Əsas Səhifə > Hadisə, Güney Press > Ailə başçısı: "İçəri girəndə dəhşətə gəldim"

Ailə başçısı: "İçəri girəndə dəhşətə gəldim"


17-01-2014, 12:19
Ailə başçısı: "İçəri girəndə dəhşətə gəldim"
İllər boyu alın təri ilə qazandığı var-dövləti bir anda göyə sovrulan məcburi köçkün düşmənini axtarır.
Ötən ilin sonunda Abşeron rayonunda hər iki övladının evi qarət olunan Füzuli rayonundan məcburi köçkün olan Ərəm Əliyev Milli.Az-a üzləşdiyi kriminal barədə yazıb:

“Hər iki oğlumun evi Hökməli dairəsi yaxınlığında, Mexkalon qəsəbəsi ərazisində bir həyətdə yerləşir. Dekabrın 25-də saat 15 radələrində evə qayıdıb açarı salıb qapını açmaq istədim. Lakin qapı açılmadı. Qapının arxasına dəmir ling dayaq kimi qoyulmuşdu. Qapını bir təhər açaraq içəri girəndə isə dəhşətə gəldim. Dərhal işin nə yerdə olduğunu anladım. Demək, kimsə bizi izləyib öz planını həyata keçirib. Evin altını-üstünə çevirmişdilər, olan-qalan hər şeyi aparmışdılar”.

Ə.Əliyev qeyd edir ki, oğrular niyyətini həyata keçirmək üçün evdə heç kimin olmamasına əmin olublar: “Həmin gün saat 14 radələrində gəlinim qapını bağlayaraq evdən çıxıb. Ondan təxminən 1 saat sonra özüm evə gəlmişəm və artıq gec idi. Həyətə giriblər, dəmir linglə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq içəri giriblər. Oğlum Turalın evindən təxminən 20.000 min manatlıq qızıl və 1.000 manat pul aparıblar. Daha sonra həmin həyətdəki digər oğlum İlkinin evinə eyni üsulla giriblər. Həmin evdən də 8.000 manatlıq qızıl aparıblar. Evdə uşaqlar üçün şüşə qabda pul yığılan kassanı sındıraraq oradakı pulları da götürüblər. Lakin sındıran zaman əllərini də doğrayıblar. Evdə xeyli qan axmışdı”.

Şikayətçi vurğulayır ki, hadisədən sonra Abşeron rayon Polis Şöbəsinin əməkdaşları gəlib lazımi izlər götürsə də, o vaxtdan bəri heç kim tutulmayıb.

Abşeron rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, həmin faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Ötən gün Moskva univermağında Ə.Əliyevin evindən oğurlanan qızıla bənzəyən mal şübhə yaratmışdı. Lakin zərərçəkmiş həmin mala baxandan sonra ona məxsus olmadığı ortaya çıxdı. Binəqədi və Xətai rayonlarında mənzil oğurluğu ilə bağlı tutulmuş dəstə ətrafında da istintaq hərəkətləri aparıldı və onların bu işdə əli olmadığı məlum oldu.

“Həttə zərərçəkmiş vətəndaşın evindən oğurluq edilməsi yadından çıxar, amma polisin yadından çıxmaz. Çünki bu iş bağlı olaraq gedir və açılması istiqamətində bütün zəruri tədbirlər görülür”, - şöbədən deyildi.

Geri qayıt