Əsas Səhifə > Hadisə, Manşet > Zakir Həsənov nazir postuna Qarabağ cəbhəsində dəyişiklik üçün gətirilib

Zakir Həsənov nazir postuna Qarabağ cəbhəsində dəyişiklik üçün gətirilib


3-02-2014, 13:37
Zakir Həsənov nazir postuna Qarabağ cəbhəsində dəyişiklik üçün gətirilib
DİA.AZ: - Son günlər cəbhə xəttindəki gərginlik bir çox dairələrin müzakirə predmetinə çevrilib. Bildirək ki, bu hadisələri az qala düşmən Ermənistanın mövqeyində dayanıb qiymətləndirənlər də var. Məsələn, bəzi dairələr iddia edir ki, Zakir Həsənov nazir təyin edildikdən sonra cəbhə xəttində məqsədli olaraq gərginlik yaradır ki, bununla da özünün həm «kabinet generalı» olmadığını sübutlasın, həm də nazirlik daxilində həyata keçirdiyi dəyişikliklərdən nəzərləri yayındırsın.

Hər halda, əslində kifayət qədər ciddi olan bir hadisənin - Qarabağda hərbi əməliyyatların bərpası kimi qəbul edilə biləcək bir prosesin bu şəkildə qiymətləndirilməsi gülüncdür. Ona görə gülüncdür ki, Zakir Həsənova kimsə belə bir mühüm məqamla bağlı özfəaliyyət şansı tanımaz. Yəni bu artıq Azərbaycan dövlətinin siyasəti olduğundan belə hallarda kiməsə arzuları ilə hərəkət imkanı verilmir. Qarabağ müharibəsi heç də Müdafiə Nazirliyinin balansında olan bir hadisə deyil…

DİA.AZ-ın əldə etdiyi məlumatlar isə tamam fərqli bir mənzərəni canlandırır. Hərbi qaynaqlardan redaksiyamıza daxil olan informasiyada deyilir ki, Qarabağ cəbhəsindəki hərəkətlənmələr sırf olaraq Azərbaycan dövlətinin siyasətidir. Xatırladaq ki, buna qədər də bu qəbildən olan ciddi faktları diqqətinizə çatdırmışdıq.

Bilgili mənbənin sözlərinə görə, Azərbaycan tərəfi artıq diplomatik müstəvidə bütün danışıqların yekun nöqtəsinə gəldiyi qənaətindədir: «Yəni danışıqların uzanması şəraitində Azərbaycan heç nə qazanmadığını dəfələrlə beynəlxalq təşkilatların nəzərlərinə çatdırıb. Yəni bildirilib ki, rəsmi Bakını belə status-kvo qane etmir. Bu hal yeganə olaraq Ermənistanın maraqlarındadır. Çünki əgər heç nə dəyişmirsə, bundan yalnız Ermənistan razı qala bilər. Azərbaycanın isə artıq bundan sonra danışıqlara nə enerji, nə vaxt, nə də maliyyə ayırmağa marağı yoxdur».

Xatırladaq ki, buna qədər Ermənistan bir dəfə belə bir açıqlama ilə çıxış etmişdi. Həmin ərəfədə düşmən tərəfin diplomatik müstəvidə də mövqeləri kifayət qədər möhkəm idi. Və buna söykənən rəsmi İrəvan hətta Qarabağ danışıqlarının aparılması üçün xarici işlər nazirlərinin, prezidentlərin görüşünə pul ayıra bilməyəcəklərini bildirirdilər. Bununla onlar əslində güclü mövqedə olmalarından sui-istifadə edirdilər.

Məlumatlı mənbə bildirir ki, amma Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi pulun olmadığına görə yox, məhz danışıqların səmərəsizliyi səbəbindən beynəlxalq təşkilatların təşkil etdiyi danışıqlar prosesində iştirakda maraqlı olmadığını, səfərlərə qatılmayacağını net şəkildə ifadə edib: «Artıq bu barədə rəsmi Bakı mövqeyini bildirib. Elə buna görə də cəbhə xəttindəki gərginlik beynəlxalq təşkilatlar, habelə araçılıq edən dövlətlər tərəfindən çox sərt formada qiymətləndirildi və Azərbaycana az qala açıq şəkildə bildirildi ki, SİZ MÜHARİBƏ EDƏ BİLMƏZSİNİZ. Əslində Azərbaycana belə bir qadağa çoxdan var. Hətta bu barədə Avropa Şurası açıq mətnlə qərar da qəbul edib. Yəni Azərbaycan bu formada illərdir təhdid olunur. Amma rəsmi Bakı da bu tələbləri qəbul etdiyini bildirir və eyni zamanda tələb də edir ki, müharibə etmiriksə, çıxış yolu göstərin. Çıxış yolu kimi təqdim olunan danışıqlar isə artıq səmərəsiz bir prosesə çevrilib».

Mənbə iddia edir ki, bu gün cəbhə xəttindəki hərəkətlənmə Zakir Həsənovun gəlişi ilə bağlı deyil: «Zakir Həsənov bu hərəkətlənmə üçün vəzifəyə gətirilib. Belə bir prosesi Səfər Əbiyevlə yürütmək qeyri-mümkün idi».

Geri qayıt