləri öz müraciətlərinə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatları dəstəklədiklərini bildirməklə başlasalar da, artıq növbəti sətirlərdə 12 saylı liseydə yer almış neqativ hallar diqqət mərkəzinə gətirilir: “Hörmətli Mikayıl müəllim! İlk öncə rəhbərliyiniz altında təhsil sahıəsində fəal şəkildə həyata keçirilən səmərəli islahat və dəyişikliklərə ğörə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Müstəqil Azərbaycanımızın ən önəmli sahələrindən biri olan təhsil sistemində inkişafa əngəl törədən neqativ halların qarşısının alınması işində Sizin rəhbərliyinizə böyük ümidlər bəsləyirik. Buna görə də bildirmək istəyirik ki, təhsil sistemində həyata keçirilən bütün müsbət dəyişikliklərlə yanaşı bizim işlədiyimiz 12 saylı Bakı Peşə liseyində tənəzzül prosesi, neqativ hallar müşahidə olunur. Rüşvətxorluğun yüksək dərəcədə olması, dərslərin tədris olunmaması, muəllim və tələbələr arasında nizam-intizamın aşağı səviyyədə olması, əxlaqsızlıq və dərəbəyliyin hökm sürməsinin iki baiskarının mövcudluğu: tədris-istehsalat işi üzrə müdür müavini Şahin Bəylərov və dərs hissəsinin müdürü Şəlalə Əsədova (hər ikisi 25 ildən artıq liseydə işləyir) gənc nəsil və pedaqoji işçilərin fiziki və mənəvi sağlamlığını çürüdüb yarasız hala salırlar.” Göründüyü kimi məktubda 12 saylı Bakı Peşə liseyində yer almış qanun pozuntularının, neqativ halların mövcudluğuna görə əsas məsuliyyət daşımalı olan şəxslərin adları müəlliflər tərəfindən dərhal çəkilir. Növbəti sətirlərdə isə bu şəxslərin qeyri-etik davranışlarına dair faktlar təqdim olunur. Bildirilir ki, Şahin Bəylərov və Şəlalə Əsədova artıq uzun illərdir ki, bir-birinə çox isti münasibət bəsləyirlər və bu cür munasibət işçilər və tələbələr üçün də sirr deyil. Qeyd etmək lazımdır ki, məhz bu problem dəfələrlə ölkənin müxtəlif kütləvi informasiya vasitələri tərəfindən də müzakirəyə çıxarılmışdı. Aldığımız məktubda isə bu münasibətlər daha kəskin ifadələrlə şərh olunur: “Dəfələrlə işçi və tələbələr tərəfindən tədris hissəsinin otağına girməsi mümkünsüz olur, bir neçə dəfə də orada işləyən və oxuyan adamlar bu cütlüyün əxlaqsız hərəkətlərinin şahidi olmuşdur. Hər gün bu cütlük saat 20.00-dək liseyin binasında tək qalaraq müəllim şərəfinə sığmayan əxlaqsızlıqla məşğul olur və bundan sonra da sərxoş vəziyyətdə çıxaraq “Mersedes”lə restotana gedirlər.” Daha sonra müəlliflər Şahin Bəylərov və Şəlalə Əsədova tərəfindən liseydə həyata keçirilən rüşvətxorluq və müxtəlif pul yığımları barədə açıqlamalar verirlər: “Kasıb tələbə və müəllimlərin halal qazancına sahıb olan bu iki şəxs indi aydın məsələdir ki, maliyyə dəstəyini haradan götürərək eyş-işrətlə məşğul olurlar. Mütəmadi olaraq Şəlalə xanım təlim ustası və tələbələri bir-bir öz kabinetinə çağırır, stolun ortasına böyük selofan paket qoyub hər kəsi ora pul qoymağa vadar edir. Kasıb-varlılığına fikir vermədən hər tələbədən 20 manatdan başlayaraq pul yığımı həyata keçirirlər, uşaqları və onların valideynlərini ağladırlar. Tələbələr öz təqaüdlərini axırıncı dəfə nə vaxt aldıqlarını bilmir, hər ay kartdan pul çıxarıb nağd şəkildə bu iki nalayiq şəxslərə verirlər. İmtahan üçün yığdıqları 20-25 manat həcmində pula tələbələri imtahandan keçirtməyiblər, onları “kəsdirib” qiymətləri 100 manara qədər qaldırıblar. Kasıb ailələrdən çıxmış tələbələr onların tələblərinə tabe olmağa məcbur qalırlar. Bundan əlavə, liseydə təhsil alan tələbələr hamısı müəyyən pul müqabilində (500-1000 manat) ora qəbul olunublar. Artıq valideyni kredit almayan bir tələbə də qalmamışdır.” Eyni zamanda da məktubda tədrisin səviyyəsinin xeyli aşağı olduğu vurğulanır. Digər tərəfdən isə rəhbərliyin korrupsiyaya bulaşdığı bir müəssisədə vəziyyətin fərqli olacağını gözləmək də sadəlövhlük olardı: “Əgər onlar bu pula Amerika və ya Avropa təhsilllərini alsaydılar anlamalı olardı. Amma burada hər məsələni rüşvət həll edir. Dərslərin çoxusu keçirilmir, elə fənnlər var ki, onlar ümumiyyətlə heç vaxt tədris olunmayıb. Hər qrupda belə fənlərin sayı 3-4 hətta 5-ə çatır. Şahın Bəylərov və Şəlalə Əsədovaya yaxınlığı ilə seçilən müəllimlər həyat boyu işə gəlmirlər, onların maaş kartları bu iki şəxsdədir. Liseydə kağızda olan yarımqruplar real mövcud deyil, qruplar bölünmür. Siz bunu asanlıqla yoxlada bilərsiniz. Uşaqlar da bu müəllimləri üzdən tanımırlar. Tədris olunan dərslərin də çoxusu keyfiyyətsiz keçirilir. Nəticədə külli miqdarda pul vəsaiti iki nəfərin ciblərinə axır. Onlar hər ikisi pulun çoxluğundan başlarıni itiriblər. Şahin müəllim öz daxma evini villaya çevirib, köhnə “Moskviç” avtomobilini təzə və bahalı “Mersedes”ə dəyişib, qıza dəbdəbəli toy eləyib. Şəlalə Əsədova isə bahalı paltar və qızıl-zinyət əşyalarını hər gün dəyişir.” Lakin 12 saylı liseydə korrupsiyaya məruz qoyulanlar heç də təkcə şagirdlər deyil. Məktubdan məlum olur ki, müxtəlif pul tələbləri eynilə liseyin müəllim kollektivinin də qarşısında qoyulur: “Tələbələrin pul yığımı ilə iş bitmir, müəllimlər də soyulurlar. Hər il və yarımilə onlara dövlət tərəfindən ayrılan dərs yükünü almaq üçün müəllimlərdən 100-500 manat məbləğində pul istəyirlər. İşçilər və tələbələr tərəfindən liseyin əvvəlki rəhbərliyindən Təhsil Nazirliyinin keçmiş rəhbərliyinə dəfələrlə şikayət göndərilməsinə baxmayaraq heç nə dəyişmədi və şikayətçilər hamısı müxtəlif bəhanələrlə işdən qovulmuşlar...” Nəhayət məktubun sonunda təsvir olunan hallar isə əsil kriminal hadisə ssenarilərini xatırladır. Qeyd etməyə bilmərik ki, əgər irəli sürülən ittihamlar öz təsdiqini taparsa, bu zaman Şahın Bəylərovun nəinki tədris müəssisəsində, hətta islah müəssisələrində belə pedaqoji fəaliyyət göstərməsi məqbul hesab oluna bilməz: “Təhsil Nazirliyin işçisi Zakir Əhmədov hər dəfə gələndə Şahin Bəylərov və Şəlalə Əsədova ilə yeyib-içib məsələni başlı-başına buraxırdı, onun özünün də liseydə çoxlu dərs saatları vardır və o, heç vaxt bir dərsə gəlməyərək qanunsuz maaş alır. Belə “rüşvət və içki diplomatiyası” indiyə qədər davam etdirilir. Artıq bir ildir ki, liseyin direktoru dəyişilib, Eynulla Qasimov olub. O, yaranmış vəziyyəti düzəltməyə çalışsa da alınmayıb, çünki Şahin Bəylərov onun üstünə əl-qol açıb müqavimət göstərərək güclü döyüb və oturacaqla başına ağır zərbə yetirib. Əgər vaxtında adamlar içəri girməsəydilər ağır cinayət hadisəsi ilə nəticələnə bilərdi. Nəticədə iradəsiz direktor ona tabe olub. Hər gün baş usta tərıfindən keçirilən səhər iclaslarında Şahin Bəylərov təlim ustaları xuliqan və nalayiq sözlərlə təhqir edir...” Necə deyərlər burada artıq şərhə də heç bir ehtiyac qalmır. Buna görə də materialın sonluğunu da məktub müəlliflərinin sözləri ilə başa vururuq: “Hörmətli Mikayıl müəllim! Biz dəfələrlə Sizin adınıza şikayət məktubları ilə müraciət etmişik. Amma məktublar hamısı dolayı yollarla Sizdən yan keçmiş, şikayət olunan insanlar rüşvət yolu ilə məktubu geri götürərək əlinizə keçməsinə imkan verməmişlər. Buna görə də bu dəfə Sizə mətbu orqanı vasitəsilə müraciət etmək qərarına gəlmişik. Sizdən artıq dərəcədə xahiş edirik ki, liseyimizdə qayda-qanunun bərpa olunması üçün təcili ölçü götürəsiniz. 12 saylı Bakı Peşə Liseyin kollektivi.” Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |