Əsas Səhifə > Hadisə, Manşet > Sahibkarlar tenderlərdəki vəziyyətdən narazıdırlar

Sahibkarlar tenderlərdəki vəziyyətdən narazıdırlar


3-03-2021, 09:01
Sahibkarlar tenderlərdəki vəziyyətdən narazıdırlar
Azərbaycan sahibkarları dövlət satınalmaları, yəni dövlət təşkilatlarının keçirdiyi tender, kotirovka sorğuları və başqa satınalma üsulları zamanı yaradılan süni əngəllərdən narazılıqlarını bildirirlər.

FED.az xəbər verir ki, yerli biznes öz narazılıq, şikayət və təkliflərini müvafiq dövlət qurumlarına ünvanlayıb.

İş adamlarının təkliflərini dövlət qurumlarına Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) çatdırıb.
Qurumun ASK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamə Xanlarqızı FED.az-a bildirib ki, ASK-nin tərkibindəki komissiyaların iştirakı ilə sahibkarlar arasında tenderlərdəki vəziyyət və onların dövlət satınalmalarında üzləşdiyi problemlərlə bağlı sorğu keçirilib. Eləcə də iş adamlarından onların tenderlərdə aktiv iştirak etməsi üçün hansı addımların atılması ilə bağlı təkliflər alınıb.

Bu təkliflər ilk olaraq ASK-da komissiyanın daxilində müzakirə edilib, daha sonra Antiinhisar Xidmiəti ilə müzakirə edilib: «Həmin təkliflərlə çıxış edən və problemləri qaldıran sahibkarlar birbaşa dövlət qurumu ilə əlaqə yaradıb fikirlərini dedilər və bununla bağlı dövlət qurumunun mövqeyin öyürəndilər».

Beləliklə, sahibkarlar aşağıdakı problemlərdən narazıdırlar:

Kotirovka sorğusunda cəmi 1 günlük vaxt verilir

Şikayətlərin bir qismi kotirovka sorğularında təklif vermə müddətinin olduqca qısa müəyyən edilməsi ilə bağlıdır. Sahibkarlar bildirir ki, bəzən elə kotirovka sorğuları olur ki, həftənin şənbə günü elan edilir, 1-ci gün isə başa çatır. Bu halda sahibkarın burada qoyulan şərtlər sənədlər toplusu ilə tanış olub təkliflər hazırlaması mümkün deyil. Yeri gəlmişkən, Antiinhisar Xidməti bu iradla razılaşıb və elan edib ki, bununla əlaqədar olaraq qanunda əlavə və düzəlişlər ediləcək.

Sahibkarların digər narazılığı – tenderə qatılmaq üçün tələb olunan bəzi sənədlərin kağız formasında tələb edilməsidir. Məsələn, qaydalara görə, tenderə qatılan sahibkarlar Ədliyyə Nazirliyindən məhkumluğun olub-olmaması barədə arayış gətirməlidirlər, bu arayış isə 1 ay müddətində verilir: «Təsəvvür edin, kotirovka müddəti 3-5 gündür, amma buraya qatılmaq üçün məhkumluğuq arayışını 1 aya almaq lazımdır. Halbuki bu məlumatı dövlət elektron sistemlərindən əldə etmək olar».

Sahibkarlar təklif edirlər ki, elektron dövlət xidmətləri var, və belə məlumatlar həmin sistemlərdən əldə olunmalıdır. «Elektron Hökumət varsa nə üçün sahibkar onu kağız daşıyıcılarda dövlət qurumlarında bir-bir imzalatdjırıb gətirməlidir?! Dövlət qurumları bu məlumatı bir-birlərindən ala bilməlidirlər».

Eyni səbəbdən digər narazılıq tenderlərə qatylan iş adamlarının vergi və DSMF borcu haqqında arayışın istənilməsidir.

Sahibkarlar hesab edir ki, bu əslində sistemlərin inteqrasiyası vasitəsil həll edilə bilər.

Digər narızılıq ləğə edilən tenderlərlə bağlıdır. Qeyd edək ki, hazırda mövcud olan qaydalara görə, sahibkarlar tenderə qatılarkən iştirak haqqı ödəyirlər və tender yarımçıq ləğv ediləndə bu pul geri qaytarılmır. Həmin tender yenidən elan ediləndə həmin sahibkar tender üçün yenidən iştirak haqqı ödəməlidir. İş adamları təbii ki, bu qaydadan narazı qalıblar və bu qaydanın dəyişdirilməsini istəyirlər, ola bilər bu qayda dəyişdirilsin.

İş adamlarının kotirovka sorğuları ilə növbəti narazılığı elanların mətninin ümumi olmasından yəni, burada zəruri detalların göstərilməməsi ilə bağlıdır. «Bu tip sorğularda detallar göstərilmir, çox bəsit qoyulur, nəticədə sahibkar hesablaya bilmir ki, ondan nə tələb olunur. Məsələn, sorğu çap məhsulu ilə bağlıdırsa, burada vərəqin qalınlığına kimi göstərilməlidir, amma göstərilmir».

İş adamlarının haqlı narazılıqlarından biri odur ki, dövlətin payı 30% və daha artıq olan müəssisələrin bəzilərinin elanları dövlət satınalma platformalarında yerləşdirilmir.

Nəhayət, iş adamları tender zərflərinin açılması prosesinin daha şəffaf olmasını istəyirlər. Sahibkarlar istəyirlər ki, tender zərflərinin açılması prosesində hətta onlayn da olsa iştirak edə bilsinlər. Antiinhisar Xidmətində keçirilən görüşdə dövlət qurumu sahibkarlara təklif edib ki, onlar dövlət satınalması həyata keçirən təşkilatdan zərflərin onlayn açılmasını tələb etsinlər.

Ümumi narazılıqlar qısa şəkildə belədir:

- Kotirovka sorğusunun şərtləri haqqında məlumatlar elan platformasınrda yerləşdirilmir.

- Kotirovka sorğusunda təklif verilməsi vaxtı qısa qoyulur.

- Tenderlər üzrə iştirak platformasında vergi və DSMF borcu haqqında məlumatların istənilməsi – bu əslində sistemlərin inteqrasiyası vasitəsilə həll edilə bilər.

- Kotirovka sorğusunda hüquqi sənədlərin - məsələn, məhkumluq haqqında arayışların - kağız daşıyıcılarda istənilməsi

- İş həcminin texniki detallarının qeyd edilməməsi

- Bank arayışlarının istənilməsi

- Tenderlərdə iştirak haqqının yuxarı olması

- Elan olunan tender ləğv olunduqda sahibkarın yenidən eyni elanda iştirakı üçün ödəniş etməsi

- Dövlətin payı 30% və daha çox olan müəssisələrin bəzilərinin elanlarının platformada yerləşdirilməməsi.

Geri qayıt